Şrift:
Məşhurların dahiliyi - Üzeyir bəy italyanları necə heyrətləndirmişdi...
13.02.2019 [10:59] - Mədəniyyət
“Şövkət Məmmədova ilə Bülbül İtaliyaya oxumağa gedirlərmiş. Getməmişdən qabaq istəyirlər ki, gedib Üzeyir bəylə vidalaşsınlar. Sağollaşan zaman Üzeyir bəy əlindəki bəzi not vərəqələrini Bülbülə verir. Deyir ki, sənə dərs deyəcək professorun əsərləri ilə tanışam. Bunları ona göstərərsən.

Bülbül də İtaliyaya gələn kimi Üzeyir bəyin əmanətini italyan musiqi professoruna çatdırır. Üzeyir bəyin əsərləri ilə tanış olan professor məmuniyyətlə not vərəqələrini alır. Amma səhəri gün onları Bülbülə qaytararaq deyir ki, burada bəzi işarələr var ki, mən onları başa düşmədim. Bəlkə sən bilərsən ki, bunlar nədi?

Bülbül də bir şey anlamır. O zaman qərara gəlirlər ki, Bakıya, Üzeyir bəyə bir məktub yazsınlar və ondan həmin işarələrin açmasını xahiş etsinlər. Məktub Üzeyir bəyə çatanda çox təəssüflənir. Ona görə yox ki, italyan professor oradakı işarələri anlamayıb. Ona görə təəssüflənir ki, tələbəsi Bülbül də onların nə məna verdiyini başa düşməyib.

O səbəbdən də məktubda Bülbülə yazır: "Bülbül, axı, bizim əlifbada heç bir əlifbada olmayan "ə", "ü", "ı", "ö" saitləri var ki, bu işarələr də onların açmasıdır. Sən bunu niyə başa düşməmisən ki? Musiqidəki fərqli səslər də, musiqinin yeniliyi də elə o işarələrdi".

İtalyan professor Üzeyir bəyin cavabını oxuyandan sonra Bülbüldən həmin notlara yazılan mahnını oxumasını xahiş edir. Bülbül oxuyur, italyan isə çox təəccüblənir. Çünki heç yerdə belə boğazlara, o cür musiqi elementlərinə rast gəlməmişdi. İfa bitəndən sonra yenidən xahiş edir ki, həmin musiqini oxusun. Sən demə, Üzeyir bəyin italyan professoruna yolladığı əsərlərdən biri də məşhur "Sənsiz" romansı olub.
Bülbül romansı ikinci dəfə oxuyub bitirəndən sonra professor əlini onun çiyninə qoyaraq pəncərəyə tərəf dəvət edir. Taybatay açıq olan pəncərəyə çatanda Bülbül görür ki, az qala bütün konservatoriya müəllim və tələbələri aşağıda yığışaraq onun ifasını dinləyirmiş...”.

Ağamehdi Mehdiəliyevin səhifəsindən minnətdarlıqla

Rəhman Orxan
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed