Şrift:
Təhlükəsizlik qüvvələri milli fəalların ev və iş yerlərinə hücum çəkib – Ərdəbildə
12.02.2019 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran polisi fevralın 10-da Ərdəbil şəhərində azərbaycanlı milli-mədəni fəallara qarşı əməliyyat keçirib, əməliyyat zamanı bir neçə milli fəalın ev və iş yerinə hücum edilib.

Fəallardan bir neçəsi, o cümlədən Murtaza Pərvin, Mehdi Dustdar və Rəhim Novruzinin evinə, Əli Vasiqi və Məzahir Malinin isə iş yerinə hücum edilərək axtarış aparıldığı barədə xəbər artıq təsdiqlənib.

Məlumata görə, əməliyyat zamanı tanınmış fəal Abbas Lisaninin saxlanmasına etiraz olaraq hazırlanıb Ərdəbil şəhərində yayılan posterlərlə bağlı sənəd axtarılıb.

Abbas Lisaninin qanunsuz saxlanması ilə bağlı divarlara yazılan şüarlar və yapışdırılan posterlər şəhərdə böyük əks-səda doğurub, bu məsələ Ərdəbil Şəhər Təmin Şurasında da müzakirə olunub.

“Mən də Abbas Lisaniyəm” 30 saniyyəlik video kampaniyası internetdə günü-gündən genişlənir, Tehran da daxil olmaqla Güney Azərbaycan şəhərlərində posterlər paylanılır və şüarlar yazılır. Avropa ölkələrində İran səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsi, Azərbaycan Respublikası və Türkiyə partiyalarının məsələyə münasibət bildirməsi, beynəlxalq insan hüquqları qurumlarına müraciət etmək və sosial şəbəkələrdə aparılan kampaniyalar Abbas Lisaniyə verilən dəstək işlərinin tərkib hissəsidir.

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb, o sonra Ərdəbil Zindanının karantin bölümünə intiqal edilib. Hələlik məhkəmə və təhlükəsizlik orqanları fəalın saxlanmasının səbəbi barədə heç bir açıqlama verməyib.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed