Şrift:
RUHUNA AŞİQƏM, QADIN!
03.12.2018 [09:18] - Gündəm, DAVAMın yazıları
Özümüz kasıb olsaq da, zəngin xəyallarımız var...dı...

(şeir-esse-hekayə)

Bir soyuq qış günü...
Məni isidən yalnız səni düşünmək,
Bir də borca aldığım odunun yanan közüdür...
Arzumuzun özüdür həsrətimiz,
Eşqimiz, məhəbbətimiz bax bu qədər sadədir,
Amma özəl duyğular
Və bütün istəklərimiz
Nə səndən uzaq, nə də
Səndən ötədir...

İşıq saçır sevgimiz
Təki yanan şam.
Mən səninlə hər səhər, axşam
Sanki nahar edirəm
Xəyal süfrəsində, bil,
Maaşımın hər qəpiyitək
Əzizsən mənə və qorxuram,
Bilməm nədən,
Bəlkə sənsizlikdən?!
Yox, azacıq məvacibimin bitməyi kimi
Sənlə olan sevgimiz də bitər birdən,
Gedər uzağa, gedər məndən...

Bəlkə bu gün sənə istədiyin nəisə,
Arzuladığın əşyanı,
Dilədiyin bircə paltarı
Almağa gücüm çatmaz,
Amma unutma ki,
Bütün qışı, soyuğu
Səni isidəcək, elə ikimizi də
Şaxtadan qoruyacaq
Dağ başında, dərədə
Bir şirin daxmamız var...

Gəl,
Əl-ələ verək, yaşayaq bu daxmada,
Bəli ışığımız olmasa da,
Balaca bir şamımız,
Baş üstündə damımız,
Bir də gözəl süfrəmiz var,
Üstündə duz-çörək və də sevgimiz...

Düzdür, bir az çətindir
Cırıldayan və bir qədər paslanmış
Yataqda yatmaq.
Bəli, böyük əziyyətdir
Qara, nəmə, palçığa dözmək,
Amma ruhumuz var,
Şükür Tanrıya,
Bir qədər azuqəmiz,
Meşoxda kartof, soğan.
Lakin elə bu deyilmi,
Əsl sevgi sınağı?!
Yaradandan gizli yox,
Səndən nə gizlədim mən,
Aylığım bir az una,
Bir parça şokolada
Və bir az südə çatar ancaq...

Sənlə elə şirindir
Özəl xəyallarımız,
Bir daxmada olsaq da,
Gözəl arzularımız var...dı...
Bəli, vardı, çünki
Lənətə gəlsin hər şey,
Sən sətəlcəm olanda
Çatmadı pul dərmana,
Nə də həkimə,
Pulsuz heç nə etməyən o zalıma...

İndi məzar başında ağlamaqla doyuram,
Sanki şirin su kimi, sanki bulaqdır mənə
Səni düşünüb qəmlənmək,
Amma yenə
Qayıdıram daxmaya, əlimdə ucuz şərab
Və də zavod çörəyi,
Gecə soyuqdan dona-dona
Qucuram sən qoxan
Nimdaş balıncı və pıçıldayıram içimdə:
“Ruhuna aşiqəm, qadın,
Sanki getməmisən sən,
Çünki xəbərin yoxdur,
Getdiyini sanaraq,
Bu evdən qıraq,
Elə bu evdə qalmısan,
Hopub nəm tək, soyuq tək
Artıq mən olmusan sən...”

Elşən İsmayıl:
Kasıb olanda nə olar ki, sevməyək?!

Bu xəbər oxucular tərəfindən 184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed