Şrift:
Bərdədə hökmdar Nüşabənin heykəli qoyulur
27.07.2012 [15:38] - Sosial
Bərdə şəhərində hökmdar Nüşabənin heykəli qoyulur. İllərlə emalatxana küncündə toz basmış heykəl nəhayət ki, Bərdənin mərkəzində özünə yer edəcək.

Bu barədə həmin rayonun deputatı Zahid Oruc məlumat verib. Onun sözlərinə görə, heykəl iyulun 25-də Bərdəyə gətirilib və qoyulacağı yerdə hazırlıq işləri gedir: “Hökmdar Nüşabənin adı Bərdə ilə, onun tarixi ilə sıx bağlıdır. Çünki Bərdədə onun hökmdar kimi adı qalıb. O, Qarabağ bölgəsi üçün də xüsusi məna daşıyır.

Xeyli müddətdir ki, həmin heykəl hazırlanmışdı. Emalatxanda qapalı rejimdə saxlanmışdı. Bu, müəyyən vəzifə adamları üçün, bizlər üçün qınağa çevrilmişdi. Bununla bağlı rayon rəhbərliyi mənə müraciət etdi. Mən də dövlətin mühüm şəxslərindən birindən xahiş etdim və artıq Nüşabənin heykəli Bərdəyə gətirilib. Heykəl gözəl kompozisiya əsasında, böyük şairimiz Nizami Gəncəvinin yaratdığı əsərlərdən müəyyən elementlərlə bir fonda yaxın günlərdə qoyulacaq. Heykəl adına, ruhuna uyğun bir səviyyədə olacaq. Bu, kifayət qədər monumental bir əsərdir və xüsusi istedadla hazırlanıb”.
Z.Orucun sözlərinə görə, heykəl ötən əsrin 90-cı illərində hazırlansa da, nədənsə emalatxana küncündə qalıb: “Hökmdar Nüşabə Bərdə və Qarabağ bölgəsi üçün xüsusi məna daşıyır. Onun Azərbaycanın qədim dövlətinin hökmdarı olaraq Bərdənin həyatında rolu böyükdür. O, öz-özlüyündə bir mədəniyyət nümunəsi, mənəvi irs deyil, eyni zamanda mübarizə tarixidir”.
Qeyd edək ki, heykəlin müəllifi Məmmədxanlı İsaxan adlı şəxs olub və o, heykəli 1992-ci ildə hazırlayıb. “Heykəl kifayət qədər gözəl hazırlanıb, hədsiz dərəcədə Nüşabənin alicənablığını, hökmdarlığını, hakimiyyət mücəssəməsi olmasını özündə əks etdirir”,- deyə heykəli görən Z.Oruc vurğulayır.
Qeyd edək ki, Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında Nüşabə obrazı var. Şair mərd, iradəli, ağıllı və bacarıqlı Bərdə hökmdarı Nüşabə obrazını yaratmaqla yeni tipli dövlət başçısından, ədalətli quruluşdan söhbət açıb. Nüşabə XII əsrdə Bərdə hakimi olub.

R.RƏFİYEVA
Bu xəbər oxucular tərəfindən 1969 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed