Şrift:
Arxeologiya və Etnoqrafiya İnstitutunda tanınmış italiyalı alimlə görüş keçirildi
21.01.2019 [09:50] - Gündəm, DAVAMın yazıları
18 yanvar 2019-cu il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Venesiyadakı (İtaliya) Ka`Foskari Universitetinin (Ca' Foscari University of Venice) doktoru, professor Elena Rova ilə görüş keçirilmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova qonağı səmimi salamlayaraq bildirmişdir ki, rəhbəri olduğu institut son illərdə Avropa Birliyi ölkələrinin, o cümlədən, İtaliyanın bir sıra elmi-tədqiqat mərkəzləri ilə əsasən arxeologiya sahəsində əməkdaşlıq etməkdədir. Artıq italiyalı mütəxəssislər Azərbaycanda beynəlxalq arxeoloji ekspedisiyaların tərkibində bir sıra arxeoloji abidələrin tədqiqində iştirak edirlər.

İtaliyalı professor xanım Elena Rova bildirmişdir ki, o, azərbaycanlı arxeoloqların tədqiqatları ilə yaxından tanışdır, Azərbaycanda neolit, xalkolit və ilk tunc dövrü abidələrinin bəzilərinə elmi səfər etmişdir. Hal-hazırda onun Azərbaycana səfəri, Avropa Birliyinin Erasmus proqramı çərçivəsində Gəncə Dövlət Universitetində arxeoloji tədqiqat təcrübəsinin qısa müddətli elmi tədris kursu ilə yanaşı, Avropa Birliyinin müasir elmi biliklərin təşviqi xarakterini ehtiva edən layihələri ilə bağlı azərbaycanlı və italiyalı arxeoloqların təcrübə mübadiləsinin gerçəkləşdirilməsi məqsədini daşıyır.

Gələcəkdə qarşılıqlı əməkdaşlığı nəzərdə tutan fikir mübadiləsi çərçivəsində keçən görüşün sonunda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova Azərbaycan arxeoloqlarının son elmi tədqiqatlarının nəticələrini əks etdirən elmi nəşrləri italiyalı professora hədiyyə etdi.

İtaliyalı qonaqla görüşdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi əməkdaşları, həmçinin, italiyalı professoru müşayət edən Xəzər Universitetinin dosenti Nuridə Atəşi, Venesiyanın Ka`Foskari Universitetinin Bakı filialının nümayəndəsi Elvira Sultanova iştirak etmişlər.

Qeyd edək ki, Gəncə Dövlət Universitetinin dəvəti ilə Azərbaycanda səfərdə olan professor Elena Nova Venesiyadakı (İtaliya) Ka`Foskari Universitetinin Humanitar tədqiqatlar departamentinin “Yaxın Şərq arxeologiyası və incəsənət tarixi” bölümünün əməkdaşıdır, uzun müddət Suriyada və Gürcüstanda beynəlxalq arxeoloji ekspedisiyalarda iştirak etmiş, Mesopotamiya, Anadolu və Cənubi Qafqazın xalkolit və ilk tunc dövrü üzrə tanınmış arxeoloq mütəxəssislərdən biridir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 642 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed