Şrift:
İranın kosmosa peyk göndərməsi növbəti dəfə uğursuzluqla nəticələnib
08.02.2019 [09:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatları və digər Qərb ölkələrinin tənqidlərinə baxmayaraq, İran yenə də kosmosa peyk göndərməyə cəhd edib. Amma bu cəhd də uğursuzluğa düçar olub.

Bu barədə məlumatı Qərb media orqanları yayıb. Onlar peyk vasitəsi ilə çəkilmiş şəkillər yayaraq, İranın növbəti dəfə kosmosa peyk göndərmə cəhdinin uğursuzluqla nəticələndiyini bildiriblər. İran KİV-ləri isə bu barədə heç bir məlumat dərc etməyib.

Bu şəkillər Koleradoda yerləşən “Digital Globe” şirkəti tərəfindən yayımlanıb. Şəkillərdə İranın Semnanda yerləşən “İmam Xomeyni Aerokosmik Mərkəzi”ndəki fəaliyyətləri əks olunub.

Qeyd edilmiş Mərkəzdən dünən çəkilən bu şəkillərdə kosmosa raket buraxıldığı görünür. Lakin raketin buraxılmasından sonra raket buraxan qurğu ətrafında yanğın baş verdiyi də müşahidə olunur. Bu isə cəhdin uğursuzluqla nəticələndiyini göstərir.

İran rəsmiləri və ya media qurumları hələ ki, Qərb tərəfindən yayılmış bu xəbərlərə münasibət bildirməyiblər. Lakin yanvar ayının sonunda İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi dəqiq tarix bildirməyərək, ölkəsinin yaxın günlərdə kosmosa “dostluq” adlı peyk göndərəcəyini demişdi.

Xatırladaq ki, İran yanvar ayında “Pəyam” adlı peyki kosmosa buraxmağa cəhd göstərmişdi. Lakin peyk daşıyan raket lazımi sürətə çata bilmədiyindən, bu təlaş uğursuzluğa düçar olmuşdu. İranın bu addımı başda Amerika olmaqla, Qərb dövlətləri tərəfindən kəskin tənqid olunmuşdu.
Bu xəbər oxucular tərəfindən 217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed