Şrift:
Şaxta baba Quba və Qusarın ucqar dağ kəndlərində yaşayan uşaqlara Yeni il hədiyyəsi aparıb
05.01.2019 [11:02] - Gündəm, Sosial
Yeni il bayramında Şaxta baba Quba və Qusarın ucqar dağ kəndlərində yaşayan 915 uşağa hədiyyə aparıb.

Bu il hədiyyələrin paylanmasına 8 könüllü qoşulub. Dekabrın 23-dən səfərə çıxan Şaxta babalar (könüllülər) iki qrupa bölünərək, ayrı-ayrı marşrutlar üzrə hərəkət ediblər.

“Şaxta baba ucqar kəndlərdə” layihəsi çərçivəsində Bakıda toplanan hədiyyələr 9 gün ərzində 35 ucqar kəndin balaca sakinlərinə təqdim olunub.

Artıq dördüncü ildir həyata keçirilən layihə ucqar kəndlərə, yüksək dağlıq ərazilərə və Qafqazın zirvələrinə xüsusi turlar, ekstremal səfərlər təşkil edən “Camping Azerbaijan” ekoturizm təşkilatı tərəfindən reallaşdırılır. Hədiyyə paylanılan ucqar yaşayış məntəqələri arasında Qubanın çətin relyefi ilə seçilən Girdah, Rük, Qarxun, Adur, Xınalıq, Bostankeş, Qalaxudat, eləcə də Qusarın Ləzə, Sudur və başqa kəndləri var.

Şaxta babalar uşaqları sevindirmək üçün 120 kilometrdən çox dağlıq yolu piyada qət ediblər.

Layihənin müəlliflərindən olan Elvin Məmmədsoy AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aksiya çərçivəsində uşaqlara könüllülərdən toplanan 8 min manat dəyərində hədiyyələr paylanılıb. Nəqliyyat xərclərini isə layihəyə tərəfdaşlıq edən Azərbaycan Dövlət Turizm Agentliyi ödəyib.

Könüllülər dekabrın 31-də öz missiyalarını başa vuraraq Yeni ili Azərbaycanın ən ucqar yaşayış məntəqələrindən biri olan Qusarın Yergi Kek kəndində qarşılayıblar. Bu kənd dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşir.
Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed