Şrift:
İranda 14 min boşanmış azyaşlı qız uşağı var
18.01.2019 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranlı tədqiqatçı Kamil Əhmədi ölkədə erkən yaşda baş tutan uşaq evliliklərinin kəskin həddə çox olduğunu deyib.

“Uşaqlıq, inkişaf və sosial siyasət” adlı tədbirdə çıxış edən tədqiqatçı hazırda İranda 14 min dul qız uşağının mövcud olduğunu qeyd edib. Həmçinin ölkədəki evliliklərin 18%-ni 18 yaşdan aşağı olan qız uşaqları ilə bağlanan nikahlar təşkil edir.

Əhmədinin sözlərinə görə, 18 yaşdan kiçik olan qızların evlilik halı artmaqdadır. Belə ki, 2002-ci ildə evlənən uşaqların 39.609 (4.5%) nəfəri 10- 14 yaş həddi arasında olub. Növbəti ildə bu rəqəm artaraq, 40 min (4.9%) nəfərə çatıb. Digər illərdə də bu proses davam edərək, 2003-cü ildə 5.3%-ə, 2017-ci ildə isə 5.5%-ə çatıb. Bu göstəricilər İranda erkən evlilik həddinin hər il azalmaq əvəzinə artdığını göstərir.

Kamil Əhmədi 2016-cı ilin stasistikasının da ürəkaçan olmadığını deyib. Bu ildə qeydə alınmış nikahların 5%-dən çoxu 15 yaşdan kiçik uşaqların evliliyi olub. Onlardan 27 min nəfərdən çoxu 10-14 yaşlar arası olan qız uşaqları, digərləri isə eyni yaş həddində olan 14 min nəfərdən çox oğlan uşaqlarıdır.

Əhmədi bu rəqəmlərin yalnız rəsmi statistikalar əsasında müəyyənləşdiyini deyib. Onun sözlərinə görə, azyaşlıların evlilikləri əsasən ailə daxilində baş tutduğundan və onlar rəsmi olaraq nikaha daxil olmadığından, həqiqi göstəricilərin daha çoxdur.

Bundan əvvəl 2018-ci ilin may ayında İran Milli Məclisinin qadınlar üzrə iş fraksiyasının üzvü Məsumə Ağapur Əlişahi isə İranda 18 yaşdan aşağı dul qız uşaqlarının sayının 24 min nəfər olduğunu demişdi.

Kamil Əhmədi 18 yaşdan aşağı qız uşaqlarının ana olması və boşanma halının da narahatedici şəkildə yüksək olduğunu deyib. Onun dediklərinə əsasən, 2016-cı ildə 19 yaşdan kiçik analar 97.862 uşaq dünyaya gətiriblər. Uşaq dünyaya gətirən qadınların 1511 nəfəri isə 15 yaşdan aşağı qız uşaqları olub.

Boşanma hallarına gəldikdə isə, 2012-2016-cı illər arasında 95 min 19 yaşdan aşağı uşağının nikahı pozulub. Təkcə 2016-cı il ərzində 14 yaşdan aşağı 1200 nəfər qız uşağı boşanıb.

Tədqiqatçı neqativ halların bunlarla bitmədiyini deyib. O, ölkəboyu 10 yaşdan kiçik olan uşaqların evlilik hallarının da kəskin həddə çox olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed