Şrift:
Çin əhalisi 2028-ci ildən başlayaraq azalacaq
05.01.2019 [10:49] - Gündəm, Sosial
Dünyada əhalinin sayına görə birinci olan Çində insanların sayı 2028-ci ildən başlayaraq azalacaq.

Bu barədə Çin Sosial Elmlər Akademiyasının Əhali və Əmək İqtisadiyyatı İnstitutunun hesabatında deyilir. Bildirilir ki, 2010-cu ildən başlayaraq Çində yaşı 65-dən yuxarı olan insanların sayı ildə 2,08 faiz artaraq 83,2 milyona çatıb. Paralel olaraq, yaşı 15-dən aşağı olanların sayı illik 2,25 faiz azalaraq 90,17 milyon nəfərə düşüb.

Hesabatda Çinin əhalisi sürətlə “qocalan” ölkəyə çevrildiyi bildirilir. Belə ki, Çində yaşı 65-dən yuxarı olanlar ümumi əhalinin 8,4 faizini təşkil edir. Bütün bu amillər 2028-ci ildən etibarən ölkə əhalisinin sayının artımına öz mənfi təsirini göstərməyə başlayacaq.

Hesabatda qeyd olunur ki, Çin növbəti illərdə əmək qabiliyyətli əhalinin sayının azalması problemi ilə də üz-üzə qalacaq. Belə ki, 2017-ci ildə ölkədə əmək qabiliyyətli (16-64 yaş arası) vətəndaşların sayı 5,78 milyon nəfər azalıb.

Qeyd edək ki, Çində əhalinin artımını təmin etmək üçün uzun illərdir tətbiq olunan “Hər ailəyə bir uşaq” siyasətinin 2016-cı ildə dayandırılması da istənilən nəticəni verməyib. Ötən il yeni doğulanların sayı 13 faizdən çox azalaraq 15 milyona düşüb. Mütəxəssislər yeni doğulanların sayının azalmasını bir neçə amillə, o cümlədən həyat şəraitinin və səhiyyə xidmətlərinin qiymətinin getdikcə bahalanması, gec yaşda reallaşan nikahlarla əlaqələndirirlər.

Şahin Cəfərov
Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed