Şrift:
Yaponiyalı 86 yaşlı alpinist Akonkaqua zirvəsinə qalxmağı dayandırıb
21.01.2019 [10:55] - Gündəm, Sosial, Bildiriş
Yaponiyalı 86 yaşlı alpinist Yuiçiro Miura səhhətində yaranan problemə görə Argentinanın Akonkaqua zirvəsinə qalxmağı dayandırıb.

NHK telekanalı xəbər verir ki, Yuiçiro Miura Cənubi Amerikanın ən yüksək zirvəsinə yanvarın 18-də dırmanmağa başlayıb və dəniz səviyyəsindən 6 min metr hündürlükdə yerləşən düşərgəyədək qalxıb. Zirvənin 6960 metr hündürlükdə yerləşən ən yüksək nöqtəsinə qalxmaq üçün o, iki gün burada havanın yaxşılaşmasını gözləyib.

Y.Miuranın Tokiodakı ofisindən bildiriblər ki, alpinisti müşayiət edən həkimin qəti tələbindən sonra o, bu cəhddən imtina etməyi qərara alıb.

Məlumatda qeyd edilir ki, həkim belə yüksək səviyyədə qalmağın Y.Miuranın bədənini həddindən artıq gərginləşdirdiyini və ürək çatışmazlığına səbəb olduğunu bildirib. Həkim qeyd edib ki, ürəyində problemlər olan Y.Miura zirvəyə qalxmaqda davam edərsə, bu, onun səhhətində ciddi fəsadlar yarada bilər.

Süni peyk vasitəsilə Tokio ilə əlaqə saxlayan Y.Miura zirvəni fəth edə biləcəyinə əmin olmasına baxmayaraq, həkimin göstərişini qəbul etdiyini və ekspedisiyanı dayandırdığını deyib.

Ofisdən bildirildiyinə görə, Y.Miura artıq helikopter vasitəsilə 5500 metr hündürlüyə endirilib.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed