Şrift:
Axund Mahmud Haşimi Şahrudi öldü
25.12.2018 [10:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi axund Mahmud Haşimi Şahrudi vəfat edib.

Bildirilir ki, xərçəng xəstəliyindən əziyyət çəkən və iki gün əvvəldən koma vəziyyətinə düşən 70 yaşlı axund, dekabrın 24-ü axşam saatlarında Tehran xəstəxanalarının birində keçinib.

1948-ci ildə İraqın Nəcəf şəhərində doğulan və islam inqilabının qələbə çalmasından sonra İrana sığınan axund Şahrudi, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun keçmiş rəisi axund Haşimi Rəfsəncani 2017-ci il, yanvarın 8-də Tehranın Təcriş məntəqəsində müəmmalı şəkildə hovuzda boğulandan sonra qurumun sədri vəzifəsinə gətirilmişdi.

Axund Şahrudi, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun sədri seçilməzdən əvvəl, bir neçə dəfə Üləma Məclisinin üzvü kimi fəaliyyət göstərərək, müxtəlif vəzifələrdə çalışmışdı. O, həmçinin 1999-cü ildən 2009-cu ilə qədər 10 il müddətinə İran Məhkəmə Sisteminin sədri vəzifəsində çalışmışdı.

Qeyd olunur ki, axundun İran Məhkəmə Sisteminə başçılıq etdiyi həmin 10 il ərzində, onun minlərlə siyasi və adi məhbusa ölüm hökmlərinin çıxarılmasında birbaşa rolu olmuşdu.
Bu xəbər oxucular tərəfindən 408 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed