Şrift:
İranda mühərriklərindən biri xarab olan daha 1 sərnişin təyyarəsi təcili eniş edib
21.01.2019 [11:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda “Caspian Air” özəl aviaşirkətinə məxsus sərnişin təyyarəsinin mühərrikində texniki nasazlıq yarandığına görə, pilot təcili eniş etmək məcburiyyətində qalıb.

Hadisə, yanvarın 21-i axşam saatlarında baş verib. İranın Çabahar şəhərindən 151 sərnişinlə Tehrana uçan “MD-83” tipli sərnişin təyyarəsi havaya qalxandan az sonra onun mühərriklərindən birində nasazlıq yaranıb. Nəticədə, təyyarənin pilotu Yəzd şəhərinin beynəlxalq hava limanında təcili eniş etmək məcburiyyətində qalıb.

Təyyarədə texniki nasazlıq yaranmasından xəbərdar olan sərnişinlərin qorxulu və dəhşətli çox gərgin anlar yaşadığı bildirilir.

Yəzd əyaləti hava limanlar baş idarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədcavad Ədib jurnalistlərə açıqlamasında bildirib ki, 151 sərnişin yanvarın 22-si yerli vaxtla saat 02:20 radələrində başqa bir təyyarə ilə Tehrana yola salınıblar.

Xatırladaq ki, son üç həftədə, İranda bir neçə təyyarə qəzası baş verib. Yanvarın 3-də, “ATA Air” aviaşirkətinə məxsus Məşhəd-Təbriz marşrutu ilə uçan sərnişin təyyarəsi Təbrizin “Şəhid Mədəni” hava limanına yerə enərkən 3 təkəri partlayıb. Baş vermiş ciddi texniki nasazlığa baxmayaraq, pilot təyyarəni hər hansı bir faciə baş vermədən çətinliklə də olsa yerə endirə bilib.

Yanvarın 14-də, Qırğızıstan paytaxtı Bişkekdən havaya qalxan İran ordusuna məxsus “Boeing-707” yük təyyarəsi İranın Əlbürz əyalətinin Kərəc şəhəri yaxınlığında qəzaya uğrayıb. Səfadəşt məntəqəsində “Fəth” hava limanında yerə enərkən təyyarədə texniki nasazlıq yaranıb. Nəticədə, eniş zamanı təyyarə uçuş-eniş zolağından çıxaraq, ətrafdakı bir neçə yaşayış binsına çırpılıb. Qəza zamanı təyyarənin göyərtsəində olan 16 nəfərdən 15-i ölüb, 1-i yaralanıb.

Yanvarın 14-də həmçinin Məşhəd-Tehran marşrutu üzrə uçan “Airbus 300” tipli sərnişin təyyarəsində texniki nasazlıq yarandığına görə, təyyarə təcili geri dönüb. Bu barədə, Məşhədin “Şəhid Haşimi Nejad” beynəlxalq hava limanının ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Həsən Cəfəri jurnalistlərə açıqlama verib.

O bildirib ki, Məşhəd hava limanından 170 sərnişinlə havaya qalxan təyyarənin uçuşdan az sonra sağ mühərriki sıradan çıxıb. Nəticədə, təyyarə geri dönərək, Məşhəd hava limanında təcili eniş edib. Təyyarənin göyərtəsində olan sərnişinlərdən xəsarət alan olmayıb.
Bu xəbər oxucular tərəfindən 257 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed