Şrift:
Sərkisyanı həbs etmək üçün unikal şans!
28.07.2012 [13:11] - Sosial
Ermənistanın cani prezidenti “uçan qəbiristanlığın” sərnişini olacaqmı?

Ermənistan uzun illərdir ilhaq etdiyi Dağlıq Qarabağdakı qondarma rejimi dünyada tanıtmaq üçün yollar arayır. Bir yollardan biri də Xocalıda inşa edilən aeroportu işə salmaq, ona beynəlxalq status verilməsinə nail olmaqdır.

Təbii ki, bununla rəsmi İrəvan “DQR” adlı qondarma qurumun Azərbaycandan müstəqil yaşamaq qabiliyyətində olduğuna dünyanı inandırmağa çalışır; dünyanı fakt qarşısında qoymaq, saxta dövləti tanımağın vaxt çatdığını beynəlxalq rəyə sırımaq niyyəti güdür.

Lakin hələ ki bu səylər alınmadığından Ermənistan tərəddüddədir. Çünki aeroportun işə salınması mülki aviasiya haqqında beynəlxalq qanunvericiliyə daban-dabana ziddir. Bu qanunvericilik tələb edir ki, İrəvan-Xankəndi reyslərinə Azərbaycan razılıq versin. Belə razılıq olmadığından, xüsusi kod almadığından Xankəndi aeroportu beynəlxalq hava limanlarının reyestrində yoxdur. Ola da bilməz.

Artıq Bakı Xocalı hava limanının birtərəfli istismarına başlamaq cəhdlərini Azərbaycanın hava məkanının pozulması kimi qiymətləndiriləcəyi barədə aydın xəbərdarlıq edib. Azərbaycan Dövlət Mülki Aviasiya İdarəsi bəyan edib ki, Azərbaycanın icazəsi olmadan ərazimiz üzərində bir təyyarə belə uça bilməz. Sitat: “Belə bir uçuş baş tutsa, təyyarə sərhəd pozucusu hesab olunacaq və müvafiq tədbirlər görüləcək”.

Ekspertlərə görə isə İrəvandan Xankəndiyə mülki aviasiya uçuşları mütləq işğal altındakı Laçın və ya Kəlbəcər üzərindən keçəcək. Daha sonra təyyarə Əsgəran üzərində dövrə vuraraq mütləq işğal altındakı daha bir rayon - Ağdam üzərinə keçəcək. Yəni uçuşun qarşısının alınması üçün hüquqi əsaslar artıqlaması ilədir.

Hərbi vasitələrə gəlincə, Azərbaycan bu təyyarələrin uçuşuna mane olacaq şərait yaratmaq və ya onları məhv etmək üçün lazımi qədər HHM vasitəsinə - müxtəlif dərəcəli və modifikasiyalı yer-hava raketlərinə, habelə təyyarənin elektron rabitə vasitələrini sıradan çıxaracaq və ya işini ciddi şəkildə pozacaq elektron maneələrə malikdir. Beləliklə, uçuşlar sərnişinlər üçün həddindən artıq təhlükəli ola bilər.

“Müvafiq tədbirlər” sırasında həmçinin təyyarəni yaxın hava limanlarından birinə (məsələn, Gəncəyə) məcburi eniş etdirmək variantı da ola bilər. Azərbaycanın hərbi hava qüvvələri bunu reallaşdırmaq gücündədir və ən əsası bu zaman heç bir beynəlxalq hüquq norması pozulmuş olmayacaq, mülki şəxslər xətər almayacaq. Ötən həftə ATƏT-in Minsk Qrupunun məsələ ilə bağlı yaydığı bəyanatında da bu, dolaysıyla ifadə olunub.

Doğrudur, erməni tərəfi bunu özünəməxsus tərzdə yozur. Ermənilər buna istinad edirlər ki, vasitəçilər “hava limanının istismarının Qarabağın statusunun müəyyən edilməsinə təsir göstərməyəcəyini” bildiriblər və tərəfləri güc tətbiqindən yayınmağa çağırıblar. Bəli, çağırıblar. Ancaq bu, sadəcə, çağırışdı, TƏLƏB yox! Ayrı yanaşma mümkün də deyil. Zira, həmsədrlər belə uçuşların qanunsuz olduğunu yaxşı bilirlər.

Xəbər verdiyimiz kimi, Beynəlxalq Mülki Aviasiya Komitəsi də Azərbaycanın mövqeyindədir. Komitə erməniləri xəbərdar edib ki, Xankəndi aeroportu ilə bağlı beynəlxalq normalara uyğun hərəkət edilməlidir.

Bizdən ötrü isə bu uçuş hər şeydən öncə Dağlıq Qarabağın işğalının daha bir formada rəsmiləşməsi, bölgənin Azərbaycandan qoparılması yönündə növbəti yuridik addım demək olardı. Bakı buna izn verə bilməz.

Bir maraqlı detal daha var. Bəllidi ki, Ermənistan prezidenti Serj Sərkisyan Xankəndinə kurs götürəcək təyyarənin ilk sərnişini olacağını vəd edib. Aydındır ki, bununla o, erməni sıravi vətəndaşlarını ruhlandırmaq, eyni zamanda ilk reysə beynəlxalq diqqəti artırmaqla təhlükəsiz uçuşa beynəlxalq zəmanəti təmin eləmək məqsədi güdür. Ardınca Azərbaycanı fakt qarşısında qoyub “DQR-in suveren dövlət olması rəyini dünyada möhkəmlətməyə ümid edir (Yəqin ki, Xankəndində onun üçün fəxri qarovul da düzüləcək). Axı çətini ilk uçuşdur, presedentdir.

O səbəbdən təyyarənin sərnişinləri qismində hətta bir neçə ermənipərəst amerikalı konqresmenin, Rusiyadan, bəzi başqa xarici dövlətlərdən erməni havadarların olması da istisna deyil. Ancaq yuxarıda qeyd edildi, bu uçuş tam qanunsuz sayılacaq. Bakı milli maraqlarımızdan, beynəlxalq hüquqdan çıxış edərək onu əngəlləmək zorunda və iqtidarındadır. Bu mənada Azərbaycan tərəfi Xocalı canisi Sərkisyanı həbs eləmək üçün unikal şans da bula bilər - digər günahsız sərnişinlərin həyatına təhlükə yaratmadan.

Bəs Sərkisyan “uçan qəbiristanlığın” sərnişini olmağa cəsarət edəcəkmi? Sualın cavabı yəqin ki, özünü çox gözlətməyəcək.

F.MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 1392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed