Şrift:
Yaponiya Nazirlər Kabineti 2019-cu maliyyə ili üçün büdcə planını bəyənib
22.12.2018 [10:17] - Gündəm, Sosial
Yaponiya Nazirlər Kabineti gələn ilin aprelində başlayacaq 2019-cu maliyyə ili üçün rekord məbləğdə dövlət büdcəsi planını bəyənib.

NHK telekanalı xəbər verir ki, növbəti maliyyə ili üçün dövlət büdcəsi 101 trilyon yendən çox məbləğdə bəyənilib ki, bu da təqribən 900 milyard dollara bərabərdir. Onun artmasının əsas səbəbi kimi, gələn ilin oktyabrında istehlak vergisinin qaldırılması göstərilir.

Büdcənin rekord məbləğdə hissəsinin - 300 milyard dollardan artıq vəsaitin sosial xərclərə yönəldiləcəyi bildirilir. Həmin məbləğin artması bir tərəfdən yapon cəmiyyətinin yaşlaşması ilə izah edilsə də, digər tərəfdən onun müəyyən hissəsi ödənişsiz məktəbəqədər təhsilə sərf ediləcək.

Müdafiə xərclərinin də rekord məbləğdə artaraq 47 milyard dollar təşkil edəcəyi qeyd edilir. Həmin məbləğə “Aegis Ashore” raketdən müdafiə sistemlərinin alınması da daxildir.

Növbəti maliyyə ilində vergilərin xəzinəyə rekord məbləğdə - 560 milyard dollar gətirəcəyi gözlənilir. Bunda planda əvvəlcədən nəzərdə tutulan artım mühüm rol oynayacaq.

Yeni dövlət istiqrazlarının büdcənin təqribən üçdə birini - 290 milyard dollar gətirəcəyi bildirilir. Hökumət büdcə layihəsini yanvarın əvvəllərində parlamentə təqdim etməyi planlaşdırır.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 397 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed