Şrift:
AŞ-a təqdim olunan 130 nəfərlik siyahıda hansı məhbusların adı var?
26.01.2019 [11:32] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Belə siyahıların verilməsi Azərbaycanın mövqelərini zəiflətməyə hesablanıb”;
Novella Cəfəroğlu: “Siyahıda olan bütün məhbuslar azad olunsun”
Xəbər verildiyi kimi, Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torxildur Varsdottir (İslandiya) yanvarın 22-də Azərbaycanda siyasi məhbuslara dair ilkin memorandumu AŞ PA İnsan Hüquqları və Hüquq Komitəsinə təqdim edib. Bu çox səhifəlik sənəddə 130 siyasi məhbusun adı yer alır.

Siyahıda gənc blogger Mehman Hüseynov, jurnalist Əfqan Muxtarlı, “Müsəlman Birliyi” Hərəkatından Tale Bağırzadə başda olmaqla çoxsaylı dini fəalların, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, Saleh Rüstəmov kimi məhbusların, eləcə də, keçmiş dövlət məmurlarından Zərdab rayonunun müstəntiqi Rüfət və sabiq səhiyyə naziri Əli İnsanovun adı yer alır.

Xanım məruzəçinin hazırladığı bu siyahıya Azərbaycandan sərt təpkilər var. Xüsusilə, Hollandiyada yaşayan hüquq müdafiəçisi Leyla Yunusun birbaşa nəzarəti ilə ona Azərbaycanda yaxın olan şəxslərin 160-dan çox siyasi məhbus siyahısı hazırlaması və islandiyalı məruzəçinin buna daha çox istinad etməsi ciddi etiraz doğurub. Ekspertlər Azərbaycanla Avropa Şurası arasında əlaqələrə bu sənədin kölgə sala biləcəyini vurğulayırlar.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Azərbaycan-AŞ əlaqələrinin gərginləşəcəyini ehtimal etmir: “Avropa Şurasının son iclasında maraqlı bir məsələ oldu. Azərbaycana qarşı çıxış edənlərə Avropa Şurasının prezidenti net şəkildə cavab verdi ki, bir çox məsələləri siyasiləşdirməyin. Çağırış gərək Azərbaycandakı bir sıra QHT-lərə örnək olsun. O siyahıları belə QHT-lər verirlər. Açığı, hesab etmirəm ki, son təqdim edilən bu siyahı Avropa Şurası ilə Azərbaycanın əlaqələrinə kölgə salacaq. Artıq vəziyyət dəyişib. Hər şeyi siyasiləşdirmək olmaz. Həbs edilən şəxslərin hansı peşə sahibi olmalarından asılı olmayaraq, heç kim onlardan yan keçə bilməz. Bunu dəfələrlə bildirmişəm. İstəyir deputat, istərsə də, jurnalist olsun, hər kəs qanun qarşısında bərabərdir. Belə siyahıların verilməsi, təbii ki, Azərbaycanın mövqelərini zəiflətməyə hesablanıb. Son vaxtlar Avropa İttifaqına üzv ölkələrlə münasibətlərimiz çox yüksək səviyyəyə çatıb. Bundan qıcıq olan ruspərəstlər burada öz işlərini görməyə cəhd edirlər. Hesab edirəm ki, Avropa təsisatları tərəfindən bu məsələ bilinir, nəzərə alınır. Onlar da bu məsələyə adekvat yanaşıb, çox da ciddiyə almayacaqlar. Amma bütün hallarda QHT-ləri, bu siyahıları verənləri Avropa Şurasının prezidentinin o çağırışından örnək götürməyə çağırıram ki, Azərbaycanı nüfuzdan salmaqla, belə bir həssas məqamda mövqeyinə mənfilər gətirməklə məşğul olmasınlar”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bunları dedi: “Leyla Yunus xaricdə yaşayır. Burada olanlar siyahını hazırlayıb, ora göndəriblər. Bizim siyahıda az məhbusun adı yer alır. İstəyirəm ki, siyahıda olan bütün məhbuslar azad olunsunlar. Müxtəlif siyahılarda olan nə qədər məhbus varsa, azad edilsin. Çünki Azərbaycanı qorumaq, gələn təzyiqləri aradan qaldırmaq üçün bu problemdən birdəfəlik qurtulaq. Bundan sonra beynəlxalq qurumların deməyə sözləri qalmasın. Bizim nə qədər məhbusun adını təqdim etməyimizin anlamı yoxdur, çünki orada oturanlar 130-140 məhbusun adını verəcəklər. Şəxsən mən istəyirəm ki, bizim siyahıda olmayan Nardaran məhbusları belə azad olunsun. Səid Dadaşbəylinin də dəstəsindən olanlar da azad edilməlidir. Biz istəsək də, istəməsək də, onların siyahıları Avropaya daima gedəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed