Şrift:
Azərbaycanlı fəal Rəhim Qulami məhkəməyə çağırılıb
14.01.2019 [10:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal, şair və yazıçı Rəhim Qulami Ərdəbil İnqilab Məhkəməsinin 2-ci Şöbəsinə çağırılıb.

Çağırışla bağlı məlumat məhkəmənin elektron sistemi vasitəsi ilə fəala göndərilib. Məlumata görə, fəal yanvarın 23-də məhkəməyə müraciət etməlidir.

Çağırışla bağlı göndərilən mətndə fəalın “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaqla bağlı Polis İdarəsinin raportu” ilə əlaqədar məhkəməyə çağırıldığı qeyd olunub. Mətndə hansı qrupdan söz getdiyi açıqlanmayıb.

Rəhim Qulami 2018-ci il iyulun 2-də Babək qalası yürüşünə bir neçə gün qalmış evdən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və eyni tarixdə yaxalanan azərbaycanlı fəallar Əli Vasiqi, Əsgər Əkbərzadə, Mehdi Huşmənd və Səid Sadiqifərlə birlikdə Ərdəbil Polis İdarəsinin Təhlükəsizlik Bölümün təcridxanasına aparılıb. Fəalların ittihamı Ərdəbil İnqilab Məhkəməsinin 12-ci Şöbəsi tərəfindən elan olunduqdan və barələrində mülki vəsiqə qərarı çıxarıldıqdan sonra Ərdəbilin Mərkəzi Zindanına aparılıb. Onlar həbsxanada zindan məsullarının təhriki ilə bir neçə məhbus tərəfindən döyülüb, bunun nəticəsində Rəhim Qulaminin iki dişi qırılıb və Əli Vasiqinin sağ gözünün üstü göyərmişdir. Rəhim Qulami və digər fəallar 2018-ci il iyulun 10-da hər biri 50 milyon tümənlik mülki vəsiqə qarşılığında həbsxanadan azad edilib.

Beynəlxalq Əfv Təşkilatı avqust ayında türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb edib.

Tanınmış milli-mədəni fəal Rəhim Qulami bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. O “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü”, “Folklor nağılları” kitablarının müəllifidir, kitablar “Yaylıq” Nəşriyyatı tərəfindən çap olunub.
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed