Şrift:
Brüsseldə anti-Azərbaycan koalisiyası yarandı
24.07.2012 [14:27] - Xəbərlər, Siyasət
Pərviz Elay
“Millətçilik” qəzeti

Ötən həftənin sonunda Brüsseldə mühacirətdəki İran müxalifətçilərinin görüşü keçirilmişdir. Görüşdə PJAK, bazaları İraqda yerləşmiş Xalq Mücahidləri, fars demokratları, solçu qruplar və erməni sosialistləri iştirak etmişlər.


Əldə etdiyimiz məlumata görə, İrandakı indiki rejimə müxalifət olan fars demokratları, radikal islamçı qruplar, Xalq Mücahidləri, solçular və ermənilər ümumən belə bir razılığa gəlmişlər ki, rəsmi Tehranda hakimiyyət dəyişikliyi zamanı İranın gələcək quruluşu demokratik və mülayim federativ yöndə olsun.
Yeganə olaraq bu görüşdə PJAK-çılarla müəyyən məsələlərdə narazılıqlar üzə çarpıb. PJAK-çılar gələcək İranda Təbrizdən Türkiyə sərhəddinə qədər olan ərazilərin “Kürd Muxtariyyəti” elan edilməsini tələb ediblər. Nifaqı dərinləşdirməmək üçün fars millətçiləri ilə Xalq Mücahidləri qrupları PJAK-çılarla şifahi razılığa gəlmiş və sonda ümumi bəyannamə qəbul edilmişdir.
Bəyannaməyə görə, İranda hakimiyyət dəyişikliyi istiqamətində iştirakçı qüvvələr fəaliyyətlərini koordinasiya etməlidirlər. İranda yaşayan kürdlərə ayrıca federal muxtariyyətin verilməsi xüsusi bəndlə göstərilmişdir. Bununla yanaşı, bəyannamədə Qərbin dəstəyi ilə qurulacaq yeni İran üçün ən böyük təhlükələr sırasında Azərbaycan və Türkiyədən gələn “separatçı pantürkizm” qeyd edilmişdir.
Qeyd edək ki, görüşdə iştirak edən İran milli demokratları tərəfindən Möhsin Sazqara və PJAK lideri Abdullah Möhtədi aşkar olaraq anti-Azərbaycan və anti-türk mövqeyində duran biriləridirlər. Görüşün pərdəarxası təşkilatçısı və təşəbbüsçüsü ABŞ və Avropa siyasi mərkəzləri ilə sıx bağlı olan, mühacirətdə yaşayan keçmiş fars şahının oğlu Rza Pəhləvidir.
Bir məsələni də qeyd edək ki, sıralarında bəzi “azərbaycanlıların” da olduğu sosialist, solçu qruplar və Xalq Mücahidləri qruplaşması əvvəllər Güney Azərbaycan Hərəkatına loyal münasibət göstərsələr də, son dövrlərdə Rza Pəhləvinin maliyyə dəstəyindən bütünlüklə asılılığa düşmüşlər.
Brüssel görüşünü şərh edərkən qeyd etməliyik ki, fars şovinistlərinin və PJAK-çıların Güney Azərbaycan əleyhinə vahid bloku formalaşmaqdadır. Görünən budur ki, onların bu layihəsi Qərb strateji mərkəzləri tərəfindən dəstəklənir.
İkinci bir qənaət ortaya çıxır ki, rəsmi Bakı Güney Azərbaycan probleminə və mühacirətdəki Güney Azərbaycan mərkəzlərinə yetərincə diqqət ayırmaq məcburiyyətindədir.
Bu xəbər oxucular tərəfindən 1565 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed