Şrift:
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Cenevrədə görüşlər keçirib
02.02.2019 [10:06] - Gündəm, Mədəniyyət
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev yanvarın 30-dan fevralın 1-dək Cenevrədə işgüzar səfərdə olub.

M. Babayev səfər çərçivəsində Ümumdünya Meteorologiya Təşkilatının baş katibi Petteri Taalas, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqayerova, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus və BMT-nin Ətraf Mühit Proqramının Avropa Regional Ofisinin direktoru vəzifəsini müvəqqəti icra edən Silvi Motard ilə görüşlər keçirib.

Ümumdünya Meteorologiya Təşkilatında keçirilmiş görüşdə baş katib P. Taalasın 2018-ci ilin aprel ayında ölkəmizə səfəri zamanı təşkilatla Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanmış anlaşma memorandumun həyata keçirilməsindən irəli gələn məsələlər, xüsusilə də meteorologiya sahəsində əməkdaşlıq proqramları müzakirə edilib. Ekologiya, eləcə də iqlim dəyişikliyinin insanların səhhətinə mümkün təsiri və ekologiya–səhiyyə kontekstində Azərbaycanla təşkilat arasında gələcək əməkdaşlıq perspektivləri Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru T. Qebreyesus ilə görüşdə əsas müzakirə mövzusu olub.

BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqayerova ilə görüşdə ötən ilin noyabrında onun Bakıya səfəri zamanı Azərbaycan hökuməti və Avropa İqtisadi Komissiyası arasında imzalanmış birgə bəyanatda əksini tapmış ekologiya sahəsinə aid ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, mövcud regional əməkdaşlıq çərçivələri ətrafında fikir mübadiləsi aparılıb. BMT-nin Ətraf Mühit Proqramının Regional Ofisində isə Xəzər dənizinin ekoloji vəziyyətinə aid qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Səfər müddətində ekologiya və təbii sərvətlər naziri həmçinin “BMT-nin kökü kəsilmək təhlükəsi altında olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında konvensiyası” və “BMT-nin Bataqlıqlar üzrə Konvensiyası (Ramsar Konvensiyası)”nın katibliklərində ikitərəfli görüşlər keçirilib.

Bununla yanaşı, nazir İsveçrənin “Holcim” şirkətinin həyata keçirdiyi ekoloji layihələr və Cenevrə yaxınlığında yerləşən məişət tullantılarının emalı müəssisəsinin fəaliyyəti ilə əyanı şəkildə tanış olmaq üçün qeyd edilən müəssisələrə səfər edib.



Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed