Şrift:
Brayan Huk: “İranlıların Amerikaya buraxılmamasına görə rəsmi Tehran günahkardır”
12.01.2019 [11:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Dövlət Departamentinin İran məsələləri ilə bağlı özəl işçi qrupunun rəhbəri Brayan Huk iranlıların Amerikaya buraxılmaması ilə bağlı suallara video vasitəsi ilə cavab verib.

Dövlət Departamentinin rəsmi “twitter” səhifəsində yayılan videoda Huk bildirib ki, İran viza üçün müraciət edən öz vətəndaşları ilə bağlı məlumatları ABŞ-a təqdim etmir. O, həmçinin rəsmi Tehranın yaxın gələcəkdə bu problemi aradan qaldıracağına ümidvar olduğunu deyib.

Amerika Birləşmiş Ştatları digər ölkələr kimi viza verilməsi prosesi zamanı ölkəyə daxil olmaq istəyən şəxslər barədə bəzi şəxsi məlumatları onların vətəndaşı olduğu dövlətdən tələb edir. İran isə bu məlumatları ABŞ-a təqdim etmədiyinə görə, iranlıların Amerikaya səfər etməsi məhdudlaşdırılıb.

Qeyd edək ki, prezident Donald Trampın 2017-ci ilin əvvəllərində viza məhdudiyyətləri ilə bağlı verdiyi sərəncamdan sonra İran da daxil olmaqla 7 ölkə vətəndaşlarının 90 gün ərzində Amerikaya girişi məhdudlaşdırılmışdı. Bu fərmanda o, həmçinin ABŞ Milli Təhlükəsizlik Nazirliyinə hansı ölkələrinin viza üçün müraciət etmiş öz vətəndaşları barədə zəruri informasiyaları ABŞ-a təqdim etmədiyini müəyyən etməyi tapşırmışdı.
Bu xəbər oxucular tərəfindən 18 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed