Şrift:
Məsud Pezeşkiyandan Məlikanın sözdə millət vəkilinin cinsi təcavüz cinayətinə dolayısı ilə dəstək
17.01.2019 [10:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, Məlikanın sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb.

Əvvəllər də Salman Xudadadiyə dəstək verməkdə ittiham olunan Təbriz, Tufarqan (Azərşəhr) və Üskünün (Üşkaya) İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan baş verən cinayət hadisəsinə münasibət bildirib.

Təbrizin millət vəkili mərhum Zəhra Nəvidpura aid yayılan Səs Faylları və videoları şayiə adlandırıb. Lakin o bildirib ki, cinsi təcavüz məsələsi səlahiyyətli orqanlar tərəfindən araşdırılmalıdır.

Məsud Pezeşkiyan bu barədə parlamentin rəsmi xəbər agentliyinə danışıb.

“Məhkəmənin yardımı ilə Məlikanın millət vəkili ilə bağlı deyilənləri araşdırırıq. İddialar doğru olarsa, millət vəkilinə qarşı tədbir alınacaq, əks halda, bu barədə şayiə yayanlar təqib olunacaq.
Məhkəmə gənc qızın intiharı və bu məsələnin millət vəkili ilə əlaqədar olmasını araşdırmalı və iddiaların nə qədər doğru olması üzə çıxmalıdır. Bundan sonra bu barədə hansısa qərar vermək olar”- deyə o bildirib.

Təbrizin millət vəkili əlavə edib ki, gənc qızın intihar etməsinin səbəbləri çox dəqiq aydınlaşmalıdır. Ona görə ki, bu günə qədər bu mövzu ilə bağlı yayılan sənəd və məlumatlar, sosial şəbəkələrdə yayılan məlumatlar səviyyəsindədir.

Məsud Pezeşkiyanın Salman Xudadadiyə dəstək verməsi 8-ci parlament dövrünə qayıdır. Bu barədə Tehranın 9-cu parlamentdəki keçmiş millət vəkili Əlirza Zakani ötən günlərdə Twitter səhifəsində bir post paylaşaraq Salman Xudadadinin millət vəkili Məsud Pezeşkiyanın dəstəyi ilə parlamentdə qaldığını bildirmişdir.

O qeyd edib ki, 8-ci parlamentin araşdırma komissiyası Salman Xudadadinin səlahiyyətini rədd etdi, lakin Məsud Pezeşkiyan onu müdafiə edərək yenidən parlamentə qayıtmasına səbəb oldu.

Məsud Pezeşkiyan parlamentin rəsmi xəbər agentliyi ilə danışığında 8-ci parlament dövründə Salman Xudadadiyə dəstək verməsi ilə bağlı iddiaların əsassız olduğunu deyib.

Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb. 28 yaşlı qızın ölümü xəstəxanaya çatdırıldıqdan sonra həkimlər tərəfindən təsdiqlənib.

Zəhra Nəvidpur 4 il ərzində sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalıb. O bununla bağlı bir çox rəsmi orqan, o cümlədən məhkəməyə müraciət edib. Lakin millət vəkilinin tapşırığı ilə onun şikayətinə doğru-düzgün baxılmayıb və məhkəmə prosesi heç bir nəticə verməyib. O davamlı olaraq millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilib.

Məlikan “Sepah”ı və Ettelaat İdarəsi dosye ilə bağlı Zəhra Nəviudpurla davamlı olaraq əlaqədə olublar. Buna dair çoxlu sənəd və Səs Faylları var. Sənədlər göstərir ki, Zəhra Nəvidpur Ettelaat Nazirliyi ilə “Sepah” arasında gedən mənfi rəqabət və ixtilafın qurbanı olub.

Zəhra Nəvidpurun cansız bədəninin tapılması və həyatdaykən millət vəkilinin cinsi təcavüzünə məruz qalması xəbəri soydaşlarımızın kəskin etirazına səbəb olub. Azərbaycan ictimaiyyəti cinayət faktının araşdırılmasını, günahkarların cəzalandırılması və Salman Xudadadinin ən azı parlamentdən uzaqlaşdırılmasını tələb edir.
Bu xəbər oxucular tərəfindən 295 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed