Şrift:
“Gələn inin büdcəsində sosial yönlü xərclər böyük çəkiyə malikdir” - Samir Şərifov
05.12.2018 [10:20] - İqtisadiyyat
“2019-cu ilin dövlət büdcəsində sosial yönlü xərclər böyük çəkiyə malikdir. Sosial yönlü tədbirləri də bura əlavə etsək bütövlükdə 7,5 mlrd. manatlıq xərclərdən söhbət gedir. Bu kifayət qədər böyük rəqəmdir”. Bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, 2019-cu ildə pensiyaların indeksləşdirilməsi gözlənilir:

“Xatırladım ki, bu ilin mart-aprel aylarında dövlət büdcəsində çalışanların əməkhaqqıları artırılıb, eyni zamanda bütün sosial ödənişlər-təqaüdlər üçün cari il ərzində böyük vəsaitlər ayrılıb. Onu əlavə edim ki, 2019-cu ilin büdcəsində bu xərcləri davam etdirmək üçün 600 mln. manatadək əlavə vəsaiti təmin etməliyik. Burada o cümlədən pensiyaların indeksləşdirilməsi məsələsi durur. Sosial yönlü xərclərin tərkibinə baxsaq səhiyyə xərclərinin 42,4%, təhsil xərcləri 11,8%, sosial təminat xərcləri 12,4% artaraq 2,4 mlrd. manata yaxınlaşıb”.

Nazir qeyd edib ki, növbəti ilin büdcəsində investisiya xərclərinin çox hissəsi sosial yönlü investisiya xərcləridir:

“Biz büdcə müzakirələrində etiraf etdik ki, ödənişli oxuyan tələbələrin sayı, dövlət sifarişi ilə təhsil alan tələbələrin sayından çoxdur. İndi biz bu natarazlığı aradan qaldırmalıyıq və qaldıracağıq. Ölkə başçısının xüsusi göstərişi var və artıq gələn ildən dövlət sifarişi ilə oxuyan tələbələrin sayını 20% artıracağıq. Hesab edirəm ki, bu mümkündür və növbəti ildən də bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Burada zərif balansın saxlanmasına ehtiyac var. Bir tərəfdən biz çalışmalıyıq ki, dövlət sifarişli proqramlar olsun, digər tərəfdən də elə etməliyik ki, ödənişli təhsildə də müəyyən proseslər baş versin. Çünki özəl müəssisələr var. Xüsusən də universitetlər. Bir sözlə rəqabət balansı pozulmasın”.

S.Şərifov 2019-cu ilin dövlət büdcəsində sosial ipotekaya 162 mln. manat əlavə vəsaitin nəzərdə tutulduğunu qeyd edib: “Bildiyiniz kimi kənd təsərrüfatı sahəsi vergidən azaddır. Növbəti ildən də bu güzəştlər daha 5 il artırılacaq. Həmçinin fermerlərə verilən subsidiyalar isə 50% artırılıb”.
Bu xəbər oxucular tərəfindən 16 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed