Şrift:
Ankarada “Güney Azərbaycan milli məhbuslarına azadlıq” mövzusunda konfrans keçirilib
11.02.2019 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fevralın 9-da Ankarada “Güney Azərbaycan milli məhbuslarına azadlıq” mövzusunda konfrans keçirilib.



Güney azərbaycanlı siyasi məhbusların haqq səsini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə keçirilən tədbir Azərbaycan Kültür Dərnəyinin salonunda baş tutub. Tədbirə Güney və Quzey Azərbaycan, Türkiyə, və Yaponiyadan olan iştirakçılar qoşulub. Tədbirə İraq və Suriya türkmənləri, həmçinin Qaşqay türklərindən də qatılanlar olub.



Konsfransda güney azərbaycanlı siyasi məhbuslar, o cümlədən vəziyyəti nigaranlıq doğuran Abbas Lisaninin durumu müzakirə olunub.



Tədbirdə Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal birinci çıxış kimi, güneyli siyasi məhbuslara dəstək verilməsinin vacib olduğunu vurğulayıb.



Güneyli milli fəal xanım Məhsa Mehdili isə çıxışında bütün fəallar, o cümlədən Abbas Lisaninin cəsarətli mübarizəsinə xüsusi diqqət çəkib. O bildirib ki, Abbas Lisani açıq, şəffaf, cəsarətli və mədəni üsulla mübarizə aparan bir fəaldır, onun fəaliyyəti Azərbaycan Milli Hərəkatı üçün olduqca önəmlidir. Çıxışçı güneyli fəalların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.



Türkiyənin keçmiş nazirlərindən olan Rəməzan Mirzaoğlu isə öz çıxışında İran rejiminin siyasi məhbuslara qarşı yanaşmasını kəskin pisləyib. “İranın siyasi məhbuslar, eləcə də vətəndaşlara qarşı davranışı utancverici və insanlıqdan uzaq bir məsələdir. İran zahirdə bir islam hökumətidir. Lakin bu hökumətin davranışları islami və insani dəyərlərə ziddir”- deyə o sözlərinin bir hissəsində qeyd edib.



Tədbirdə Azərbaycan Respublikasından olan Prof. Nəsib Nəsibli də çıxış edib. O bildirib ki, müşahidələr İrandakı etniklərin savaşa tərəf yönəldiyini göstərir. Bu birbaşa İran rejiminin apardığı təhlükəli siyasətlə bağlıdır, rejim yaranan vəziyyətə görə məsuliyyət daşıyır.

Ötən həftə Təbrizdə keçirilən görüşdə “Traxtur” tərəfdarlarının uyğur türklərinə dəstək verməsini xatırladan Prof. Nəsib Nəsibli bunu güneyli gənclərin böyük enerji və potensiala malik olmasının bir əlaməti kimi qiymətləndirib.



Tədbirin sonunda güneyli milli fəal Kərim Əsğəri konfrans iştirakçılarının hazırladığı bəyanatı oxuyub. Bəyanatda güney azərbaycanlı siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılması tələb olunub.

İştirakçılar tərəfindən yüksək qiymətləndirilən tədbirin sonunda Abbas Lisaninin şəkili ilə birlikdə bir mətn paylanıb. Mətndə Abbas Lisaninin nigaranlığa səbəb olan vəziyyəti və təxminən bir aydır qeyri-müəyyən vəziyyətdə saxlanmasına işarə olunub.
Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed