Şrift:
İran Mədəniyyət Nazirliyinin rəsmisi: “Ölkədə azad media orqanları çox azdır”
28.12.2018 [14:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Mədəniyyət Nazirliyinin Tədqiqatlar və Planlaşdırma şöbəsinin müdiri Həmidrza Ziyayipərvər ölkədə azad media orqanlarının çox az olduğunu bildirib.

26 dekabr tarixində “media və iqtisadiyyat” adlı tədbirdə çıxış edən Ziyayipərvər ölkədə azad media orqanlarının çox az olduğunu, bu sahədə lisenziya verilmiş KİV-lərin əksəriyyətinin müxtəlif dövlət qurumlarından maliyyələşərək, yalnız rəsmi xəbərlər verməyə məcbur qaldıqlarını deyib.

Onun sözlərinə görə, bu orqanlar ya bilavasitə, ya da dolayı yollarla dövlətdən maliyyələşdiyi üçün ölkədə demək olar ki, araşdırmaçı tədqiqat jurnalistikası mövcud deyil: “Mətbuatın işi həqiqətləri çatdırmaq və onlarla bağlı təhlillər aparmaqdır. Media bir tərəfə bağlı olmamalıdır, amma təəssüf ki, bu gün media və jurnalist sanki partiyaların alternativləri olublar”- deyə o, əlavə edib.

İranda sosial şəbəkələrlə bağlı vəziyyətə də toxunun Nazirlik rəsmisi artıq sosial şəbəkələri gözməzdən gəlmək dövrünün bitdiyini bildirib. O, dövlət tərəfindən “telegram” messenceri məhdudlaşdırılmasına rəğmən, hələ də əhalinin 40-45 milyonunun ondan istifadə etdiyini bildirərək, “telegram”ı “milli sosial şəbəkə” adlandırıb.

İranda “instagram” və “twitter” kimi sosial şəbəkələrdən də əhalinin əksər hissəsinin istifadə etdiyini vurğulayan Ziyayipərvər dövlətin bu şəbəkələri bloklamaq dövrünün başa çatdığını bildirib. Çünki ölkə əhalisi müxtəlif “VPN” proqramlarından istifadə edərək, bu sosial şəbəkələrə daxil ola bilir.

Ziyayipərvər “twitter”dən əsasən ölkənin siyasi elitasının və dini fiqurlarının istifadə etdiyini bildirib.

Qeyd edək ki, İran ölkədə bütün dünyada yayılmış sosial şəbəkələrin əksəriyyətinə girişi bloklayıb. Bu bloklama xüsusilə də Amerikanın İrana qarşı yenidən sanksiyalar qəbul etməsindən sonra rəsmi Tehranın iqtisadi vəziyyətinin ağırlaşması ilə daha da kəskinləşib. Ölkədə baş verən hər bir hadisə, etirazlar və digər hallar sosial şəbəkələr vasitəsi ilə sürətli yayıldığından, İran höküməti onları özünə qarşı “təhdid” hesab edir.
Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed