Şrift:
“26 Azər”- türkcə kitabların yandırıldığı günün ildönümü münasibəti ilə sərgi keçirilib
19.12.2018 [10:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Pəhləvi rejiminin Güney Azərbaycanda törətdiyi mədəni soyqırımın 72-ci ildönümü münasibəti ilə Təbrizin “Pəyam Nur” Universitetində sərgi keçirilib.

Sərgidə “26 Azər”- türkcə kitabların yandırıldığı gündə baş verən utancverici mənzərə nümayiş etdirilən materiallar vasitəsi ilə təsvir olunub.

Bazar ərtəsi günü keçirilən sərgidə “Pəyam Nur” Universitetinin “Azərbaycanın sivilizasiya və mədəniyyəti” nəşriyyəsi də öyrəncilərə çatdırılıb.

Nəşriyyənin özəl sayı “26 Azər, kitab yandırma faciəsi” adı ilə nəşr olunub. Bu sayıda “26 Azər, əzab, dirçəlmə və bir millətin ölümü”, “Mərhum Prof. Axundinin 1946-ci il cinayətlərindən xatirəsi”, “26 Azər, Azərbaycanın holokastı”, “26 Azər və xatirə dəftərinə baxış”, “Tarixdə kitab yandırma hadisələri nədən necəyə...” və s. başlığı ilə yazılar dərc olunub.

1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.
Milli hökumət qurulduqdan dəqiq bir il sonra xarici himayədarlarının köməyilə Pəhləvi rejiminin ordusu tərəfindən devrilib. Həmin vaxt onminlərlə soydaşımız öldürülüb, qaçqın olub və ya sürgünə göndərilib. Eyni zamanda fars şovinistləri bir il müddətində çap olunmuş Azərbaycan türkcəsindəki bütün kitabları şəhərlərin meydanlarında tonqal qalayaraq yandırıblar. 1946-cı il dekabrın 17-də (1325-ci il azərin 26-da) baş verən mədəni soyqırım “Yandırılmış Kitablar Günü” adı ilə xatırlanır, Güney Azərbaycanda bununla bağlı hər il müxtəlif tədbirlər həyata keçirilir.

“26 Azər”- türkcə kitabların yandırıldığı günün ildönümü münasibəti ilə sərgi keçirilib

“26 Azər”- türkcə kitabların yandırıldığı günün ildönümü münasibəti ilə sərgi keçirilib
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed