Şrift:
ABŞ üçün Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri xüsusi önəm kəsb edir
11.01.2019 [15:28] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Dünyanın taleyinin həll olunduğu zona bizim bölgədir və Azərbaycan burada qızıl körpüdür”

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bildirir ki, indiki Ağ Ev rəhbərliyi Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin olmasını istəyir. Okeanın o tayından Azərbaycanla belə münasibətlərin qurulmasına yönəlik istək nədən qaynaqlanır və tərəflərə nə vəd edir?

Politoloq Elşən Manafovun fikrincə, ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri qurmaq istəməsi ölkəmizin tutduğu mühüm geostrateji mövqeyilə bağlıdır: “Prezident Donald Trampın Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı dövlət başçımıza ünvanladığı məktubun məzmunu və mahiyyətindən məlum olur ki, Vaşinqton Bakı ilə münasibətlərə ciddi önəm və əhəmiyyət verir. ABŞ bu mənada Azərbaycanı Cənubi Qafqazın lider dövləti olaraq qəbul edir. O cümlədən, ABŞ-ın Azərbaycanla münasibətləri də məhz strateji tərəfdaşlıq kontekstində qurulub.
Artıq bir neçə ildir ki, Azərbaycan ABŞ-la beynəlxalq terrorizmə qarşı Qərb koalisiyasının təmsil olunduğu qurumda iştirak edir və ölkəmizin terrorizmə qarşı mübarizədə oynadığı rol və mövqeyini Vaşinqtonun siyasi elitası da hər zaman yüksək qiymətləndirib. Bir tərəfdən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və bu mənada “köhnə qitə”nin müəyyən fonda Rusiyadan enerji asılılığından gələcəkdə qurtulmasında Bakının ortaya qoya biləcəyi geostrateji mövqeyi, ölkəmizin Qərblə Şərqin birləşdirən yol arasında, Böyük İpək yolunda yerləşməsi, Yaxın və Orta Şərqə çıxış yollarının da bizdən keçməsi onsuz da Vaşinqtonu Bakı ilə münasibətləri strateji tərəfdaşlıq kontekstində qurmağa sövq edir. Sadəcə olaraq, bu münasibətlərdə, Azərbaycanın umacağı əsas amilərdən biri ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində indi və gələcəkdə oynaya biləcəyi rola daha fərqli maraq və müstəvidən yanaşması amilidir. Hələlik isə, ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri kimi Vaşinqtonun da siyasətində Dağlıq Qarabağ məsələsinə münasibətdə ikili standartların olduğunu görürük.
Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, dövlətimiz və xalqımız ATƏT-in Minsk qrupunun bu məsələdəki mövqeyindən məmnun deyil, narazıdır. Digər məsələlərdə isə iki ölkə arasında münasibətlər genişlənir və inkişaf edir. Amma düşünürəm ki, ABŞ-ın Azərbaycanla münasibətlərdə önəm verdiyi əsas amil ölkəmizin tutduğu geostrateji mövqeyidir. Azərbaycan hakimiyyəti və Prezidentinin müstəqil siyasət yürütməsi və bu zaman bütün hallarda regional təhlükəsizlik amilləri, o cümlədən region dövlətləri, beynəlxalq güclərlə münasibətlərdə disbalansın, subardinasiyanın gözlənilməsi, balanslaşdırılmış xarici siyasət kursu təbii ki, ABŞ siyasi elitasının da diqqətindən yayınmayıb. Ona görə də belə bir dövlətlə münasibətlərin strateji anlaşma və tərəfdaşlıq kontekstində qurulması hər iki dövlətin qarşılıqlı maraqlarına cavab verən məsələdir”.

Milli Məclisin deputatı Fərəc Quliyev qeyd etdi ki, Azərbaycanın yerləşdiyi coğrafi-strateji mövqeyi Vaşinqtonu ölkəmizlə əlaqələrə strateji əhəmiyyət verməyə sövq edir: “Qəti şəkildə bildirmişəm ki, Azərbaycanla ABŞ-ın strateji müttəfiq olması vacibdir və bunun hər iki tərəf üçün çox böyük əhəmiyyəti var. Bəzi qüvvələr istəyir ki, Azərbaycanın qərbyönümlü siyasətinə son qoyulsun, ölkəmiz təklənsin. Azərbaycan hər zaman Amerika ilə yaxşı münasibətlər qurub.
Etiraf olunmalıdır ki, ABŞ dünyanın ən güclü iqtisadiyyatına malikdir, böyük gücə sahibdir. ABŞ Azərbaycanı müttəfiq kimi dəyərləndirirsə, bu amilə önəm verirsə, ölkəmizin Əfqanıstandakı əməliyyatlara dəstək verməsindən tutmuş, nüvə komponentlərinin İran tərəfdə saxlanılması, Azərbaycanda radikal dini təriqətlərin törətmək istədiyi terrorun qarşısının alınmasında və s. məsələlərdə dövlətimiz həmişə fərqli davranıb və bu mənada da dünyanın hörmətini, etimadını qazanıb.
Ölkəmizin Avropanın enerji təhlükəsizliyi sistemindəki yeri də çox önəmlidir. Bundan başqa dünyanın taleyinin həll olunduğu zona da bizim bölgədir və Azərbaycan burada qızıl körpüdür. Bu mənada da Azərbaycan çox əhəmiyyətli bir dövlətə çevrilib. Həmçinin, ölkəmizin yerləşdiyi coğrafi-strateji mövqeyi də Vaşinqton adminstrasiyasının sözügedən mövqe sərgiləməsində mühüm rol oynayır. Bu fonda doğru-dürüst siyasətin müəyyənləşməsi həm də Dağlıq Qarabağ kimi problemimizin həllinə xeyir gətirər. Ona görə də ABŞ-ın ölkəmizə önəm verməsini, özünə dost saymasını dəyərləndirməliyik. Bu, həm zərurətdən doğan məsələdir, həm də ölkəmizin yürütdüyü siyasətdən asılıdır”.
Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed