Şrift:
Ölkəmizdə epidemioloji vəziyyət müşahidə olunmur
10.01.2019 [10:31] - Gündəm, Sağlıq
Hazırda Azərbaycanda epidemioloji vəziyyət müşahidə olunmur.

Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, donuz qripi hava-damcı yolu ilə yayılan infeksiyadır və adi qriplə eyni simptomlara malikdir: “Lakin pandemik qripin simptomları adi qripdə olduğundan bir qədər ağırdır. Adi qrip zamanı bədən hərarəti 37-38 dərəcə arasında olursa, pandemik qripdə hərarət 38 dərəcədən daha yüksək olur. Adi qripdə hərarət bir neçə günə yüksəlirsə, pandemik qripdə qəflətən yüksəlir. Pandemik qripdə adi qripdə olmayan bir sıra əlamətlər - ürəkbulanma, qusma, əzələ, boğaz, baş, oynaq ağrıları, tənəffüs çətinlikləri, bir sıra hallarda diareya müşahidə edilir. Bundan başqa pandemik qrip iki-üç gün ərzində pnevmoniyaya və digər fəsadlaşmaya səbəb ola bilər”.

Afaq Əliyevanın dediyinə görə, hazırda narahatlıq üçün ciddi əsas yoxdur. Oktyabrın ortalarından bəri kəskin respirator xəstəliklərə qarşı 286 xəstədən analizlər götürülüb və onlardan yalnız birində mövsümi qrip virusu aşkar edilib.

Direktor müavini qripə bənzər və ya kəskin respirator virusun ağır formaları qeydə alındığı halda onların müalicəsi üçün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Kliniki Tibbi Mərkəz və 7 nömrəli yoluxucu uşaq xəstəlikləri xəstəxanasında hər cür şərait yaradılıb. O, xəstəlikdən qorunmaq üçün hökmən maskadan istifadə edilməsinin vacibliyini bildirib, çünki bu halda asqıranda və öskürəndə ətrafa selik damcıları yayılmır.

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev isə deyib: “Xəstəliyin ilk əlamətləri müşahidə olunan kimi uşaqlar bağça və məktəblərə buraxılmamalı, həkimə müraciət edilməlidir. Qrip elə qorxulu xəstəliklərdəndir ki, vaxtında qarşısı alınmayanda daha ciddi fəsadlar törədə bilir”.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed