Şrift:
BMT-nin xüsusi məruzəçisi Cemal Kaşıkçı cinayətini araşdırmaq üçün Türkiyəyə gedəcək
26.01.2019 [11:10] - Xəbərlər, Siyasət
Birləşmiş Millətlər Təşkilatının (BMT) məhkəmədən kənar edam cəzaları məsələləri üzrə xüsusi məruzəçisi Aqnesa Kallamar Səudiyyə Ərəbistanının jurnalisti Cemal Kaşıkçının qətli ilə bağlı cinayəti araşdırmaq üçün yanvarın 28-də Türkiyəyə gedəcək. Onunla birlikdə Böyük Britaniya və Portuqaliyadan olan iki hüquqşünas da İstanbula səfər edəcək.

BMT-nin rəsmi saytı xəbər verir ki, bu beynəlxalq təhqiqat Kallamarın təşəbbüsü ilə BMT-nin xüsusi məruzəçisinin mandatına uyğun olaraq aparılacaq. Böyük Britaniyalı hüquqşünas, baronessa Helena Kennedi və Portuqaliyanın Koimbr Universitetinin professoru Duarte Nuno Vieyra da təhqiqatda iştirak edəcəklər. BMT-nin məlumatında deyilir ki, onlar jurnalistin qətli ilə bağlı geniş araşdırma aparacaq və hökumətlərin bu cinayətin açılması ilə bağlı atdığı addımları, həmçinin dövlətlərin və ya ayrı-ayrı şəxslərin bu qətldə əli olub olmamasını təhlil edəcəklər.

BMT-nin xüsusi məruzəçisi öz həmkarları ilə birlikdə dövlətlərin insan həyatının qorunması və cəzasızlığa qarşı mübarizə üzrə beynəlxalq öhdəliklərə əməl etməsi vəziyyətini də təhlil edəcək. Təhqiqatın nəticələrinə dair hesabat 2019-cu ilin iyununda keçiriləcək insan hüquqları üzrə BMT-nin Şurasının iclasına təqdim olunacaq.
Bu xəbər oxucular tərəfindən 304 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed