Şrift:
Şərqi Azərbaycanın bu kəndi kitab oxumağı sevməkdə nümunəvi kənddir
07.02.2019 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Marağanın Ələviyan kəndinin əhalisi kitabsevərlikdə məşhurdur. Kənd bu xüsusiyyətinə görə Şərqi Azərbaycanın nümunəvi kəndlərindən birinə çevrilib.

Bu barədə Ələviyan Kitabxanasının müdiri Pərviz Tağıdost mətbuata danışıb.

“Kəndin kitabxanası 2011-ci ildə təsis olunub. Əhalinin kitab oxumağa meyli çoxdur. Artıq bu il Ələviyan kəndi kitabsevərlikdə Şərqi Azərbaycan Əyalətinin nümunəvi kəndlərindən biri kimi seçilib”- deyə o bildirib.

Kitabxana müdiri Ələviyan kəndi barəsində bəzi məlumatlara işarə edib:
“Kəndin 2 min 700 nəfər əhalisi var, onlardan 342-si kitabxanaya üzvdür.
Kitabxana Ələviyan məscidinin nəzdində müstəqil bir binada fəaliyyət göstərir. Həftədə 3 gün xanımlar, 3 gün isə kişilər kitabxanadan istifadə edir.”

Pərviz Tağıdostun sözlərinə görə, hazırda Marağanın 4 kəndində kitabxana fəaliyyət göstərir. Kitabxanalarda toplam olaraq 4 min 500 cild kitab mövcuddur, onlardan 1 min 700-ü Ələviyan kəndinə aiddir. Bu kəndin kitabxanasındakı kitabların təxminən 500 cildi əhali tərəfindən bağışlanıb.

Ələviyan kəndi Şərqi Azərbaycan Əyalətində yerləşən Marağa şəhərinin 5 kilometrliyində yerləşir.

Qeyd edək ki, son vaxtlar Güney Azərbaycanın şəhər və kəndlərində kitab oxumağa maraq artıb. Kitablar əsasən bölgədəki xeyriyyəçi soydaşlarımız tərəfindən təmin olunur.
Bu xəbər oxucular tərəfindən 396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed