Şrift:
Öskürək zamanı ilk növbədə onu törədən səbəbləri aradan qaldırmaq lazımdır
06.12.2018 [11:41] - Sağlıq
Öskürək tənəffüs orqanları xəstəliklərinin əlamətlərindən biridir. Onun yaranması tənəffüs yollarının və ağciyər toxumasının selikli qişalarının iltihabı nəticəsində, həmçinin tənəffüs yollarına toz, qaz, tütün tüstüsü, maye və s. düşməsi ilə əlaqədar olur. Öskürək allergik mənşəli də ola bilər. Bəzən həyəcan keçirəndə və emosional gərginliklə üzləşəndə də öskürək baş verir.

Bu barədə müsahibəsində Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova məlumat verərkən deyib: “Bəlğəmin gəlib-gəlməməsindən asılı olaraq öskürək nəmli və quru olur. Nəmli öskürəkdə bəlğəm ayrılır. Bu problemə bronxit, ağciyərin iltihabı və vərəm zamanı təsadüf edilir. Quru öskürək tənəffüs yolları xəstəlikləri, bronxların yad cisimlə qıcıqlanması nəticəsində və iltihabi xəstəliklərin başlanğıc mərhələsində meydana çıxır.

Öskürəyi aradan qaldırmaq və yüngülləşdirmək üçün öncə onu törədən əsas səbəbi müəyyən etmək və ona təsir göstərmək lazımdır. Nəmli öskürəyi adətən qatı bəlğəmi durulaşdıran və orqanizmdən xaric edən bəlğəmgətiricilər yüngülləşdirir”.

Həkim-pediatr bildirib: “Hər bir əlamət, o cümlədən öskürək orqanizmin müdafiə reaksiyasıdır. Selikli qişaya virus düşəndə orqanizmin əsas reaksiyası onu ordan uzaqlaşdırmaqdır. Məhz buna görə kəskin respirator virus infeksiyasına yoluxan xəstə asqırır, boğazı qıcıqlanır və öskürür. Belə olan halda öskürək əleyhinə dərmanlarla yox, xəstə orqanizmdən virusun çıxmasına səbəb olan vasitələrlə kömək etmək lazımdır. Məsələn, çoxlu maye içmək və tərlədici vasitələrdən istifadə etmək məsləhətdir.

Xəstəliyin başlanğıcında öskürək əleyhinə qəbul olunan dərmanlar onun gedişatını süni olaraq uzadır. Orqanizm ona daxil olan virusu selikli qişadan qovmaq istəyəndə isə ona kömək etmək lazımdır. Əgər öskürək əzabvericidirsə, onu yumşaldan vasitələr tətbiq edilməlidir. İki yaşına qədər uşaqda bəlğəmli öskürək olduqda bəlğəmgətirici preparatlar vermək qəti qadağandır. Belə ki, uşaq bəlğəmi xaric edə bilmədiyinə görə tənəffüs yolları bağlana bilər. Öskürəyi yüngülləşdirmək üçün həkimin təyinatı əsasında xardal kağızları, tibbi bankalar, sinəyə isti islatmalar və ayaqlara isti vanna tətbiq edilir”.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed