Şrift:
Təşkilatımız Den- Haaq şəhərində Xocalı soyqrımına abidə qoyulmasına nail olub
02.08.2012 [11:14] - Diaspor
İlhan Askin: “Bu il təşkilatımızın 20 illiyidir. Ancaq biz maddi imkansızlıqdan bunu qeyd edə bilmirik”

Müsahibimiz Hollandiya Azərbaycan Turk Mədəniyyət Dərnəyinin sədri İlhan Askindir.

-İlhan bəy bu gün diaspora sahəsində aparılan siyasəti necə qiymətləndirirsiniz?

-Diaspora anlayışı bizlər, yani Azərbaycan üçün yeni bir anlayışdır. Bu sahəyə cavabdeh olan Komitənin də yaşı bir o qədər də çox deyil. Diaspora Komitəsi bir şeylər etməyə çalışır. Müxtəlif zamanlarda bir çox layihələr həyata keçirdib. Ancaq istər Avropa, istərsə də dünyanın başqa ölkələrində çoxlu sayda diaspora təşkilatları yaraılıb ki, bəzən bunların arasında seçim etmək Diaspora Komitəsinə belə çətin ola bilər. Ancaq ümid edirəm ki, komitə hər vaxt düzgün seçimini edib, bundan sonra da edəcək.

-Sizcə, Azərbaycan diasporu hansı səviyyədə təşkilatlana bilib?

-Dediyim ki, bizdə diaspora anlayışı yenidir. İndi- indi bir çox təşkilatlar yaranır bu sahədə. Bizim təşkilatın qapısı bütün təşkilatların üzünə açıqdır. Özümüz də aldığımız bütün dəvətləri qəbul edir və dəvət olunduğumuz yerdə iştirak etməyə çalışırıq. İstərdim ki, bu təşkilatlar arasında daha çox birlik olsun. Hərəmiz bir tərəfdən bir-birimizə kömək edək. Onda daha effektli mübarizə aparmaq olar. Məhz özümün rəhbərlik etdiyim təşkilat barədə onu deyə bilərəm ki, biz yüksək səviyyədə təşkilatlanmışıq. Bunu burda keçirtdiyimiz tədbirlər də sübut edir.

- Rəhbərlik etdiyiniz təşkilat Azərbaycan gerçəkliklərinin dünya ictimayyətinə çatdırılması yönündə fəaliyyəti barəsində nə deyə bilərsiniz? Qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlinə bilinibmi?

-Biz əlimizdən gələni edirik. Məsələn, hər il Novruz şənliklərini, digər milli bayramlarımızı yüksək səviyyədə keçirməklə Niderlandda yaşayan insanlarımızı bir araya yığmağa, adət-ənənələrimizi qorumağa çalışırıq. Bu tədbirlər eləcədə burda yaşayan insanlarımızın bir-biri ilə tanış olmasına şərait yaradır. Bu isə təbii ki, diasporamızın möhkəmlənməsinə xidmət edir. Bundan başqa, təşkilatımız Den- Haaq şəhərində Xocalı soyqırımına abidə qoyulmasına nail olub. Hər il 26 fevralda burda yaşayan bütün soydaşlarımız həmən abidənin ətrafına toplanır və bu soyqrıma etirazımızı bütün dünyaya duyurmağa çalışırıq. İstərdik bu bu kimi tədbirlərə yerli əhalini də cəlb edə bilək və bu yöndə də işlərimizi davam etdiririk. Bunlar sadəcə adi bir misallardır. Keçirtdiyimiz tədbirlərin siyahısını uzatmaq da olar: 31 martda Ermənistan səfirliyinin önündə keçirtiyimiz etiraz tədbirləri və.s. Qarşımıza qoyulan öhdəliklər böyükdür. Ona qısa bir vaxtda çatmaq çətin olar. Ancaq biz fəaliyyətimizdə davam edir və bu işdə Diaspora Komitəsinin daha yaxından köməyinə ümid edirik. Çox işlər görülməlidir. Qeyd etdiyim kimi, bu gün biz gücümüz çatan qədər o işləri görməyə çalışırıq. İndi bir “Turan” Gənclik Təşkilatı yaratmışıq. Onlar da bu işlərdə çox fəaldırlar. Bilirsiz ki, sözün bütün mənalarında, hər bir millətlə öz dilində danışmaq lazımdır. Onun üçün təşkilatımızda Niderland dili kursları təşkil etmişik ki, gənclərimiz yerli dili daha mükəmməl öyrənə bilsinlər. Hər kəs çevrəsində olan 10 insana belə Azərbaycanı düzgün tanıda bilsə, bu da bir işdir. Ancaq istər elektron, istər yazılı mətbuatın, istərsə də internetin gücündən istifadə etmək və Azərbaycanı təbliğ etmək lazımdır. Bundan başqa dərnəyimizdə folklor qrupu, futbol komandası yadaılıb. Gənclərə həftədə bir neçə gün idmanla məşğul olmaq üçün şərait yaradılıb. Məqsədimiz gəncliyimizi daha düzgün istiqamətdə yönəltmək və onlara milli hissləri aşılamaqdır. Avropada yaşayan gənclikdə milli hisslərin yaşaması üçün bunlar çox önəmlidir. Bu il təşkilatımızın 20 illiyidir. Ancaq biz maddi imkansızlıqdan bunu qeyd edə bilmirik. Xocalı abidəsinin növbəti ziyarətə tam hazır vəziyyətə gətirməmiz lazımdır ki, maddi imkansızlıq buna da imkan vermir. Halbuki, hər il bu yöndə öncədən işlər görürdük.

-Azərbaycan diasporunun dünyada daha güclü qüvvəyə çevrilməsi üçün hansı işlər görülməlidir?

-Diaspora təşkilatları mümkün qədər bir yerdə fəaliyyət göstərməlidir. Hər birimiz bu işlərdə aktiv olmalıyıq. Dünyada yaşayan insanlarımız öz dövlətlərini hər zaman öz güvən yeri bilməlidir. Yaşadığımız ölkənin qanunlarının yol verdiyi bütün imkanlardan istifadə edərək daha da çox təşkilatlanmalıyıq.

-Azərbaycan diasporu başqa hansı diasporlarla əməkdaşlıq etməlidirlər ki, gücünü artıra bilsin?

-Azərbaycana düşmən olmayan bütün təşkilatlarla işləmək məcburiyyətindəyik. Bu təşkilatlarla işləməyimiz ancaq Azərbaycanın xeyrinə ola bilər. Bilirsiniz ki, ermənilər dünyada güclü təşkilatlana biliblər. Onların qarşısına çıxmağımız üçün bizim də dünyanın başqa xalqlarının diaspora təşkilatları ilə işləməyimiz çox önəmlidir.

-Erməni diasporu sizin fəaliyyətinizə nə kimi təsir göstərir?

-Onlar zamnında bizim qurduğumuz Xocalı abidəsinin qoyulmasının qarşısını almaq istəyirdilər. Ancaq buna nail ola bilmədilər. Özləri burda soyqırım abidəsi qoymaq istəyirdilər ki, biz onun qarşısını aldıq. Bizim təşkilatımız yerli bələdiyyədən müəyyən yardım alırdı ki, ermənilərin fəaliyyəti nəticəsində bələdiyyə artıq o yardımı bizə ayırmır. Azərbaycan tərəfdən də bir yardım almırıq. Odur ki, təşkilatın bağlanmaq təhlükəsi var. Öncə təşkilatımız bütün günü açıq idisə, indi məcburən müəyyən saatlarda təşkilatın qapılarını bağlamaq məcburiyyətindəyik. Bu cür maliyyə imkanzılıqları altında erməni diasporası ilə mübarizə aparmaq o qədər də asan deyil. Hansı ki, ermənilərin təşkilatları çox güclüdür. Ancaq bu o demək deyil ki, biz onların qarşısında təslim olacağıq. Qətiyyən elə deyil. Biz mübarizəmizdə davam edəcəyik, hansı formada olmasından asılı olmayaraq. Bütün gücümüzlə onlara qarşı mübarizə aparmışıq və bundan sonra da belə olacaq. Onlar heç bir cəhətdən bizdən güclü ola bilməzlər. Bir sözlə, biz mübarizəmizə davam edirik və bu işdə bizimlə birlikdə olmaq istəyən hər bir kəsə qapılarımız açıqdır.



Azərbaycan Respublikası Prezidenti yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir
Bu xəbər oxucular tərəfindən 1468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed