Şrift:
Ötən il Avstriyada turizm üçün rekord ili olub
26.01.2019 [10:18] - Gündəm, Bildiriş
Avstriyanın turizm iqtisadiyyatı üçün 2018-ci il rekordla başa çatıb.

Avstriya Statistika İdarəsi xəbər verir ki, ötən il Avstriyanın turizm müəssisələrində təxminən 150 milyon gecələmə qeydə alınıb. Bu isə 2017-ci illə müqayisədə 3,6 faiz artım deməkdir. Ölkədə otel və digər istirahət mərkəzlərinə üz tutan qonaqların əksəriyyəti yerli əhali olub. Onların sayəsində turizm müəssisələri 2018-ci ildə 39,37 milyon gecələmə qeydə alıblar.

Həmçinin turizm müəssisələrinə baş çəkən qonaqların sayı ötən il rekordla müşayiət olunub. Ümumilikdə 45 milyon qonaq Avstriyadakı turizm obyektlərində gecələyib.

Bu ölkədə istirahətə üstünlük verən əcnəbilərin reytinqində birinci yerdə almanlar dayanır. Ötən il Almaniyadan gələn qonaqlar sayəsində Avstriyanın turizm müəssisələrində 56,26 milyon (2017-ci illə müqayisədə 5 faiz artım) gecələmə qeydə alınıb. Sonrakı yerləri isə hollandlar və qonşu macarlar tutur.

Avstriya şəhərləri arasında əsl turizm maqniti yenə də paytaxt Vyana olub. 2018-ci ildə bu şəhərdə 16,5 milyon turist gecələməsi qeydə alınıb.

Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed