Şrift:
Azərbaycanın dostu UNESCO QHT komitəsinin prezidenti seçilib
24.12.2018 [10:08] - Gündəm, Siyasət
Parisdə UNESCO ilə tərəfdaş qeyri-hökumət təşkilatlarının beynəlxalq konfransı keçirilib.

Konfransda Azərbaycanın dostu fransalı Mari Klaudi Machon-Honore UNESCO QHT komitəsinin yeni prezidenti seçilib. O bundan əvvəl "BPW International" təşkilatının UNESCO-da nümayəndəsi və UNESCO QHT Komitəsinin idarə heyətinin üzvü olub.

Seçki kampanyasında iştirak edən "Aşıq Şəmşir" Mədəniyyət Ocağının nümayəndəsi Fazil Qasımov AZƏRTAC-a bildirib ki, Mari Klaudinin UNESCO QHT Komitəsinin prezidenti seçilməsi Azərbaycan qeyri-hökumət təşkilatları üçün sevindirici xəbərdir. Çünki fransalı xanım UNESCO-da Azərbaycan QHT-lərinin mövqelərini gücləndirməyə çalışır.

"Mari Klaudi ilə 2014-cü ildə UNESCO-nun Bolqarıstanda keçirilən forumunda tanış olmuşam. Həmin vaxtdan etibarən əlaqələrimiz aralıqsız davam edib. Mari Klaudi "Aşıq Şəmşir" Mədəniyyət Ocağını UNESCO-da akkreditasiyadan keçirmək üçün müraciət etməyi təklif etmişdi. Biz 2016-cı ildə bu işi uğurla həyata keçirdik. Ötən forumların birində onu prezidentliyə namizədliyini irəli sürməsinə təşviq etdim və seçki kampanyasında ona maksimum dəstək göstərməyə çalışdım. Çox sevinirəm ki, dünyanın ən mötəbər QHT-lərini birləşdirən UNESCO komitəsinə Azərbaycanın dostu prezident seçildi. Hesab edirəm ki, Mari Klaudinin qələbəsi bizim qələbəmizdir. Qeyd edim ki, xanım Klaudi Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir".

Xatırladaq ki, UNESCO QHT komitəsi 2011-ci ildə qurumun Baş assambleyasında qəbul edilən "UNESCO-nun QHT-lərlə tərəfdaşlığına dair nizamnamə"yə əsasən yaradılıb. Komitənin idarə heyəti QHT-lərin iki ildən bir keçirilən beynəlxalq konfransında səsvermə ilə formalaşır. Seçkilərdə komitəyə üzv olan 254 QHT iştirak edir.
Bu xəbər oxucular tərəfindən 347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed