Şrift:
Azərbaycan Ombudsmanı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
12.02.2019 [10:42] - Türk dünyası-Turan
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin dünya elminə və mədəniyyətinə töhfələrinə, insan hüquqlarının müdafiəsində böyük xidmətlərinə görə Akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalına layiq görülüb. Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə nümayəndəsi, alim Elçin İsgəndərzadə Akademiyanın diplomunu, medalını və vəsiqəsini Elmira Süleymanovaya təqdim edib.

Elçin İsgəndərzadə ombudsman Elmira Süleymanovanın həyat yolundan, ictimai fəaliyyətindən, elmi yaradıcılığından, İnsan Hüquqları üzrə Müvəkkil kimi gördüyü işlərdən ətraflı bəhs edib. Yüksək işgüzarlığının, insan hüquqları sahəsində elmi və təcrübi fəaliyyətinin ölkəmizdə və xaricdə böyük nüfuz qazanmasının nəticəsi olaraq, 2002-ci ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəddən biri Elmira Süleymanovanın Milli Məclis tərəfindən Azərbaycanın ilk ombudsmanı seçilməsi, daha sonra Prezident İlham Əliyev tərəfindən də ikinci dəfə namizədliyinin irəli sürülərək bir daha seçilməsi diqqətə çatdırılıb. Bu illər ərzində Müvəkkilin insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, Ombudsman təsisatının nailiyyətləri, Müvəkkilin dövlət tərəfindən yüksək təltiflərə, o cümlədən “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülməsi, 2008-ci ildə Polşa Prezidenti tərəfindən “Böyük Qızıl Xaç Ordeni” ilə təltif olunması vurğulanıb.

Elçin İsgəndərzadə, həmçinin təmsil etdiyi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəaliyyəti, elm sahəsində uğurları barədə danışıb.

Elmira Süleymanova təltiflərə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib, bu nüfuzlu elm ocağının üzvü olmaqdan qürur duyduğunu, birgə elmi-tədqiqatların aparılmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına böyük imkanların yaratdığını söyləyib. O, Azərbaycanda Ombudsman təsisatının yaradılmasında və fəaliyyətinin genişləndirilməsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed