Şrift:
Mitinq keçirmək istəyi altında siyasi xaos niyyəti
29.01.2019 [12:41] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Partiya sədrlərinin fikrincə, “Milli Şura” adlı qurum təxribat yaratmaqla növbəti mitinqlərin üzərindən özü xətt çəkib

Müxalifətin radikal qanadının zaman-zaman ölkə daxilində siyasi sabitliyi pozmaq cəhdləri olub. Son olaraq, yanvarın 19-da mitinq keçirən "Milli Şura” adlı qurumun atdığı addımlardan da bunu görmək olar. Hər kəsə məlum olduğu kimi, "demokratik qüvvələr” adı altında toplaşan bu qurumun, əslində Əli Kərimlinin partiyasının bir şöbəsi rolunu oynadığı hər kəsə bəllidir və son mitinqdə də bu, açıq-aydın özünü bir daha göstərdi. Özünü "demokrat” adlandıran bu qüvvələrin əslində məqsədi heç də mitinq keçirmək istəyi deyil. Açıq şəkildə insanları təxribata, qanunlara itaətsizliyə çağırışların nəticəsi idi ki, 20 Yanvar ümumxalq hüzn günündə Ə.Kərimlinin oyuncağına çevrilən "Milli Şura” adlanan qurumun tərəfdarları Şəhidlər Xiyabanında əvvəlcədən müəyyən olunmuş təhlükəsizlik qaydalarını pozaraq "siyasi şou” göstərməyə cəhd etdilər. Yanvarın 19-da keçirilən mitinqdən və bir gün sonra Şəhidlər Xiyabanında göstərilən "siyasi şou” və təxribat cəhdlərindən sonra bu qurumun yanvarın 26-da yenidən mitinq keçirməklə bağlı müraciəti, haqlı olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən imtina ilə cavablandırıldı. BŞİH öz cavab məktubunda açıq şəkildə imtinanın səbəblərini də qeyd etdi. Buna baxmayaraq, "Milli Şura” tərəfdarları yanvarın 26-da icazəsiz aksiyalar keçirməyə cəhd göstərdilər, lakin hüquq-mühafizə orqanları bunun qarşısını aldı. Bütün bu baş verənlər bir daha onu göstərir ki, "Milli Şura” adlanan qurum, həmçinin radikal müxalifət xaricdəki anti-Azərbaycan mərkəzlərinin sifarişi ilə yenidən ölkədə sabitliyi pozmağa cəhd göstərir. Belə olmasaydı, dünənə qədər bəhanə edib mitinq keçirdikləri Mehman Hüseynovla bağlı məsələ obyektiv həllini tapdıqdan sonra onu hədəf seçib təhqir etməzdilər. Göründüyü kimi, radikal müxalifət, "Milli Şura” adlanan qurumun rəhbərləri və tərəfdarları sadəcə mitinq keçirmək niyyətində deyillər, onlar Azərbaycanda siyasi xaos yaratmaq istəyirlər.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, Azərbaycanda sərbəst toplaşmaqla bağlı qanun var və ona da əməl olunur: "Bu qanundan irəli gələrək, hər kəsə öz sözünü, fikrini bildirməyə şərait yaradılır. Elə yanvarın 19-da və ondan əvvəl Qarabağla bağlı keçirilən mitinqlər buna bir nümunədir. Bu mitinqlərə icazə verilmişdi. Amma belə məsələlərdən sui-istifadə etmək halları olur. Xüsusən də, xarici ölkələrdə yaradılmış qurumların ölkədə hər hansı bir ad altında meydana çıxması və özlərinin maraqlarından irəli gələrək səs-küy salması doğru deyil. Əslində ictimai rəydə də özlərinə bir yer tapa bilmirlər. Hesab edirəm ki, milli maraqlar olan yerdə şəxsi, qrup, partiya maraqları mütləq qurban verilməlidir. Dövlət maraqları əsasdır və heç kim də "cığallıq” etməməlidir. Ölkənin həssas dönəmində dövlət tərəfindən, xüsusən də "5-ci kalon”un edə biləcəyi destruktiv hərəkətlərin qarşısı alınmalıdır”.
F.Quliyev əlavə etdi ki, müxalifətin radikal qanadı tərəfindən yenidən icazəsiz aksiyalara cəhd olacağı təqdirdə, bunun qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınacaq: "Əgər kimsə kənardan və ya Moskvada formalaşdırılmış qurumlar, başqa dövlətlərin cibində əli olanlar ölkəmizi, müstəqilliyimizi təhdid edən hərəkətlər edəcəksə, güc strukturları buna qarşı adekvat iş görəcək. Hüquq-mühafizə orqanları Azərbaycana qarşı təhdidin qarşısını heç şübhəsiz alacaqdır və bunun başqa bir yolu yoxdur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev bildirdi ki, Şəhidlər Xiyabanı müqəddəs məkan olduğundan istənilən bir siyasi fəaliyyət və xal qazanmaq cəhdi qəbuledilməzdir: "Buna görə də, bu müqəddəs məkanla bağlı atılan istənilən qeyri-standart siyasi addımı qətiyyətlə pisləyirik. Yanvarın 20-də Əli Kərimlinin tərəfdarlarının polis səddini yararaq keçməsi, ümumiyyətlə orada iğtişaş xarakterli fəaliyyətə cəhd etməsi qəbuledilməzdir. Əslində həmin gün təhlükəsizliklə bağlı atılan addımlarla biz də qarşılaşmışıq. Amma biz polisin bütün bu tələblərinə riayət etdik. Çünki həmin gün Şəhidlər Xiyabanına insanların axını olur və təhlükəsizlik tədbirlərindən irəli gələrək müəyyən problemlər yaşanır. Ancaq buna fikir bildirmək, statusundan istifadə edib qabağa keçmək qəbuledilməzdir. Bu baxımdan "Milli Şura”nın və Əli Kərimlinin atdığı addımları qətiyyətlə pisləyirəm. Ümumiyyətlə, Şəhidlər Xiyabanı siyasət məkanı deyil”.
R.Nurullayev mitinqlərin keçirilməsinin əleyhinə olmadığını qeyd etdi: "Amma mitinqlər heç bir halda xaosa çevrilməməlidir, icazəsiz olmamalıdır. Anti-konstitusion vasitələrlə dövlət çevrilişi cəhdi etmək, hakimiyyəti ələ keçirmək, insanları ayağa qaldırıb küçə iğtişaşlarına səsləmək qəbuledilməzdir. İnqilabi dəyişikliyə aparan bütün təzahürləri pisləyirəm. Bakı Şəhər İcra Hakimiyyəti indiyə qədər mitinqlə bağlı xahiş edilən bütün müraciətlərə müsbət cavab verib. Onun üçün də qanun çərçivəsində deyilən şüarlardan kənara çıxmaq, bu və ya digər şəkildə qanunla nəzərdə tutulmayan addımlara getmək təbii ki, növbəti mərhələdə mitinqlərin keçirilməsinə maneə yaradacaq. O baxımdan hesab edirəm ki, "Milli Şura”nın atdığı addımlar düzgün deyil və icazəsiz aksiya keçirmək qəbuledilməzdir. Bu o deməkdir ki, təxribat yaratmaqla növbəti mitinqlərin üzərindən özləri xətt çəkib və bundan sonra kimləri isə günahlandırırlar. Ona görə də, əgər Azərbaycanda mitinq, aksiya keçiriləcəksə, bunu sağlam qüvvələr keçirməlidir. Mitinqlər kiminsə şəxsi maraqlarına xidmət etməməlidir və bu cür aksiyalar narazılığı bildirmək üçün təşkil oluna bilər. Çünki sağlam müxalifət cəmiyyətin aynasıdır və insanların fikirlərini dilə gətirməsi üçün bir vasitədir. Amma bundan şəxsi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir”.

AZAD
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed