Şrift:
Dağıdıcı qrupların kütləvi aksiyaları məhdudlaşdırılmalıdır!
26.01.2019 [13:27] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Son günlər radikal müxalifətin fəallaşması, mitinqə çağırışlar etməsi, əhalini hakimiyyətə qarşı etiraz aksiyaları keçirməyə səsləməsi heç də onların millətə canıyananlığının nəticəsi deyil. Uzun illərdir ki, hakimiyyəti qeyri-sivil yolla ələ keçirmək istəyən belə xəyanətkarlar müxtəlif vasitələrdən istifadə edir və əhaliyə yalan vədlər verməklə xalqla iqtidar arasında qarşıdurma yaratmağa cəhd edirlər. Eyni zamanda, belə aksiyalar vasitəsilə çirkin niyyətlərini də reallaşdırmağa çalışırlar.
Yanvarın 19-da mitinqdən sonra, 20-də isə Şəhidlər xiyabanında radikal müxalifətin, onlara rəhbərlik edənlərin çaşqınlıq və hüquq – mühafizə orqanı əməkdaşları ilə qarşıdurma yaratmaq cəhdləri belə ünsürlərin məkrli niyyətlərini bir daha ortaya qoydu. Həmin günlərdə baş verən hadisələr də təsdiqlədi ki, bu insanlar sivil qaydada mitinq və ya tədbir keçirmək, öz fikirlərini ictimaiyyət nümayəndələrinə normal şəkildə çatdırmaq qabilliyyətində deyillər. Onların yalnız bir məqsədi var: ölkədə yaradılmış davamlı ictimai-siyasi sabitliyi pozmaq.
Görünür, ölkədə uğurla davam etdirilən uğurlu islahatlar, Azərbaycanın dünya birliyindəki nüfuzunun getdikcə möhkəmlənməsi, onları və xarici havadarlarını ciddi təşvişə salıb. Ona görə də əsası olmayan vasitələrə əl ataraq, ölkədə qarşıdurma yaratmağa cəhd edirlər. Hətta bu çirkin işdə Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin də ruhuna hörmətsizlik etməkdən belə çəkinmirlər.
Hər bir ölkədə müxalifətin olması demokratik prinsiplərə verilən önəmdən irəli gəlir. Azərbaycanda da müxalifət nümayəndələrinə öz fikirlərini sərbəst ifadə etmək, mitinq və digər aksiyalar keçirmək üçün hər cür şərait yaradılıb. Hətta mitinq keçirmək üçün şəhərin mərkəzində xüsusi meydan da yayılıb. Bundan başqa, aksiya iştirakçılarının təhlükəsizliyi hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən təmin olunur. Təəssüf ki, radikal müxalifət onlar üçün yaradılmış bu şəraitdən sui-istifadə edərək təxribat və qarşıdurma yaratmağa cəhd edir. Dövlətə və dövlətçiliyə qarşı müxalifətçilik etməyin yalnız bir adı var: xəyanətkarlıq.
Bütün bunlar barədə, xüsusilə AXCP sədri Əli Kərimlinin son mitinqdə özünü müxalifətin ana lideri adlandırması, mitinqdə iştirak etməyənlərin müxalifət olmadığı barədə fikirlərinə münasibət bildirmək üçün ölkənin bir sıra tanınmış ictimai-siyasi xadimlərinə, o cümlədən müxalifət təmsilçilərinə müraciət etdik:

Fərəc QULİYEV, Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri:

– Əslində, mən Əli Kərimli kimi, hər yoldan keçənin dediklərinə münasibət bildirmək istəməzdim. Ancaq söhbət real müxalifətçilikdən gedirsə, deməliyəm ki, Əli Kərimlinin özünü müxalifətin lideri adlandırması yersiz iddiadır. Bunu onun ətrafına toplaşanların şəxsiyyəti və sayı da təsdiqləyir. Hərə özünə bir adqoyma mərasimi keçirə və ya nəsə adlandıra bilər. Ancaq bunu tarix və hadisələr müəyyənləşdirə bilər. Kimsə özünü ana müxalifət adlandırırsa, bu, onun öz işidir. Normal müxalifət hakimiyyətə gəlmək uğrunda mübarizə aparmalıdır, daha dövlətə və dövlətçiliyə qarşı yox. Dövlətə qarşı müxalifətçilik edənlər satqınlardır, kimlərinsə sifarişlərini yerinə yetirənlərdir. Onlar hakimiyyətə gəlmək üçün min oyundan çıxırlar. Özünü radikal müxalifət adlandıraraq, ağalarının diktəsi ilə hərəkət edənlər, xarici ölkələrdən sifarişlər alan “Milli Şura “ adlı qondarma qurumun üzvlərinin müxalifətə heç bir aidiyyatı yoxdur. Müxalifətçilik dövlətə və dövlətçiliyə qarşı olmamalıdır.
Kimsə özünü “ana” və ya “ata” müxalifət adlandırırsa, bunun ictimaiyyətə heç bir aidiyyəti yoxdur. Bir qrup adam özünün şəxsi maraqlarını reallaşdırmaq üçün anormal bir tədbir keçirirsə, hamı ona qoşulmalıdırmı və kimsə qoşulmursa, onları müxalifət adlandırmamalıyıqmı? Belə düşüncə sahibləri ölkədə qarşıdurma yaratmaq istəyənlərdir. Bu, bolşevik yanaşmasıdır. Kimsə meydana çıxıb xalqdan dəstək almırsa, bunun səbəbini özündə axtarmalıdır. Bunun səbəbi meydana daşınan düşüncənin xalqın mövqeyinə zidd olmasından irəli gəlir. Gerçək müxalifət parlamentdə təmsil olunan və problemlərə qarşı ədalətli mübarizə aparanlardır. Dövlətçiliyə qarşı müxalifətçilik isə satqınlıqdır.

Araz ƏLİZADƏ, Milli Məclisin deputatı, Azərbaycan Sosial-­Demokrat Partiyasının sədri:
– Əli Kərimlinin özünü “ana müxalifət” adlandırması birinci hal deyil. O, dəfələrlə deyib ki, mən ana müxalifətəm. Baxın, mən Əli Kərimlini “ana” adlandırmıram. O, özü bunu bəyan edir. Müxalifətçilik meydanlarda çığırıb yersiz hay-həşir, vay-şivənlik salmaqla ölçülmür. Mən istər parlamentdə, istərsə də digər yerlərdə öz fikrimi həmişə sərbəst ifadə etmişəm, nöqsanları olduğu kimi demişəm və bu əqidəmdən də dönməyəcəyəm. Mən fikrimi kütləyə çatdırmaq üçün mütləq küçədə və ya meydanlarda qışqırmalıyam?
Əli Kərimli özünü müxalifətin lideri adlandırmaqla müxalifət adına ləkə gətirir. Mən həmişə demişəm və bu gün də deyirəm ki, bu adam milli maraqları ayaq altına atır, kimlərinsə gözündə ucalmaq üçün ölkəsinə, Vətəninə xəyanət edir, ölkədə qarşıdurmaya cəhd edir. İnanın ki, bu, kimlərinsə sifarişidir. Kiminsə meydana çıxıb özünü müxalifətin lideri adlandırması müxalifət partiyalarının rəhbərləri üçün aşağılayıcı faktordur. Əli Kərimli ətrafına yığdığı ­başıpozuq adamlarla Şəhidlər xiyabanında qarşıdurma yaradıb diqqəti özünə cəlb etmək istəyir. Belə yaramaz hərəkətlər Vətənimizin müdafiəsi uğrunda canlarını qurban verən şəhidlərimizin ruhuna təhqirdir. Məgər aksiya keçirməyə yer tapılmır? Hesab edirəm ki, belə qanununsuz əməllərə dövlət orqanları tərəfindən layiqli qiymət verilməyənə qədər dağıdıcı qrupların kütləvi aksiyaları məhdudlaşdırılmalıdır.

Rüstəm XƏLİLOV, Milli Məclisin deputatı:
– Ölkəmizdə mitinq, küçə yürüşü və digər aksiyaların keçirilməsi üçün müvafiq yerlər ayrılıb və iştirakçıların təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Dəfələrlə şahidi olmuşuq ki, radikal müxalifətin keçirmək istədiyi mitinqdə özləri tərəfindən qabaqcadan təxribat törədiləcəyi planlaşdırılıb. Təbii ki, bu çirkin planların qarşısı vaxtında alınıb və aksiya təşkilatçılarına da sübut olunub ki, bütün bunların hamısı öyrədilmiş müxalifət nümayəndələri tərəfindən hazırlanıb. Ancaq son anda bu çirkin niyyətin qarşısı vaxtında alınıb. Yanvarın 19-da “Məhsul” stadionunda keçirilən mitinqdə və bir gün sonra Şəhidlər xiyabanında onların təşkil etdikləri aksiyada da bunun şahidi olduq.
Radikal müxalifət bütün vasitələrlə ictimai asayişi pozmağa çalışır, qarşıdurma yaratmağa cəhd edir və bununla da onları maliyyələşdirən beynəlxalq təşkilatlara, guya Azərbaycanda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu “təsdiqləyən fakt” vermək istəyir. Ancaq hüquq-mühafizə orqanı əməkdaşlarının ayıq-sayıqlığı onların xəbis niyyətlərinin qarşısını vaxtında aldı və qanunu pozanlar məsuliyyətə cəlb olundu. Bütün bunlara görə hesab edirəm ki, yanvarın 19-20-də radikal müxalifət nümayəndələrinin qanunazidd əməlləri hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırılmayınca və bu radikal əməllərə hüquqi qiymət verilməyincə belə ünsürlərin kütləvi aksiya təşkil etməsi müvəqqəti olaraq dayandırılmalıdır.

Hazırladı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed