Şrift:
Öyrəncilərin dirənişi nəticəsində tədrisi dayandırılan türk dili və ədəbiyyatı dərslikləri yenidən bərpa olunub – Binab Universitetində
23.01.2019 [09:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, ötən günlərdə Binab (Bin ev) Universiteti öyrəncilərinin ardıcıl tələbindən sonra tədrisinə başlanılan türk dili və ədəbiyyatı dərsliklərinin tədrisi dayandırılmışdır, son məlumata görə, dərsliklərin yenidən tədrisinə başlanılıb.

Bu, türk öyrəncilərinin universitet məsullarının qanunsuz qərarına qarşı dirənişindən sonra mümkün olub.

Məlumata görə, heç bir açıqlama vermədən türk dili və ədəbiyyatı dərsliklərinin ləğv olunması universitetin türk öyrənciləri tərəfindən kəskin etirazla qarşılanıb. Onlar etiraz yığıncağı keçirməyə hazırlaşdıqları bir vaxtda universitet məsulları geri addım ataraq verilən qərarı ləğv ediblər.

Qeyd edək ki, uzun illər mübarizədən sonra Binab Universitetində türk dili və ədəbiyyatı fənni iki dərslik şəkilində təhsil ocağına təqdim olunub. Dərsliklərin tədrisinə Elm, Tədqiqat və Texnologiyalar Nazirliyi tərəfindən icazə verildikdən və universitetin təlim şurasında təsdiqləndikdən sonra başlanılıb. Bu dərsliklər məcburi deyil, könüllü olaraq seçən öyrəncilərə tədris olunur.

Türk öyrəncilər arasında böyük rəğbətlə qarşılanan dərsliklər son iki semestrdə (term) universitetdə tədris olunub. Ötən günlərdə isə universitetin yeni rəhbərliyi heç bir açıqlama vermədən sözügedən dərsliklərin ləğv olunduğunu açıqlamışdır.

Hal-hazırda Güney Azərbaycanın bir neçə universitetində türk dili və ədəbiyyatı fənni tədris olunur. Türk dili dərsi öyrəncilər üçün məcburi deyil, buna baxmayaraq çox sayda öyrənci bu dərsliyi könüllü şəkildə seçir.

İran konstitusiyasının 15-ci maddəsinə əsasən ölkədə fars dili ilə yanaşı yerli dillərin kütləvi informasiya vasitələri və məktəblərdə tədris olunması azaddır. Lakin İran İslam Cümhuriyyəti inqilabdan 40 il keçməsinə baxmayaraq konstitusiyanın bu maddəsini icra etmir. Məktəblərdə türk dilinin tədris olunması Azərbaycan türklərinin minimum hüququ sayılır, soydaşlarımız isə ümumiyyətlə ana dilində təhsil almaq hüquqlarının təmin olunması uğrunda mübarizə aparır.
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed