Şrift:
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start veriləcək
09.02.2019 [10:51] - Gündəm, İdman
Bu gün Azərbaycan Premyer Liqasının XVI turuna start veriləcək.

İki gün davam edəcək turun ilk oyunu “Əlincə Arena” stadionunda baş tutacaq. “Sabah” komandası “Qəbələ”ni qəbul edəcək. Səbuhi Bayramovun idarə edəcəyi oyun saat 16:00-da başlayacaq.

Hazırda 20 xala malik olan hər iki kollektiv mövsümün ikinci yarısına qələbə ilə start verib. Dördüncü və beşinci yerləri bölüşən komandalar yalnız cari mövsümdə üz-üzə gəliblər. İlk dövrədəki matçda Elşad Əhmədovun rəhbərlik etdiyi komanda “Qəbələ”ni məğlub edib - 1:0. Sənan Qurbanovun yetirmələri isə Qəbələdəki oyunda rəqibini 2:1 hesabı ilə üstələyib. Əyalət təmsilçisi Azərbaycan Kubokunun dörddəbir final mərhələsində də “Sabah”ı iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırıb - 1:0, 1:0.

“Sabah”ın yeni transferi Təmkin Xəlilzadə sarı vərəqə limitində olduğu üçün sabiq komandasına qarşı oynaya bilməyəcək. Debütantın digər oyunçusu Məqsəd İsayev də “Zirə” ilə oyunda qırmızı vərəqə aldığı üçün bu matçı buraxacaq.

Günün digər oyunu “Kapital Bank Arena”da keçiriləcək. “Sumqayıt” komandası çempion “Qarabağ”ı sınağa çəkəcək. Otuz bir xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan Ağdam təmsilçisi qələbə qazanaraq “Neftçi” ilə xal fərqinin artmaması üçün çalışacaq. On beş xalla altıncı sırada qərarlaşan Ayxan Abbasovun komandası isə yuxarı pillələrdən uzaqlaşmamaq üçün sərfəli nəticə əldə etməlidir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu görüşdə Qara Qarayev və Mahir Mədətovun xidmətindən yararlana bilməyəcək. Qarayev ötən tur “Neftçi” ilə matçda qırmızı vərəqə alıb, Mədətov isə həmin görüşdə 4-cü sarı vərəqəsini alaraq cəzalı vəziyyətə düşüb.

“Sumqayıt” çempionatda 13 oyundur ki, rəqibini məğlub edə bilmir. Ardıcıl üç qələbə qazanan Ağdam təmsilçisi son 13 matçda meydanı qolsuz tərk etməyib. Komandalar çempionatda indiyədək 26 dəfə qarşılaşıblar. Bu oyunların 19-da “köhlən atlar” qələbə qazanıblar. Dörd oyunda “Sumqayıt” meydanı üç xalla tərk edib, üç görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də “Qarabağ”ın üstünlüyü var - 54:12. Orxan Məmmədovun idarə edəcəyi oyun saat 18:30-da start götürəcək.

Turun digər iki qarşılaşması fevralın 10-da keçiriləcək. Günün ilk oyunu saat 14:00-da “Bakcell Arena” stadionunda başlayacaq. Meydan sahibi “Neftçi” “Keşlə” ilə qarşılaşacaq. Matçı İnqilab Məmmədov idarə edəcək.

Turun sonuncu qarşılaşması isə “Səbail” və “Zirə” komandaları arasında baş tutacaq. Saat 16:30-da başlayacaq qarşılaşmanın idarə olunması Əliyar Ağayevə tapşırılıb. Oyun “Bayıl Arena” stadionunda keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 17 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed