Şrift:
Nadir Qazipur gələn ilin büdcə layihəsindən narahatdır: Bu vəziyyətdə Amerika və İŞİD-ə ehtiyac yoxdur – VİDEO
05.01.2019 [11:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur gələn il üçün nəzərdə tutulan büdcə layihəsi və əyalətləri gözləyən ağır iqtisadi duruma münasibət bildirib.

Gələn il (hicri-şəmsi təqvimi ilə 1398-ci il) üçün nəzərdə tutulan büdcə layihəsinə əsasən bütün əyalətlər qarşıdakı ildə cari ilin büdcəsinin təxminən üçdə biri ilə kifayətlənməlidir. Bundan əlavə İran pulunun dəyəri ötən illə müqayisədə təxminən 4 dəfə azalıb.

Nadir Qazipur yanvarın 3-də bu barədə yaydığı videoda önəmli açıqlama verib. O bildirib ki, hökumət tərəfindən hazırlanan büdcə layihəsi təsdiqlənərsə, o zaman Amerika Birləşmiş Ştatları və İŞİD-ə ehtiyac qalmayacaq!

“Layihədə qeyd olunub ki, hökumət işçilərinin 10 faizi ixtisar ediləcək. Təhsil Şöbələrinin 10 faizi tətil və bir sıra təhsil ocaqları birləşdiriləcək. Universitetlər ləğv olunacaq, bəziləri isə birləşdiriləcək. Təxminən 5 milyard dollar Rusiyadan kredit alınacaq. Hər şey üçün istiqrazlar çap olunacaq. Ölkəni bu vasitə ilə bərbad vəziyyətə salmaq istəyirlər”- deyə millət vəkili açıqlamasının bir hissəsində qeyd edib.

Nüvə fəaliyyəti ilə bağlı Amerika Birləşmiş Ştatlarının sanksiyaları ilə üzləşən İranda ağır iqtisadi vəziyyət hökm sürür. Gələn ilin büdcə layihəsində İranın hər gün 1 milyon 500 min barel neft satacağı proqnozlaşdırılıb, neftin bir barelinin qiyməti isə 54 dollardan götürülüb.

Cari ilin büdcəsi təxminən min 217 trilyon tümən olub. Bu, gələn il üçün nəzərdə tutulan büdcədən 3 dəfə çoxdur.

Layihədə hökumət vergi, özəlləşdirmə, neft və s. kimi mənbələrdən 478 min milyard tümən gəlir əldə edəcəyini proqnozlaşdırıb.

Bu xəbər oxucular tərəfindən 395 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed