Şrift:
BMT 37 ölkədə itkin düşmüş insanların taleyini müzakirə edəcək
09.02.2019 [10:50] - Gündəm, Sosial
Fevralın 11-dən 15-dək Bosniya və Herseqovinada keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) işçi qrupunun 117-ci sessiyasında zorakılıq nəticəsində itkin düşmüş insanlarla bağlı şikayətlərə baxılacaq. Qrupun üzvləri dünyanın 37 ölkəsində itkin düşmüş 760 nəfərin taleyini müzakirə edəcəklər.

BMT-nin saytı xəbər verir ki, təşkilatın zorakılıq yolu ilə, yaxud könüllü olmayan əsasda yoxa çıxmış insanların axtarışı ilə məşğul olan bu işçi qrupu 1980-ci ildə yaradılıb. Onun tərkibinə beş müstəqil ekspert daxildir. İşçi qrupunda itkin düşmüş şəxslərin yaxınları və hüquq müdafiəçilərindən daxil olmuş müraciətlərə baxılır. Bu ərizələrin müəyyən meyarlara uyğun olduğuna dair rəy verildikdən sonra işçi qrup həmin sənədləri itkin düşmüşlərin vətəndaşı olduqları dövlətlərin müvafiq orqanlarına təqdim edir və təhqiqat aparılması barədə sorğu göndərir.

BMT-nin işçi qrupunun məlumatında bildirilir ki, dünyada hər il on minlərlə adam itkin düşür. İşçi qrupunun sessiyasında itkin düşmüş şəxslərin yaxınları, dövlət nümayəndələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri hər bir dosye ilə əlaqədar zəruri informasiyaları toplayacaqlar.

Sarayevoda keçiriləcək görüşdə işçi qrupun üzvləri şəxslərin zorakılıq nəticəsində itkin düşməsi üzrə Bəyannamənin həyata keçirilməsinə olan maneələr haqqında məlumatları da müzakirə edəcəklər. Onlar Bosniya və Herseqovinada hökumət nümayəndələri ilə görüşəcək, hərbi cinayətlərin qurbanlarının xatirəsini anacaqlar.

Dünyanın bütün ölkələrində insanların itkin düşməsi halları mövcuddur. Onların bir çoxu silahlı münaqişələr nəticəsində baş verir.
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed