Şrift:
Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələrdə əlaqələrin perspektivləri müzakirə edilib
04.12.2018 [10:24] - Türk dünyası-Turan
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulovla görüşüb.

Diplomat Azamat Jamankulovu təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzu edib. Səfir əmin olduğunu bildirib ki, Azamat Jamankulov bundan sonra da əlaqələrimizin inkişafı istiqamətində səylərini davam etdirəcək. Diplomat qeyd edib ki, Azərbaycan ilə Qırğızıstan arasında son illərdə bütün istiqamətlərdə, xüsusilə mədəniyyət sahəsində əməkdaşlıq uğurla inkişaf edir. Həm Bişkekdə, həm də Bakıda bir sıra mühüm mədəni tədbirlər keçirilib.

Səfirliyin nazirliklə hər zaman sıx əməkdaşlıq etdiyini məmnunluqla bildirən nazir əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb. O, Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr” festivalında Azərbaycanın Akademik Milli Dram Teatrının iştirakını təmin etdiyi üçün ölkəmizin Mədəniyyət Nazirliyinə və səfirliyə təşəkkürünü bildirib. O, azərbaycanlı aktyorların ifasında təqdim olunan "Manqurt" tamaşası ilə bağlı yüksək fikirlər söyləyib, tamaşanın quruluşu və aktyor oyununu müsbət qiymətləndirib, ölkəmizin bu ilin sentyabrında keçirilmiş Dünya Köçəri Oyunlarında böyük nümayəndə heyəti ilə iştirakını və çoxsaylı medallar qazandığını məmnunluqla vurğulayıb.

Hidayət Orucov ümidvar olduğunu bildirib ki, səfirlik Qırğızıstanda Azərbaycanla bağlı təşkil ediləcək mədəniyyət tədbirlərinin hazırlanmasında bundan sonra da nazirlik ilə sıx əməkdaşlıq edəcək. O, Prezident İlham Əliyevin 2019-cu ildə Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı Sərəncam imzaladığını bildirib. Bununla bağlı Qırğızıstanda da xüsusi tədbirin keçirilməsinin mümkünlüyü diqqətə çatdırıb. Gələn il də Bakıda və Bişkekdə keçirilməsi nəzərdə tutulan digər mədəniyyət tədbirləri barədə təkliflərini söyləyib, qardaş ölkə ilə həmişə əməkdaşlıq etməyə hazır olduğunu bildirib

Görüşdə ölkələrimiz arasında mədəniyyət, informasiya və turizm sahələrində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed