Şrift:
Anar Bağırov: "Nümayəndəlik fəaliyyəti məhdudlaşdırılmasaydı, hazırda müsbət tendensiyanı görə bilməzdik" - MÜSAHİBƏ
29.01.2019 [11:28] - Müsahibə, Hüquq
Davam.az Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun “Report”-a müsahibəsini təqdim edir:

- Bir ildən artıqdır ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrisiniz. Sizin sədrliyinizdən sonra Kollegiyada nələr dəyişib?

- Vəkillər Kollegiyası bu müddət ərzində şəffaf, ictimaiyyətə açıq qurum kimi fəaliyyət göstərib. Biz ölkə mediası ilə sıx əməkdaşlıq edirik. Bir il ərzində olan yeniliklər anındaca ictimaiyyətə açıqlanıb. Bilirsiniz ki, Vəkillər Kollegiyasının saytı da aktiv fəaliyyət göstərilir. Çalışmışıq ki, tədbirlərimizdə KİV nümayəndələri iştiak etsinlər. Vəkillər Kollegiyası ictimai əhəmiyyəti olan qurum kimi qətiyyən qapalı ola bilməz. Haşiyədən kənara çıxaraq qeyd etmək istədim ki, Kollegiyanın ictimaiyyətə açıqlığı məsələsinə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı məlum 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında ayrıca vurğulanıb. Belə ki, Sərəncamda Kollegiyanın fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı tədbirlərin görülməsi Kollegiyaya tövsiyə olunub. Bu mənada, formalaşan yeni Rəyasət Heyəti bu prinsipi qarşısına məqsəd qoyub. Hazırda Vəkillər Kollegiyası istənilən media qurumuna açıqdır.
Ötən dövr ərzində vəkilliyin inkişafı üçün bir sıra tədbirlər həyata keçirmişik. Qarşımıza qoyduğumuz əsas məqsəd odur ki, ölkədə vəkilliyin nüfuzu artsın. Amma etiraf etmək lazımdır ki, buna nail olmaq yalnız Vəkillər Kollegiyasının fəaliyyəti ilə mümkün deyil. Nüfuzun artırılmasına həm də dövlətin mövqeyi və münasibəti təsir göstərir.

Prezident İlham Əliyevin bayaq adını çəkdiyim 2018-ci ilin 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı qeyd olunanlar baxımından uğurlu nümunədir. Bu Sərəncam vəkilliyin inkişafına təkan verib. Sərəncamın preambulasında güclu və nüfuzlu vəkillik institutu ilə bağlı proqram xarakterli fikir və müddəa inkişaf edən vəkilliyin əsas devizinə çevrilib. Sərəncamda vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyətinin olması xüsusi vurğulanıb.

Bu, dövlətin vəkilliyə münasibətinin təzahürü olmaqla dövlət başçısının vəkilliyə olan diqqətini göstərir. Sərəncamın icrasından sonra vəkilliyin inkişafında böyük dönüş yarandı. Dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləği 2 manat idi. Sərəncamla isə bu məbləğ 3 dəfə artırıldı.

Əminliklə deyə bilərik ki, MDB məkanında dövlət hesabına göstərilən hüquqi yardıma görə ən çox Azərbaycanda ödəniş edilir. Bu, hətta Rusiyadakından da çoxdur. Sərəncamın imzalanmasından sonra regional qurumların yaradılmasına başladıq. Tez-tez səsləndirilir ki, regionlarda vəkillərin sayı azdır. Doğrudan da belədir, regionlarda vəkillərin sayı çox azdır. Bakıda 1000-dən çox vəkil var. Bu, təxminən Avropa standartlarına uyğundur. Amma regionlarda vəziyyət belə deyil. Biz vəkilləri regionlara məcburi göndərə bilmərik. Belə bir səlahiyyətimiz də yoxdur. Onlar könüllü getməlidirlər. Problemi aradan qaldırmaq üçün stimullaşdırıcı tədbirlər həyata keçirilir. Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Vəkillər Kollegiyası arasında əldə olunmuş razılığa əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində, habelə səyyar formada hüquqi yardım göstərilməsi ilə bağlı Agentliklə Anlaşma Memorandumu imzalanıb. Bu proses davam etməkdədir. Bununla da qismən də olsa problem aradan qalxmış olacaq. Biz bəzi hallarda regionlarda çalışan vəkilləri yaşayış yeri ilə də təmin edirik. Biz çalışırıq ki, onlar regionlarda çalışsınlar.

Vəkillərin regionlarda fəaliyyəti üçün normal şərait olmalıdır, konfedensiallıq təmin edilməlidir, yəni vəkilin müştərisi ilə görüşməsi üçün imkanlar yaradılmaldır. Bir sözlə, regionlarda vəkilliyin müstəqilliyini təmin edən binalar olmalıdır. Bu istiqamətdə işlər davam etdirilir. Artıq Şəki, Şirvan, Sumqayıtda bu işlər tamamlanıb. Nazirlər Kabineti tərəfindən regionlarda vəkillərin fəaliyyət göstərmələri üçün binalar istifadəyə verilir. Burada söhbət əvəzsiz və müddətsiz istifadədən gedir. Bu, vəkillərin müstəqil fəaliyyəti üçün zəruri şərtlərdən biridir. Təbii ki, maddi-texniki baza çox böyük məna kəsb edir, amma həlledici əhəmiyyətə malik deyil. Əsas məsələ vəkillərin sayının artırılmasıdır. Ümid edirəm ki, regionlarda ildən-ilə vəkillərin sayı artacaq. 2018-ci ildə vəkilliyə qəbul olunmaq istəyənlər üçün iki dəfə imtahan keçirilib. İndiyədək qısa müddət ərzində imtahanlar bu cür intensiv şəkildə keçirilməmişdi. Bilirsiz ki, əvvəllər vəkilliyə qəbul olmaq üçün imtahan bir neçə ildən bir keçirilirdi. Təsəvvür edin ki, 2004-cü ildə ölkədə 300-dən bir az çox vəkil olduğu halda 2004-2017-ci illər ərzində vəkillərin sayı təxminən 600 nəfər artıraq 900-dən bir az çox olub. Yəni söhbət 13 il ərzində təqribi 600-dən bir qədər çox artımdan gedir. Biz isə bir il ərzində 600-dən çox vəkil qəbul etmişik. Bu çox ciddi rəqəm, göstəricidir.

Ölkədə vəkil qurumlarının sayı iki dəfədən çox artıb və bu proses davam edir. Regionlarda isə 11 qurum yaradılıb. Tam əminliklə deyə bilərəm ki, ölkədə beynəlxalq standartlara cavab verən vəkil qurumları var. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkillik fəaliyyətini tənzimləyən məsələlərə münasibət bildirilib. Məsələn, vəkillərin müştərilərlə bağladığı hüquqi yardım göstərilməsinə dair müqavilələrdən tutmuş, ümumiyyətlə, vəkil qurumlarının yaradılması qaydaları ilə bağlı xüsusi təlimatlar hazırlanıb. Bu sənədlərin hazırlanmasında vəkillər bilavasitə iştirak edib və beynəlxalq təcrübə nəzərə alınıb. Bu, çox vacibdir.

Fevral ayının 1-dən etibarən ölkə üzrə order markaları tətbiq ediləcək. Bu işdə biz qardaş Türkiyənin Respublikasının təcrübəsindən yararlanmışıq. Bu, şübhəsiz, vəkilliyin inkişafına yeni töhfə olacaq. Təbii ki, vəkiliyin inkişafı üçün müəyyən maliyyə resursları lazımdır. Hazırda Vəkillər Kollegiyasının fəaliyyəti yalnız üzvlük haqları hesabına ilə maliyyələşir. Nəzərə almaq lazımdır ki, vəkillərin bəziləri üzrlü səbəbələrdən üzvlük haqqı ödəməkdən azad ediliblər. Bilirsiz ki, xəstə, analıq məzuniyyətində olan vəkillər var. Təbii ki, bunlar üzrlü səbəblərdir. Bu məsələlərdə vəkillərin maraqlarından çıxış edirik. Yalnız üzvlük haqları hesabına Vəkillər Kollegiyasının qanunla müəyyən olunmuş çoxşaxəli fəaliyyətini təmin etmək çətindir. Elə bu səbəbdəndir ki, order markalarının tətbiqinə başlayırıq. Markalardan əldə olunan vəsait hesabına regionlarda vəkil qurumlarının yaradılmasına daha çox diqqət ayıracağıq.

- Vəsait necə əldə olunacaq? Bir order markasının qiyməti nə qədərdir?


- Dövlət hesabına hüquqi yardımın göstərilən işlərdə order markası tətbiq olunmur. Ona görə ki, bu hüquqi yardım aztəminatlı şəxslərə göstərilir. Amma hüquqi yardımla bağlı olmayan digər müqavilələrdə isə order markasının olması tələb olunacaq. Bununla bağlı tərəfimizdən müvafiq təlimatlandırma işi də aparılıb. Xaricdən xüsusi order markaları sifariş olunub. Order markaları mərkəzləşdirilmiş qaydada vəkil qurumları və fərdi vəkillərin Rəyasət Heyətində verdikləri sifariş əsasında əldə olunur. Hüquqi xidmət göstərilən şəxs order xərci barədə məlumatlandırılır və marka ilə bağlı məbləğ vəkil qurumunun rəhbəri, vəkil qurumunun hüquqi yardım göstərəcək vəkili və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən hüquqi yardım göstərilməsi haqqında müqavilə məbləğinə əlavə edilir. Bir order markasının qiyməti 10 manatdır. Həmin vəsait Kollegiyanın bank hesabına köçürülür. Toplanan vəsait yeni vəkil qurumlarının yaradılması ilə yanaşı, xəstə, yardıma ehtiyacı olan vəkillərə sərf olunacaq.

İstəyirik ki, istedadlı hüquqşünas gənclər üçün təqaüd təsis edək. Bu da gənclər arasında vəkillik peşəsinə marağın artmasına xidmət edəcək. Biz gənclərə kömək etməyə çalışırıq. Son bir ildə Kollegiyaya qəbul olunmuş 500 vəkilin yaşı 40-dan çox deyil. Əslində, bu, çox ciddi göstəricidir və vəkilliyin cavanlaşması deməkdir. Sovet vaxtı vəkilliyə əsasən təqaüdə çıxanlar üz tuturdu. Bizi narahat edən məsələlərdən biri odur ki, gənc hüquqşünaslar vəkilliyə meyl etmirlər, hüquq-mühafizə orqanlarında çalışmağa üstünlük verirlər. Biz istəyirik ki, onlar vəkilliyə üz tutsunlar. Bu da tam bizdən asılı məsələ deyil.

Çünki qanunvericiliyimizdə müəyyən problemlər, maneələr var - vəkilliyə qəbul üçün hüquq peşəsi üzrə 3 il iş təcrübəsi tələb olunur. Biz bu müddətin 1 ilə endirilməsini təklif etmişik. Ümumiyyətlə, biz bu istiqamətdə təkliflərimizi müvafiq qurumlara göndərmişik. Bu təkliflər nəzərə alınaraq ayrı-ayrılıqda müzakirə olunmalıdır. Təkliflərimiz qəbul edilərsə, qanunvericiliyə dəyişiklik olunarsa, vəkilliyə qəbul üçün sənəd verənlərin sayı artacaq, stimul yaranacaq. Bundan başqa, digər maneə qismində bir məqamı da qeyd etmək lazımdır. Deməli, vəkillik haqqında qanunvericilikdə vəkilliyə qəbul imtahanında uğur qazanmamış namizədin yalnız 1 il gözlədikdən sonra vəkilliyə sənəd verə bilməsi təsbit olunub. Məsələn, tutaq ki, hüquqşünas vəkilliyə qəbul imtahanında kəsilib. Belə olan halda bu namizəd növbəti imtahan üçün niyə 1 il gözləməlidir? Bu məhdudiyyət doğru deyil. Biz istəyirik ki, namizədlər özlərini ildə üç dəfə sınaya bilsinlər. Çünki 1 il ərzində həmin şəxs özünə başqa iş tapa bilər və biz onu “itirə bilərik”. Qanun bizə nə qədər mümkündür, Kollegiyaya üzv qəbul etmək imkanı verir. Vəkilin hüquqi xidmətlər bazarında qala bilməsi isə onun öz əlindədir və bunu bazar tənzimləyir. Vəkillərin sayı artırsa, deməli, iş də artır. Ölkədə korrupsiyanın səviyyəsi azaldıqca, hüquqi yardıma zərurət artır. Məsələn, “telefon hüququ” işləmir, kimisə axtarmır, birbaşa vəkilə müraciət edir, hüquqi yardım alır. Vəkilliklə bağlı məsələ qaydaya düşdükdən sonra maneə ilə rastlaşan vətəndaş dayısına, əmisinə, tanışına zəng etmir, kimisə axtarmır. Belə olduğu halda vəkillik də inkişaf edər.

Digər problem isə vəkilin ekspertizadan rəy ala bilməməsidir. Nəyə görə vəkil berlə rəyi ala bilməməlidir? Qanunvericilikdə bu boşluq da aradan qaldırılmalıdır. Yəni onların prossesual hüquqları artırılmalıdır.

- Anar müəllim, nümayəndəlik institunun məhdudlaşdırılması ilə bağlı narazılıqlar var... İddia olunur ki, bu məhdudiyyətdən sonra vətəndaşlar bir sıra məhkəmə çəkişmələrində müdafiəsiz qalır. Bu deyilənlərə münasibətiniz necədir?

- Hesab edirəm ki, nümayəndəlik institunun fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qanunvericiliyə edilən dəyişiklik, hətta gecikmişdir. Bu addım bir qədər tez atılsaydı, daha yaxşı olardı. Bu sahədə tam nihilizm hökm sürürdü. Təsəvvür edin ki, vəkillərdən biri deyir ki, evində parket ustası kimi işləyən “X” adlı ustaya məhkəmədə rast gəlir, məhkəməyə gəlmə səbəbini soruşur. O da deyir ki, nümayəndə kimi çıxış edirəm. Baxın, belə absurd hallara rast gəlinirdi. Kim istəyirdisə, bu işlə məşğul olurdu, hətta özlərini hüquqşünas kimi də təqdim edirdilər. Təsəvvür edin, nə qədər neqativ hallar baş verirdi. Problem ondadır ki, bu zərbələr dolayısı ilə vəkilliyə dəyirdi. Məsələn, vətəndaş kimi məhkəməyə gəlir, “X” adlı şəxs özünü hüquqşünas kimi təqdim edir, qeyri-rəsmi ödəniş edilməklə “X” həmin vətəndaşın məhkəmədə hüquqlarını müdafiə edir, halbuki onun hüquqi savadı yoxdur... Burada hansı keyfiyyətli hüquqi yardımdan söhbət gedə bilər ki?! Tutaq ki, vətəndaş məhkəmə çəkişməsində uduzduqdan sonra “X”dən pulu geri istəyir, o da qaytarmır. Sonra da vətəndaş hamıya deyir ki,“vəkil” məni aldatdı, onlar dələduzdurlar, onalara inanmaq olmaz. Nəticə isə ondan ibarətdir ki, vəkillik və bu peşə nüfuzdan düşürdü.

Ona görə də vəkilliyin nüfuzu, demək olar ki, qalmamışdı. İndi isə bütün bunlar aradan qaldırılıb, vəkilliyin nüfuzu artıb. Bizim ayrı yolumuz yoxdur, bir yol var, o da vəkilliyi inkişaf etdirmək. Nümayəndəlik istitutunun fəaliyyəti məhdudlaşdırılmasaydı, hazırda müsbət tendensiyanı görə bilməzdik. Düzdür, nümayəndələr arasında savadlı hüquqşünaslar da olub. Artıq onların bir neçəsi imtahandan keçərək vəkil kimi fəaliyyət göstərirlər. Məsələn, onlardan Loğman Abdullayevin və ya Tahir Əlirzayevin adlarını çəkmək olar. Onlar özləri də etiraf edirlər ki, fərq böyükdür. Hazırda hər şey rəsmidir, müqavilə, şərtlər və s. Bu, çox önəmli məsələdir. Yəni insanlar da, vəkillər də müdafiə olunurlar, qanunsuzluqdan sığortalanırlar. Problem yarandıqda, vətəndaş bilir ki, hara şikayət etmək lazımdır. Amma nümayəndə ilə bağlı hara şikayət edəcəkdilər? Heç məhkəməyə də verə bilmirdilər - həmin nümayəndə məhkəmədə deyir ki, ödəniş edilməyib və bunun sübutu da yoxdur. Onlar vergidən də yayınırdılar, vergi orqanında qeydiyyat keçmirdilər. Belə deyək, bu sahədə anarxiya hökm sürürdü. Nə yaxşı ki, bu problemlər aradan qaldırıldı. Bilirsiniz ki, hüquqi xidmətlərin göstərilməsi üçün lisenziya tələb edilmir. İstənilən şəxs hüquqi xidmət göstərə bilər. Hansı ölkədə belədir? İngiltərədə hüquq firması açıb, lisenziyasız xidmət göstərmək olar? Mümkün deyil. Prosedur o qədər qəlizdir ki...Türkiyədə də kollegiyanın üzvü olmayan şəxs hüquqi xidmət göstərə bilməz. Türkiyədə 125 min vəkil var, ona görə də orada vəkil olmayan şəxs heç məsləhət də verə bilməz. Məsələn, siz hüquq firması açıb, müqavilələr tərtib edə, ərizələr hazırlaya bilərsiniz. Bunun üçün lisenziya tələb olunmur və Vəkillər Kollegiyasının üzvü olmağa da ehtiyac yoxdur. Savadsız, səriştəsiz, reallıqdan uzaq olan, populist insanlar deyirdilər ki, nümayəndəlik institunun fəaliyyətinin məhdudlaşdırılmasından sonra məhkəmələrdə növbələr yaranacaq, vətəndaşlar onları məhkəmələrdə təmsil etməsi üçün vəkil tapa bilməyəcəklər. Onlar vəkillərin sayının az olduğunu əsas gətirirdilər. Məsələ ondadır ki, iddia olunan o növbələr niyə yaranmadı?! Zamanla hər şey qaydasına düşdü. İnsanlar məmnundur, şikayətlər də azalıb, neqativ hallar, demək olar ki, yoxdur. Bəzi hallarda hüquqşünaslardan şikayətlər daxil olur, vətəndaşlara izah edirik ki, onlar vəkil deyil, bu addan qanunsuz istifadə edir. Vəkillər Kollegiyası bu istiqamətdə də tədbirlərini davam etdirir. Vəkillik adından qanunsuz istifadə edənlər bizim bəlamızdır.

- Ötən il neçə belə hal baş verib?

- Saysız-hesabsız... Yəni 5-10 fakt deyil, çoxdur. Bununla bağlı, Kollegiyada xüsusi komissiya da fəaliyyət göstərir, mübarizə aparırıq. Biz vəkil qurumlarının lövhələrinin standartını müəyyən etmişik. Burada pərakəndəlik var idi. Vəkil bürolarının lövhələri bərbad, rəngi solmuş vəziyyətdə idi. Belə olan halda, o büroya kim müraciət edəcək?! Sən orada normal şərait yaratmalısan ki, vətəndaş məmnun qalsın. Vətəndaş oranı dağılmış, şəraitsiz görərsə, nə düşünər? Çalışırıq ki, hər şey qaydalara, qanunvericiliyə uyğun olsun. Hər şeyin standartı olmalıdır. Bu da sözlə olmaz. Bəzi məsələlərlə bağlı standartlar qanunvericilikdə öz əksini tapıb, digərləri isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə tənzimlənir. Qarşıda görüləsi işlər hələ çoxdur. Bəzi ağrılı məsələlərin həlli ilə bağlı müvafiq addımlar atmışıq. Bunu ictimaiyyət nümayəndələri də müşahidə edir.

- Vəkillərə Kollegiyası vəkillərə hər hansı qadağalar qoyurmu?


- Vəkil müsahibə verərkən, hansısa məsələyə münasibət bildirərkən qanunu pozmamalıdır, vəkil sirrini yaymamalıdır. Vəkilin müştəri ilə bağlı bildikləri sirr hesab olunur, yayıla bilməz. Bura istintaq sirri də daxildir. Vəkillər Kollegiyasının “Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnaməsi var və bu sənəd beynəlxalq standartlara tam cavab verir. Bu, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Birliyinin (CCBE - the Council of Bars and Law Societies of Europe) qaydalarına uyğunlaşdırılıb. Bu Qaydalar mahiyyəti etibarilə ciddi sənəddir. Biz vəkillərdən bu qaydalara əməl etməyi tələb edirik. Ola bilər, əvvəllər etməyiblər, amma indi belə olmamalıdır. Məsələn, vəkil kimisə təhqir edə bilməz. Bəzi hallarda vəkil öz həmkarını təhqir edirdi. Bu, necə olur, prokuror prokuroru təhqir etmir, lakin vəkil edir?! Axı bir vəkil digər vəkili sosial şəbəkələrdə, media orqanlarında təhqir edəndə ümumən bu institutun nüfuzu aşağı düşür. Belə olanda, vətəndaşın vəkillərə münasibəti necə olar? Bu məsələlərə Kollegiyanın İntizam Komissiyası nəzarət edir.

Bəzən başa düşmürlər və deyirlər ki, Vəkillər Kollegiyası filan vəkili Kollegiyadan xaric etdi. Bu, savadsız yanaşmadır. Vəkillər Kollegiyasının hər hansı vəkili Kollegiyadan xaric etmək hüququ, səlahiyyəti yoxdur. Kollegiya yeganə qurumdur ki, öz üzvünü özü xaric etmir. Ən sərt cəza kimi Kollegiya vəkilin fəaliyyətini dayandırır, xaric edilməsi üçün məhkəməyə müraciət edilir. Məhkəmə müraciəti təmin edirsə, həmin vəkil Kollegiyadan xaric edilir. Əks halda, fəaliyyətini davam etdirir. Bu, demokratik prosedurdur və bundan obyektiv, düzgün nə ola bilər ki? Başqa ökələrdə belə deyil, bəzilərində prokurorluq və Ədliyyə Nazirliyi qərar verir. Yəni, Vəkillər Kollegiyası hansısa vəkili Kollegiyadan xaric edə bilmir. Qanunu oxumurlar deyə, bu cür fikirlər səsləndirirlər. Əgər vəkili qanun pozuntusuna yol veribsə, “Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnamənin tələblərinə əməl etməyibsə və haqlı olduğunu iddia edirsə, Vəkillər Kollegiyası nə etməlidir? Lakin əgər vəkil səhvini etiraf edirsə, Kollegiya bunu nəzərə alır. Qanun pozuntusa ilə bağlı müraciət daxil olduqda, Kollegiyanın Rəyasət Heyəti intizam icraatına başlayır, müraciətə İntizam kommisiyasında baxılır. Komissiya 13 vəkildən ibarətdir. Həmin Komissiyanı da vəkillər özləri formalaşdırıblar. Yəni, onları Kollegiyanın sədri təyin etmir və məndən asılı deyillər. Axı onları mən təyin etməmişəm. İntizam Komissiyasında məsələyə baxılarkən vəkil dəvət olunur və ondan izahat tələb olunur. Sonra Komissiya vəkilin davranışında pozuntu olub-olmaması ilə bağlı rəy qəbul edir. Əgər Komissiya vəkilin fəaliyyətin pozuntu olması ilə bağlı rəy verirsə, bunu əsaslandırmalıdır. Həmin rəy Rəyasət Heyətinə göndərilir. Rəyasət Heyətində də bu məsələ müzakirə olunur. Heyət 15 nəfərdən ibarətdir. Mən də Kollegiyanın sədri kimi bir səs hüququna malikəm. Həmişə çalışıram ki, sonda səs verəm. Ona görə ki, sədr kimi münasibətim digərlərinin qərarlarına təsir edə bilər. Mən necə seçilmişəmsə, Rəyasət Heyətinin üzvləri də elə seçiliblər, yəni məndən asılı deyillər. İkinci belə demokratik icraat hansı orqanda var? Digər qurumlarda belə deyil, rəhbər işçini azad edir və deyir “narazısansa, məhkəməyə müraciət et”. Vəkillər Kollegiyasında məsələ belə deyil, bu prosedur çox mürəkkəb, demokratik və şəffafdır. Bu cür prosesə necə kölgə salmaq olar?! Burada neqativ nəsə axtarmaq, yumşaq desəm,insafsızlıq olar. Vəkillər Kollegiyası tam müstəqil təsisatdır, heç bir qurum bizə təzyiq və ya öz iradəsini diktə edə bilməz. Bizi vəkillər seçiblər, onlar qarşısında hesabatlıyıq. Biz də vicdanla işimizi icra edirik. Bəziləri bunu başa düşsə də, qəsdən yanlış mövqe bildirərək ictimaiyyətdə mənfi rəy yaratmağa çalışırlar.

- Bu fikirləri daha çox müxalifyönlü şəxslər səsləndirirlər...

- Anar Bağırov Vəkillər Kollegiyasının sədridir, təyin edilməyib, vəkillər yekdilliklə seçib. Bu, çox önəmli məsələdir. Kollegiya sədrinin legitimliyi qəbul edilib, heç kəs seçkinin nəticələrini şübhə altına almayıb. Beynəlxalq təşkilatların hamısı məni təbrik edib. Belə olan halda kiminsə işimizə müdaxilə etməsi qətiyyən mümkün deyil. Sədr kimi qanun və vəkillər qarşısında məsuliyyət daşıyıram. Keçirilən imtahanlar da tam şəffaf olur, hamıya eyni suallar verilir, ayrı-seçilik olmur. Təsəvvür edin, imtahanlarda 2000 nəfər iştirak edib, onlardan 600-dən çoxu Kollegiyaya qəbul olunub, cəmi bir neçə nəfər bunu mübahisələndirib.

- Olubmu ki, vəkilin Kollegiyadan xaric edilməsi ilə bağlı məhkəməyə müraciətiniz təmin edilməsin?


- Bəli, belə hallar da olur. Ümumiyyətlə, bu istiqamətdə məhkəmə işləri də çox deyil.

Vəkillər Kollegiyası əsası olmayan fikirlərə baxmayaraq, fəaliyyətini şəffaf şəkildə davam etdirir. Qeyd etməliyəm ki, Kollegiya beynəlxalq əməkdaşlıq əlaqələrini də gücləndirir. Kollegiya qonşu ölkələrlə çox yaxşı münasibətlər qurub. Vəkilliyin 100 illiyini qeyd etməyə hazırlaşırıq. Təsəvvür edin, 1 il əvvəl sual versəydiniz ki, Azərbaycanda vəkillik nə vaxt yaranıb, bilməyəcəkdim... Heç kəs vəkilliyin nə vaxt yarandığını bilmirdi. Biz bunu qısa zaman ərzində araşdırdıq, məlum oldu ki, Azərbaycanın ilk vəkilləri Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında iştirak edən görkəmli şəxsiyyətlər vəkilliyin yaranmasında da iştirak ediblər. Amma bunlar onların tərcümeyi-halında yazılmayıb. Azərbaycanda müstəqil vəkilliyin bərpasının 20 ili tamam olur. “Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanun 1999-cu ildə qəbul edilib.

- Peşə bayramı kimi hansı tarixi seçəcəksiniz?
İyulun 30-da vəkilliyin 100 illiyi, 29 dekabr isə müstəqil vəkilliyin bərpasının 20 illiyidir. Planlaşdırırıq ki, aralıq dövrdə - sentyabr və ya oktyabr ayında bu əlamətdar hadisələri qeyd edək. Düşünürük ki, böyük tədbir keçirək, xaricdən qonaqlar dəvət edək. Biz daim yeniliklərin tətbiqinə çalışırıq. Hazırda Kollegiyanın 8 futbol komandası, ansamblı var. Kollegiyanın öz çempionatı var. Komandamız xaricdə bir neçə turnirdə qalib olub. Bu da Azərbaycan vəkilliyinin imkanlarını potensialını nümayiş etdirir. Vəkilliyin inkişafı ilə bağlı kimsə şübhə etməsin. Güclü vəkillik vətəndaş məmnunluğunun əsas şərtidir. Vəkil dövlətlə vətəndaş arasında körpü rolunu oynayır.

- Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonumuz Kəlbəcərdə öz yaxınlarının məzarlarını ziyarət edərkən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində hansı addımlar atılır?


- Bu istiqamətdə bütün addımlar atılır. Bir müddət öncə, Avropa Şurasının Parlament Assambleyasında da bu məsələ qaldırıldı. Avropa qurumları bu məsələdə neytral mövqe nümayiş etdirirlər. Necə olur, bu məsələyə reaksiya vermirlər, digər məsələlərlə bağlı geniş müzakirə açırlar? Bizim iki vətəndaşımız girovluqdadır, qeyri-insani rəftara məruz qalıblar və bütün bunlar sübut edilib. Bunu bilə-bilə AŞPA və digər qurumlar niyə sərt mövqe ortaya qoymurlar? Hüquqşünas kimi belə hallarla barışa bilmirəm. Orada hər şeyi lobbilər həll edir. Müəyyən lobbilər var ki, öz maraqları çərçivəsində qarışıqlıq yaradırlar. Belə ədalətlisinizsə, insanları qayğısına qalırsınızsa, o iki şəxsi azad etdirin... Onların hüquqları hüquq deyil?! Bu insanlar nə ediblər ki?! Öz ata-baba yurdlarındakı yaxınlarının qəbirlərini ziyarətə gediblər. İnsanın öz torpağında qəbiri ziyarət etmək hüququ olmamalıdır? Buna necə don geyindirmək olar? Acı reallığı dərk etməliyik. Bu, ikili standart deyil, haqsızlıqdır. Bizə yol göstərənlər əvvəlcə öz əməllərinə fikir verməlidirlər. Biz hər şeyi görürük, naşı deyilik. Həmişə mövqeyimi açıq şəkildə bəyan edirəm. Belə nəticə çıxardıram ki, insan hüquqları onların marağında deyil sanki...
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed