Şrift:
Simnan ləhcəsi gələn ildən məktəblərdə tədris olunacaq
07.01.2019 [10:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
30 milyondan çox Azərbaycan türkü ana dilində təhsil hüququndan məhrum olduğu İranda Simnan ləhcəsinin bölgənin məktəblərində tədris olunacağı bildirilir.

“Mehr” xəbər agentliyinin yaydığı məlumata görə, Simnan Şəhər İcra Hakimiyyətinin başçısı Abbas Danayi Simnan ləhcəsinin tədrisi barədə qərar qəbul edildiyini bildirib.

“Bu dil canlandırılmalıdır. Ona görə ki, yerli mədəniyyət və adət-ənənəni qoruyub saxlamaq bizim vəzifələrimizdən biridir. Yerli dillərin tədrisi, onun öyrənilməsinin diqqətdən kənarda qalması həmin dil və ya ləhcənin məhv olması ilə nəticələnir. Bütün bunları nəzərə alaraq hesab eliyirəm ki, bu şəhərin mədəniyyət, dil, adət və ənənəsi dirçəlməlidir. Bunun üçün əhali ilə yanaşı müəllimlər, incəsənət xadimləri, mütəxəssislər və s. xüsusi fəallıq göstərməlidir”- deyə o bildirib.

A.Danayinin sözlərinə görə, Simnan ləhcəsinin məktəblərdə tədris olunması və “Simnan dilinin inkişafı” adına bir həftənin təyin edilməsi barədə rəsmi qərar qəbul olunub. Verilən qərarlar yaxın zamanda icra olunacaq.

Simnan Şəhər İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, Təhsil Şöbəsi gələn ildən Simnan məktəblərində yerli ləhcənin tədris olunması üçün hazırlıq işləri ilə məşğuldur.

Ölkənin digər bölgələri, o cümlədən Güney Azərbaycanda isə vəziyyət fərqlidir. 30 milyondan çox Azərbaycan türk ana dilində təhsil ala bilmir. Təhsil naziri Məhəmməd Bəthayi müəllimlərin türk dilində dərs keçməsini “təhlükəli” hesab edir və fars dilini hökumətin “qırmızı xətti” adlandırır.

N.S
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed