Şrift:
Azərbaycanda dissident hərəkatı olubmu?
31.07.2012 [12:14] - Gündəm, Müsahibə
FİRUZ HAŞIMOV: “ABŞ DÖVLƏT DEPARTAMENTİNİN TƏRTİB ETDİYİ SİYAHIDA AZƏRBAYCANDA BİR NƏFƏRİN ADI VAR; O DA MEMAR NADİR AĞAYEVDİR”

“Bu günə qədər demokratiyadan dəm vuran yalançı ziyalılarımızın hansı birisi indiyə qədər Papanin küçəsində yerləşən hərbi qostipala gedib və yaralı, xəstə əsgərlərə bir kiloqram peçenye aparıb?”

Azərbaycanda dissitentlik mövzusu ara-sıra gündəmə gəlsə də, artıq unudulmaq üzrədir. Nədənsə, heç kim bu mövzuya toxunmaq və danışmaq istəmir. Halbuki, hər bir dövlətin inkişaf mərhələsində müəyyən insanlar meydana çıxaraq dissidentlik hərəkatını yaratdıqlarını bəyan edib və bu sahədə mübarizə aparıblar. Azərbaycan tarixində də dissident hərəkatı olub, amma bu məsələ nədənsə qabardılmayıb. Bu məsələ kimlərinsə xoşuna getmədiyindən, yaxud da kimlərinsə inhisarında olduğundan, heç kim cəsarət edib danışa bilməyib.


Amma müsahibimiz, heç nədən qorxmadan bu mövzuda bizimlə həmsöhbət olacağını bildirdi. Biz də razılaşıb onunla vaxt təyin etdik və redaksiyaya dəvət edərək, onunla bu mövzuda söhbət apardıq.

Heç nədən çəkinmədən, qorxmadan “Dissidentlik” mövzusunda bizimlə həmsöhbət olan tanınmış publisist, tarixi araşdırmaçı və qocaman jurnalist Firuz Həşimov bir çox qaranlıq məqamlara aydınlıq gətirdi;


- Azərbaycanda dissident varmı? Varsa, onlar kimlərdir ?


- Bu mövzuda neçə illərdir ki, söz-söhbət kəsilmək bilmir. Kim nə istəyir yazır, kimi də nə istəyir uydurur. Hər dəfə də bu axının qabağına çıxıb demişəm ki, əzizlərim, kimisə bütləşdirirsiniz, kimisə müqəddəsləşdirirsiniz, öz işinizdi. Amma imkan verin bəzi məsələləri bilən, bəzi məsələlərin şahidi olan biz qocalar ölüb gedək, sonra dünyaya hardan baxırsınız baxın, kimin başına istəsəniz, mücahid cələngi, kimin də başına Azadlıq mübariz tacını qoyarsız. Bu dissident məsələsi yaralı yerim olduğuna görə dözə bilmirəm. Birdəfəlik bilmək lazımdır ki, ABŞ Dövlət Departamentinin vaxtı ilə tərtib etdiyi siyahıda Azərbaycanda bir nəfərin adı var; o da memar Nadir Ağayev idi. İşlədiyi müəssisədə o bəla qalmamışdı ki, onun başına gətirməsinlər. Bilirsiz, kimlər? Ermənilərin qabağında quyruq bulayanlar, Rus şovinizminin lakeyləri. O da sözünü deyən adam idi, təmiz işləyib, başqalarından da kişi kimi təmiz işləməyi tələb edirdi. Axırda da onu psixoloji terrora məruz qoydular və Rusiyanın ən ağır həbxanalarında məhv etdilər. O dövrdə ABŞ SSRİ-yə qarşı böyük kampaniyaya başlamışdı. O zamanlar psixoloji terrora məruz qalanları bir–bir axtarırdılar. Azərbaycanda da əsl dissident kimi bircə Nadir Ağayev tapıldı. O, bir dissident kimi ABŞ Dövlət departamentinin siyahısına düşdü. Rəsmi şəkildə bəyan edirəm ki, mən Azərbaycanda başqa dissident tanımıram. Çünki dissident tələblərinə cavab verən ayrı insan yoxdur. 1968–ci ildə Qızıl meydana 7 nəfər ziyalı çıxaraq Sovet qoşunlarının Praqaya soxulmasına etiraz etdilər və “Əlinizi Çexoslavakiyadan çəkin” şuarı səsləndirdilər. Bu görünməmiş möcüzə idi. Bax, əsl dissident onlar idi. Bizdə isə dissidentliyi belə qəbul edirdilər; hansısa çayxanada oturub laqqırtı vururdular və orden-medal sahibi olan saray şairlərini, yazıçıları söyürdülər. Bununla da elə bilirdilər ki, bu dissidentlikdir. Bu, dissidentlik yox, 200 qr. araq və 1 stəkan pivənin təsiri altındakı qiybətdən başqa bir şey deyildi. Əsl dissident bizim namuslu, qeyrətli ziyallılarımız idi. O ziyalılar ki, onlar rus şovinizminin bütün planlarını alt-üst etmişdilər. Rus şovinizminin məqsədi, azərbaycanlıları çukçi səviyəsinə endirməkdi. Bizdə isə Xudu Məmmədov, Lətif Kərimov, Azad Mirzəcanzadə kimi böyük şəxsiyyətlər vardı. Lətif Kərimov bütün dünyaya sübut etdi ki tədbiqi sənətdə Azərbaycan xalqı bütün dünya xalqlarına müəllimlik edir. Biz bəşər xəzinəsinə 600 çeşni (kompazisiya) bəxş etmişik. İtaliya qədim böyük intibahı ilə bizim qabağımıza heç nə çıxarda bilmir. Lətif Kərimov böyük kəşf etdi. Bütün dünya onu qəbul elədi. Xudu Məmmədovun Azərbaycanın neçə nəsil vətənpərvər ziyalısının yetişməsində müstəsna xidməti olub. Üzeyir Hacıbəyov məktəbinin davamçıları, bəstəkarlar qoymadılar ki, Azərbayçanın zəngin musiqi xəzinəsi bayağılaşsın və düşük vəziyyətə, yəni indiki vəziyyətə düşsün. Nə qədər ki, Cahangir Cahangirov, Səid Rüstəmov, Qara Qarayev, Əfrasiyab Bədəlbəyli kimi dahi sənətkarlarımız sağ idi, nə qədər ki, bədii şuralarda Azərbaycan incəsənətinin qədrini bilən əsil sənətkarlar, xiridarlar oturmuşdu, o dövrdə heç kim belə qələtləri edə bilməzdi. Görün, dünya elə günə gəlib çatıb ki, Azərbaycanın iftixarı Üzeyir bəy də xalq artistidir, Azərbaycan vokalına qaraçı motivləri gətirən Faiq Ağayev kimi bir toyxana avarası və Səməd Səmədov kimi düşüyün birisi də xalq artistidir. Mən şəxsən bunu Azərbaycan xalqına ən dəhşətli təhqir, həqarət sayıram və bu barədə dəfələrlə mətbuata da demişəm. O dövrdə Azərbaycanın ziyallıları var idi və onların qabağında söz demək mümkün deyildi. Totalitar rejim olsa da, belə ziyalılar olan yerdə Mərkəsi Komitə heç nə edə bilməzdi. O illərdə də indiki kimi Azərbaycanın maddi-mədəniyyət abidələrinin məhvi gedirdi. Amma həmin ziyallılar çox şeyə müdaxilə edə bilmirdi, çünki onların öz sahələri vardı. İndi döşünə döyüb, 60–cı illərdən çox danışanlar var. Onların birisi də bizim səsimizə səs vermədi. Azərbaycanın bütün maddi-mənəvi mədəniyyəti hər yerdə yerlə-yeksan olurdu. Levon Mamikonov adlı indiki Texniki Universitetin erməni mənşəli müəlliminə, ümumilikdə inşaat fakutəsinə Azərbaycanın bütün maddi-mədəniyyət abidələrin bərpası tapşırılmışdı. Mömünə Xatun məqrəbəsini o bu günə saldı, Qarabağlılar kompleksini darmadağın elədi. Abşerondakı Azərbaycanın bütün istehkamlarının hamısını 2 metr səviyəsinə aşağı saldı. 14 metr qalınlığı olan İçəri şəhərın mədəni - arxealoji qatı tarı-mar olundu. O zamanlar indi sinələrinə vuranların birinin də səsi çıxmırdı. Qürur hissi ilə deyirəm ki, o zamanlar səs salan insanlardan biri mən idim, Telman Haqverdiyev idi, Cəfər Qiyasi idi. Bizim səsimizə səs verən yox idi. İlk dəfə biz dedik ki, Azərbaycan memarlıq-tarixi abidələri əldən getdi. Heç kim dillənmədiyi üçün bu məsələni biz qaldırdıq. Ancaq indi hamı memuar yazır.

Əbülfəz Qədirqulu oğlu Əliyev haqqında yayılan əfsanələrdən danışaq. Mən o kişinin məhkəməsində oturmuşam və onda da açıq dedim, indi də deyirəm, o adamın heç bir günahı yox idi. Məhkəmə zamanı bu da məlum oldu. Ona qarşı 22 nəfər şahidlik edirdi. Onun üzunə durmaq istəyənlərin hamısı xaricə işləməyə getmək istəyənlər idi. O zaman xarici ölkədə tərcüməçi işləyən, gələndə özünə “ Volqa “ - da alırdı, ev də tikirdi, karyera da qururdu. Həmin illərdə tərcüməçi işləməyə getmək istəyənlər bir–birini satırdılar. Bunu hamı bilirdi. O adamın günahı yox idi, onu sadəcə olaraq ləkələmişdilər.


- Bəlkə kimlərsə onu qurban vermək istəyirdi?


- Bəli, onu qurban vermişdilər, özü də kimlərinsə xoşuna getmək üçün belə edirdilər. O zaman Milli Təhlükəsizlik Komitəsi özünü göstərmək istəyirdi ki, baxın, bizə siz havayı yerə pul vermirsiniz, biz işləyirik və Sovet hökümətinin düşmənlərini axtarırıq. Əgər o, doğrudan da Sovet hökümətinin düşməni olsaydı, il yarım Qaradağ həbsxanasında yatandan sonra ona Əlyazmalar İnstitutunda əli, ayağı təmiz iş verməzdilər. Mən onun işini şübhə altına almıram, əksinə onun üzünə duran, onu şərləyənləri bir–bir tanıyıram, neçəsini də cəmiyyət içində təhqir etmişəm.


- Bir də Cahid Hilal oğlu deyilən biri də olub. Onunla bağlı hansısa məlumatınız varmı?


- Bəli, tanıyıram. Amma bu gün insanlardan Cahid Hilal oğlunun kimliyini soruşsaq, heç kim tanımayacaq. 28 may 1956–cı ildə Azərbaycanın üç rəngli bayrağını Qız qalasının üstünə qaldırdı. Ona 12 il həbs cəzası verdilər. Onu bu işə təhrik edənlərin kim olduğunu dəqiq deyə bilmərəm. Heç özü də demədi. Yalnız onu satanların adlarını mənə deyə bildi. Həmin satqınların hamısı indi rəhmətə gediblər. 12 - il həbsdə yatandan sonra çıxsa da, onu çox yaşamağa qoymadılar, və şəhərin mərkəzində müəmmalı şəkildə qətlə yetirdilər.


- O dövrdə başqa kimlər Sovet quruluşuna qarşı mübarizə aparırdı?


- Bir də Mais Tahirov vardı. O, tarix fakultəsini 1962-ci ildə qurtardı. Onun məhkəməsini unverstetin (indiki Dövlət İqtisad Universiteti) binasında qurdular. Mərkəzi komitədən, Bakı partiya komitəsindən, Dövlət Təhlükəsizlik Komitəsindən adamlar gəlmişdi. Gözləyirdilər ki, indi gözəl violançel çalan, tarixçi Mais Tahirov başlayacaq tövbə eləməyə. Əksinə, o çox əzəmətli, hamını heyran edən, yadda qalan bir çıxış elədi. Zaldakı insanlara elə bir su ələnmişdi. Mən indiyə qədər elə bir çıxış eşitməmişdim. Ondan sonra o, asperanturiya daxil oldu, ordan da onu hərbi xidmətə apardılar. Əsgərlikdə də müəmmalı şəkildə həlak oldu. Paşa adlı bir oğlan da vardı. Gözəl aktyor idi, “Səhranın bəyaz günəşi altında” və “7 oğul istərəm” filmlərində epizodik rollarda oynayıb. Saqqallı oğlan idi, özü də tibb işçiləri evində işləyirdi. İndiki Azneft meydanındakı binada bədii işlərə baxırdı. O da odlu-alovlu danışan, təşkilat yaranmasını istəyən, cənub məsələlərindən danışan, ən çox deyib yanan insan idi. Onun ölümü də mənim üçün müəmmalı qaldı. O illərdə ən çox dəbdə olan cənub mövzusu idi. Araz, Təbriz, dil... Bu üç mövzu hər yerdə danışılırdı. Bu mövzudan qırağa heç kim çıxmırdı. İndi Moskvada çox sənədlər açılıb, çıxıb ortaya. Biz indi bildik ki, o mövzuda yazanlar, Moskvanın əmri ilə yazırmışlar. Belə ki, Moskvanın İran şahı ilə arası dəyəndə yuxardan əmir gəlirdi ki, cənub mövzusunda yazın. İran şahı da qorxuya düşürdü k, bu boyda nəhəng imperiyanın təbəələri birləşmək, Təbrizi almaq istəyir. Elə ki, İran şahı ram olurdu, mövzunu yığışdırırdılar.


- Sizi bu mövzuda danışmağa nə məcbur edir?


- Məni danışdıran dərddir. Çünki Azərbaycanın milli istiqlaliyyəti uğrunda, onun elmi və mədəniyyəti uğrunda kişi kimi vuruşmuş adamların xidməti unudulub. Onlarin adı heç yerdə çəkilmir. Səlim Həqqinin adını yəqin ki, eşitmisiniz? “20 Yanvar” qəzetinin təsisçisi və 20 Yanvar batalyonunu yaradan. Hamilə yoldaşı ilə evində öldürüldü. İndiyə qədər də bu cinayətin üstü bağlı qalıb. Bununla bağlı 1-2 dəfə qəzetlərdə söhbət oldu. Mən onda qorxmadan 2 dəfə qəzetlərdə bəyanat verdim. Səlim Həqqi bir sirrin qurbanı oldu. 20 yanvar gecəsi səhərə qədər Mərkəzi Komitənin qarşısındakı meydanda idim. Gördüm ki, rəngi ağarmış vəziyyətdə gəlir. Soruşdum ki, nə olub sənə, rəngin niyə belə qaçıb? Səlim cavab verdi ki, nə alçaq adamlardır bunlar? Soruşdum ki, sən kimi söyürsən? Dedi ki, vallah, bilsələr ki, mən bunu öyrənmişəm məni oldürəcəklər. - Nə olub sənə ? Şəhər qan içindədi . Bildirdi ki, fitnəkarlar aradan çıxsınlar deyə, qırğından yarım saat əvvəl, aradan çıxmaq siqnal verənlər olub. Yəni, siqnal verilib ki, artıq qoşun gəlir, buna görə də camaatı qırğına çıxarıb, özünüz aradan çıxa bilərsiniz. Təkrar soruşanda ki, bu nə siqnal olub, cavabında, bu siqnalın fişənglər olduğunu bildirdi. Mən isə ona bildirdim ki, mən səni heç görməmişəm, sən də heç kimin adını mənə deməmisən. Bundan sonra sağollaşdıq və o, çıxıb getdi. Belə düşünürəm ki, Səlim Həqqi bu sirrin qurbanı oldu. 1992–ci ildə onu evdə hamilə yoldaşı ilə bir yerdə öldürdülər. Bu görünməmiş cinayət idi. Bu cinayətin üstü açılmadı və bunu arada yox elədilər.


Azərbaycan xalqı, onun gəncliyi üçün biliyini, əməyini, canını əsirgəməyən bəstəkarlarımız, gözəl rəssamlarımız və alimlərimiz olub. Azad Mircanzadənin, Xudu Məmmədovun, Əkrəm Cəfərin, Əli Fəhminin mühazirələrini dinləməkdən adam yorulmurdu. Onların ağzından ləl – cavahirət tökülürdü. Hansını sayasan? Bəstəkarlarımız musiqimizin bakirəliyini, paklığını göz bəbəyi kimi qoruyurdular. Əsl dissident məhz onlar idi. Onlar qoymurdular ki, bu başı bəlalı xalq düşük vəziyyətə düşsün. Azərbaycan rəssamlarının böyük bir qvardiyası yaranmışdı. Ancaq indi heç kim qalmayıb. Son 20 il ərzində insanları ayağa qaldıra bilən bir əsər yarada bilməyiblər. Hərbi hissələrdə olan plakatlara, şəkillərə baxanda insan utanıb yerə girir, yəni normal bir rəssam yoxdur ki, bu plakatları yenidən işləsin? Hələ üstəlik bu rəssamlar Qlazunovun çəkdiyi əsərləri bəyənmirlər də. Onun əsərləri Moskvada sərgiyə qoyulanda, 100.000 insan növbəyə dururdu. İnsanlar onun açıq millətçiliyə və şovunizmə səsləyən tablolarına tamaşa edirdilər. Amma Azərbaycanda olan indiki rəssamlarımız son 20 ildə insanları ayağa qaldıra bilən, vətənpərvərliyə səsləyə bilən plakatlar hazırlaya bilməyiblər. Fikir verin, 20 il ərzində vətənpərvərlik təbliğatında, - Cəngidən, Üverturadan, Misridən başqa melodiya səslənmir, Rusiyada isə Böyük Vətən müharibəsi başlayanda, insanları ayağa qaldıran yüzlərlə mahnılar bəstələndi. Hal hazırda Xvorostovski kimi Rusiyanın tanınmmış vokalisti Böyük Vətən müharibəsi illərində bəstələnmiş mahnıları oxuyanda, adamın tükü ürpəşir. Hamı ona qulaq asır və salonlar ayağa qalxır. Şuşası əlindən getmiş, 20 % torpağı itirilmiş, qız-gəlini əsir aparılmış məmləkətdə biz oturub Röyalara, Aygün Kazımova kimilərinin göbək atmalarına, Faiq Ağayevlərin qaraçılığına baxırıq. Bəs hanı Azərbaycanın müxtəlif forumlarda yığışan ziyalıları? İdeoloji boşluq yaranıb. Bu boşluğu yaradanlar da indi sinələrinə döyən titullu haramzadalardır. Məsələ də burasındadır ki, indi bu insanlar heç kimi, nə iqtidarı, nə də müxalifəti bəyənmirlər. Arada bir camaata xoş gəlmək üçün müxalifətçilik edirlər. Sonra da deyirlər ki, xalq bizim dalımızca gəlmir. Gəlməyəcək də! İçəri şəhər kimi tarixi məkanımızı məhv etdilər, ancaq bu ziyalılarımız ağızlarını açıb bir söz demədilər. Zori Balayan Azərbaycan xalqının ən böyük düşmənlərindən biridir. İki gün boş qalmış Şuşaya ermənilər təntənə ilə girəndə, o hamının önundə addımlayırdı. Bu günə qədər demokratiyadan dəm vuran yalançı ziyalılarımızın hansı birisi indiyə qədər Papanin küçəsində yerləşən hərbi qostipala gedib və yaralı, xəstə əsgərlərə bir kiloqram peçenye aparıb? Heç kim döşünə döyüb, bunu deyə bilməz. Necə olur ki, Tvardovski, Simonov, Luqovskoy kimi nəhəng sənət adamları Böyük Vətən mühabibəsi illərində hərbi paltar geyinib cəbbələrdən evə dönmədilər? Hətta Azərbaycan Yazıçılar İttifaqının ən ağciyər yazıçısı Əbülhəsən belə Sevastopolda həm vuruşub, həm də qəzet çıxarırdı. Rəsul Rza, Suleyman Rəhimov və Mirzə ibrahimov cənubda Milli hökümətin yaranmasında iştirak edirdilər. Qalan şair və yazıçılar da cəbhədə əsgər və döyüşçülərlə bir səngərdə yatırdılar. İndikilərin isə biri postmodernist, biri klassik olub, biri o birini bəyənmir, o bunu söyür, bu da onu. Mən başa düşmürəm, bu, dəli yığıncağıdır? Şuşa, Ağdam, namus – qeyrət əzabı hamının yadından çıxıb.

Bütün bu söhbətlər yuxarıda dediyim, çayxanalarda oturub dissident söhbəti aparanların yığnağına bənzəyir. Kim deyirsə ki, Azərbaycanda dissident olub, o yalan deyir. Bunu onlara sübut da edərəm. Açıq deyirəm, 35 il yer altında işlədilən, ağzına daş basılan, ailəsi ilə bir gecədə çölə atılan mənəm. Nə onda kitab çap edə bildim, nə də indi. Çünki, həmin vaxtlarda sovet və xalq düşməni sayılırdım. İndi də pulum yoxdur ki, bildiyimi kitaba köçürüm. Halbuki mənim hər publisistik yazımı silkələsəm yüz Ramiz Rövşən düşər. İndidə çalışıram onlara izah edim ki, ay kişilər, torpağımızın yarısı yoxdur, qayalardan atılan kəlbəcər qızlarının hayqırtısı hələ də göydən asılı qalıb, nə qədər qız-gəlinimiz əsir düşüb. “Zerkalo” qəzetində Rövşən Novruzoğlu, Sanasar kəndində neçə yüz azərbaycanlı körpəsinin məhv edilməsi haqqında məlumat verdi. Sonradan mən də təqdidat apardım və dəhşətli faktlar aşkar etdim Məlum oldu ki, bu cinayəti bir erməni həkim qadını törədib. Mən yazdım ki, əgər Azərbaycanda bir erməni körpəsi öldürülsəydi, bizi xəkəndazla dənizə tökərdilər. Bizim isə 300-dən yuxarı körpəmiz düşmən əlində tələf edilib. Bu barədə nə yazan var, nə də intiqama çağıran bir səs. Bizimki isə fəxr edir ki, filan oliqarx şeirlərimə musiqi yazır. Allah vursun sənin şerlərini də, sənin o oliqarxını da. Keçmiş Milli Təhlükəsizlik naziri Namiq Abbasov bir dəfə dedi ki, Azərbaycanın qız-gəlinlərini Livanda satışa çıxarıblar. Əgər ölkəmin qız-gəlinləri cariyə bazarlarında satışa çıxarılırsa, oğlanlar pis yola düşürsə və Avropanın homoseksualları bura gəlirsə, tüpürüm belə olıqarxın bəstələdiyi mahnıya da, onun yaltraq şairinə də.


Əli Rza MUXTAR/Xalqxeber.info
Bu xəbər oxucular tərəfindən 2133 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed