Şrift:
“TELEVİZİYALARIMIZDA “ŞOU” XARAKTERLİ VERİLİŞLƏRİN YERİNİ MİLLİ, VƏTƏNPƏRVƏR LAYİHƏLƏR ALSIN!” – “MÜBARİZLƏR”-İN ALPARSLANI DANIŞDI...
11.02.2019 [09:17] - Gündəm, Mədəniyyət
Ötən günlərdə internetdə yayımlanan və Milli Qəhrəmanımız Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan, bir qrup vətənpərvər gəncin birgə fəaliyyəti nəticəsində ərsəyə gələn, qısa müddətdə uğur qazanaraq xeyli izləyicinin böyük maraq dairəsinə sahib olan “MÜBARİZLƏR” filminin baş qəhrəmanı ALPARSLAN obrazını canlandıran AZƏR CARLEONE ilə həmsöhbət olduq. Müsahibimiz biz film və öz yaradıcılığı haqqında danışdı. İndi sizlərə o səmimi söhbəti təqdim edirik:

BU FİLM BARƏSİNDƏ İLK DƏFƏ EŞİDƏRKƏN NƏ DÜŞÜNDÜNÜZ?

Torpaqlarımızın işğal altında olduğu bir zamanda özəlliklə gənclərimizin milli, vətənpərvər ruhda tərbiyələndirilməsi, xalqımızın vətənpərvərliyə köklənməsi və daim döyüş hazırlığında olması naminə bu filmin vacibliyini anlayaraq filmdə məmnuniyyətlə iştirak etmək istədim. Və sağ olsun film rəhbərliyi ki, mənə bu şansı tanıdı.

ROL TƏKLİFİ SİZƏ NECƏ GƏLDİ?

Keçmiş sənət yoldaşım və dostum Elşən İsmayıl bir müddətdir filmin ssenari üzərində işləyirdi və hələ biz ötən ilin dekabrında birlikdə çəkdiyimiz “TARİX DƏRSİ” bədii filminin çəkiliş prosesi zamanı bu film barəsində danışmışdıq. Və ta o zamandan bu rol barəsində təklif almışdım.

OYNADIĞINIZ OBRAZIN HANSI XÜSUSİYYƏTLƏRİ VAR?

ALPARSLAN uşaqlıqdan dövlət tərəfindən götürülüb və bu tapşırıq ucun hazırlanıb. ALPARSLAN milli fəaliyyətilə və iştirak etdiyi məxfi hərbi əməliyyatlar nəticəsində düşmənlərinin qorxulu yuxusu olmuşdur. Daim vətən uğrunda döyüşə hazır olan, vətəni üçün yağış, qar, soyuq demədən çalışan, çarpışan, millətinin təhlükəsizliyi və rifahı naminə ölümə belə hazır olan cəsur bir döyüşçü, peşəkar kəşfiyyatçıdır.

SİZCƏ, ALPARSLAN CƏMİYYƏTƏ NƏ DEMƏK İSTƏYİR?

Minillər boyu öz ədaləti və ilahi qüdrətiylə dünyaya hakim olan igid Türk millətinin hələ də ölməz, mərd və ləyaqətli olduğunu, Türkün Tanrı eşqinə, Tanrı naminə hər an ölümə, savaşa hazır olduğunu sübut etmək və bu uğurda millətinin uca adını qorumaq istəyir.

FİLMİN MƏNFİ OBRAZLARI HAQQINDA DÜŞÜNCƏLƏRİNİZ?

Filmdə düşmən obrazları öz hiyləgərliyi, murdar xisləti və qorxaqlığıyla seçilir.

FİLMİN NƏTİCƏSİNDƏN RAZISINIZMI?

Əlbəttə ki, razıyam! Bu film bir daha xalqımızın milli layihələrə olan diqqətini, sevgisini və arzusunu sübut etdi. Arzu edirəm ki, digər film həvəskarları və sənətçilərimiz bizdən ilhamlanaraq bu mövzulara diqqətlə yanaşsınlar və tezliklə televiziyalarımızda “Şou” xarakterli verilişlərin yerini belə vacib layihələr alsın!

FİLMİN RƏHBƏRİ HAQQINDA DÜŞÜNCƏLƏRİNİZ?

Elşən İsmayıl vətənpərvər və humanist bir sənət adamıdır. Onun əsas qayəsi sovet dövründən bu yana boş qalan “Milli Filmlər Yaradıcılığı” sahəsini doldurmaq və bu vacib missiyanı layiqincə yerinə yetirməkdir.

GƏLƏCƏK YARADICILIQ PLANLARINIZ?

Vətənpərvər mövzulu filmlərdə iştirak etmək, film yaradıcılığımı və aktyorluq fəaliyyətimi inkişaf etdirib zamanla peşəkar bir sənətkara çevrilmək istəyirəm.


Müsahibəni TURAL TURAN apardı.
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed