Şrift:
ATƏT-in sədri Gürcüstanda səfərdədir
12.02.2019 [10:41] - Gündəm, Siyasət
Gürcüstanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Layçak fevralın 11-də Tbilisidə bu ölkənin xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

Gürcüstan Xarici İşlər Nazirliyindən bildiriblər ki, görüşdə bu ölkə ilə ATƏT arasında əlaqələrin inkişafı, regiondakı vəziyyət, münaqişələrin həlli istiqamətində ATƏT-in rolunun artırılması, münaqişə bölgələrindən olan məcburi köçkünlərin hüquqlarının müdafiəsi və digər məsələlər müzakirə olunub.

Görüşdən sonra keçirilən brifinqdə D.Zalkaliani deyib ki, son 10 ildə beynəlxalq ictimaiyyət Gürcüstanın üzləşdiyi münaqişənin sülh yolu ilə həllinə böyük dəstək verib.

“Yalnız beynəlxalq birliyin möhkəm və davamlı dəstəyi nəticəsində inkişafa və uzunmüddətli sabitliyə və sülhə nail ola bilərik”, – deyə diplomat vurğulayıb.

O bildirib ki, rəsmi Tbilisi regiondakı gərgin vəziyyətin normallaşmasında, xüsusən də Gürcüstan-Rusiya münasibətlərinin tənzimlənməsində ATƏT-in daha çox səy göstərəcəyinə ümid edir.

Miroslan Layçaq qeyd edib ki, görüşdə bir sıra məsələlər, o cümlədən Gürcüstana dəstək məsələsi diqqət mərkəzində olub. O deyib: “Təşkilatımız “insanlar, dialoq və sabitlik” prinsiplərini əsas tutur və səylərimizi münaqişələrdən əziyyət çəkən insanların həyat tərzinin yaxşılaşmasına yönəldəcəyik”.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed