Şrift:
Səttar Bəhlulzadənin yaradıcılığı XX əsr Azərbaycan rəngkarlığında mənzərə janrının inkişafında mühüm rola malikdir
15.12.2018 [09:48] - Gündəm, Mədəniyyət
Dekabrın 14-də Masallı şəhərindəki “ASAN Həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan peyzaj rəngkarlığı” mövzusunda mühazirə keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənətin tarixi və nəzəriyyəsi” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.

Qeyd olunub ki, Azərbaycan təsviri sənətində mənzərə janrı qədim və zəngin bədii interpretasiya ənənələrinə malikdir. İlk peyzaj təsvirləri simvolik kontekstdə qədim dövrə aid edilir. Miniatür sənəti mövzunun inkişafında mühüm rol oynayan mərhələ hesab olunur. Orta əsr Azərbaycan miniatürlərində təbiət amilləri, şəhər, dəniz, dağ, səma mənzərələri fərqli bədii məktəblərə mənsub olan əsərlərdə öz əksini tapıb. Eyni zamanda, orta əsrlərdən başlayaraq mənzərə təsvirləri monumental rəngkarlıqda, divar rəsmlərində tətbiq edilib. Bariz nümunələr qismində Şəki Xan Sarayında, Qarabağ imarətlərində və XIX-XX əsr Bakı memarlığındakı fərqli üslublu peyzajlar qeyd oluna bilər.

Diqqətə çatdırılıb ki, Səttar Bəhlulzadənin yaradıcılığı XX əsr Azərbaycan rəngkarlığında mənzərə janrının inkişafında mühüm rola malikdir. XX əsrin 30-cu illərindən başlayaraq ölkənin bədii həyatında fəal iştirak edən rəssam yaradıcılığının ilkin mərhələlərində tarixi portretlər, aktual karikaturalar yaradıb. Bu dövrdə işlədiyi mənzərə etüdlərində rəssam realist meyilləri tətbiq edirdi. XX əsrin 50-ci illərinin sonundan başlayaraq onun əsərlərində lirik və fəlsəfi məqamlar güclənməyə başladı. O, milli irsimizin incilərini fərdi təəssüratları və duyğuları ilə sintez edərək tablolara köçürürdü.

Bildirilib ki, XX əsrin 70-ci illərinin əvvəllərində özünü başqa üslubda kəşf edən rəssam naturadan tam kənara çıxaraq rəngləri, işlədiyi predmeti möcüzəvi duyğulara çevirdi. 1960-1980-ci illərdə bu gün “Səttar dünyası” qismində tərif etdiyimiz və tanıdığımız nadir, fantastik Azərbaycan mənzərələri, ana təbiətimizin nağılvari görüntüləri dünya şöhrəti qazanaraq əbədiləşib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed