Şrift:
Gürcüstandakı ənənəvi dini icmalar dini etiqad azadlığı haqqında qanunun qəbul olunmasını istəyir
02.02.2019 [10:20] - Gündəm, Borçalı
Gürcüstanda dini etiqad azadlığı haqqında qanun layihəsi ilə bağlı müzakirələr davam edir.

Gürcüstan parlamentinin insan haqları və vətəndaş inteqrasiyası komitəsinin iclasında məsələ yenidən ciddi müzakirə mövzusu olub.

İclasda iştirak edən ənənəvi dini icmaların, o cümlədən müsəlman icmasının nümayəndələri ölkədə “Dini etiqad azadlığı haqqında” qanunun qəbulunun vacibliyini vurğulayıblar. Bildirilib ki, qanunun qəbulu ölkədə tolerantlığın möhkəmlənməsində, din–dövlət münasibətlərinin tənzimlənməsində, eləcə də dini icmalara normal yanaşmada mühüm rol oynayacaq.

Bəzi sektaların və qeyri-ənənəvi dini icmaların nümayəndələri qanunun onların fəaliyyətini məhdudlaşdıracağını iddia ediblər. Onların fikrincə bu sahədə ayrıca qanuna ehtiyac yoxdur və bəzi qanunlara dəyişikliklər edilsə məsələ öz həllini tapar.

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri hacı Ramin İgidov çıxış edərək inkişaf etmiş ölkələrdə, o cümlədən qonşu Azərbaycanda, Rumıniya və Avstriyada “Dini etiqad azadlığı haqqında” qanunun mövcud olduğunu bildirib və bu sənədin əhəmiyyətini qeyd edib.

R.İgidov AZƏRTAC-a müsahibəsində deyib: “Bu gün məscidlərin, digər dini ibadət ocaqlarının idarə olunması, vergidən azad edilməsi, dini tədris ocaqlarının yaradılması və s. məsələlərin həllində problemlər yaşanır. Dövlət də qanun olmadığı üçün bu cür problemlərin həllində çətinlik çəkir”.

GMİ sədrinin sözlərinə görə, müsəlman icmasının bəzi təklifləri də var.

İcma hazırlanacaq qanunda dövlət və din məsələlərində bütün hüquqlara aydınlıq gətirilməsini, dini icmaların çətinlik çəkdiyi müəyyən məsələlərin qanunla müdafiəsi (məs. məscid və digər dini ibadət yerlərinin tikintisi zamanı milli arxitektura qaydalarının qorunub saxlanılması), dinlər və məzhəblər arasında sabitliyin yaranması və tolerantlığın möhkəmləndirilməsi, dini inanc və şəxslərin hüquqlarının müdafiəsi, atributlara hörmətin qorunub saxlanılmasının təmin olunması, din adından istifadə edərək, terrorizmə, radikalizmə çağırışların qarşısının alınması kimi məsələlərin əksini tapmasını təklif edib.
Bu xəbər oxucular tərəfindən 103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed