Şrift:
MEK-in beynəlxalq və ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətinin hesabatı təqdim olunub
15.02.2019 [11:10] - Gündəm, DAVAMın yazıları
Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova kitabxananın 5 illik strateji hədəflərindən olan beynəlxalq münasibətlərin, ictimaiyyətlə əlaqələrin formalaşdırılması, informasiya təhlükəsizliyi və informasiyanın paylaşılması məsələlərini diqqətə gətirdi. O, 2018-ci ildə MEK fəaliyyətinin beynəlxalq müstəvidə qiymət almasına nümunə olaraq kitabxananın Macarıstan prezidenti tərəfindən “Qızıl xaç” ordeninə layiq görüldüyünü, UNESCO-nun İşçi Qrupu tərəfindən MEK-in müəllifi olduğu elektron kataloqun tarixi abidələrin sistemli şəkildə qeydiyyata alınması üçün etibarlı format kimi təsdiq edildiyini söyləyib. Bildirilib ki, Almaniyanın Berlin Hunboldt Universitetinin fəxri professoru Klaudia Luks tərəfindən MEK fəaliyyətinə ekspert baxışı keçirilib və fəaliyyətin beynəlxalq standartlara uyğun olması, bir sıra fəaliyyətlərə isə dünyanın heç bir kitabxanasında rast gəlinmədiyi təsdiqlənib.

MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü 2018-ci ildə görülmüş işlərin hesabatını təqdim edib. Bildirib ki, kitabxanın 2015-ci ildən etibarən Azərbaycan, rus və ingilis dillərində mek.az saytı fəaliyyət göstərir və buradakı informasiyalar gün ərzində yenilənir. O, həmçinin Azərbaycanda fəaliyyət göstərən 80-ə yaxın media orqanı ilə aktiv əməkdaşlıq etdiklərini, Mətbuat Şurası və bir sıra qurumlarla tərəfdaşlığa dair memorandum imzaladıqlarını qeyd edib. M.Göyüşlü MEK-in beynəlxalq kitab mübadiləsi çərçivəsində 37 ölkənin 105 elmlər akademiyaları, universitetləri, cəmiyyətləri, muzeyləri, ayrı-ayrı şəxslərilə mübadilə apardığını qeyd edib. Mübadilə aparılan ölkələr sırasında ABŞ, Türkiyə, Böyük Britaniya, Yaponiya, Çin, Fransa, Almaniya, Rusiya, Belarus, Ukrayna, Norveç, Qazaxıstan, İran, Misir, Avstriya, İsveçrə, Çex, Rumıniya və digər ölkələr də var. MEK-in "Cümhuriyyət İli"nə bir sıra istiqamətlərdə töhfə verdiyini deyən M.Göyüşlü Azərbaycan Xalq Cümhuriyyəti dövründə çap olunan qəzetlərin Vikipediyada səhifələrinin yaradıldığını vurğulayıb.

Sonra Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli və Şuranın İdarə Heyətinin üzvü Azər Həsrət, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva MEK fəaliyyətinin şəffaflıq, hesabatlılıq, açıqlıq prinsipləri əsasında qurulmasını xüsusi vurğulayaraq, 2018-ci il ərzində akademiya institutlarının saytlarına edilən müraciətlər və yerləşdirilən xəbərlərlə bağlı statistikanı diqqətə gətirmiş, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətinə toxunmuş, onu yüksək dəyərləndirmiş, kitabxananın informasiyanın mühafizə olunması və ötürülməsi, media arxivinin qorunması sahəsində çalışmalarının təqdirəlayiq olduğunu vurğulamışlar.

Tədbirdə həmçinin MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova və şöbənin əməkdaşı Aytən Rəhimova Beynəlxalq kitab bağışlama günü münasibətilə təqdimatla çıxış edib, bu günün mahiyyəti, MEK tərəfindən həyata keçirilən “Açıq kitabxana” layihəsi, kitab aksiyası, tədbirlər haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıblar.

Sonda dəvətli qonaqlar tərəfindən MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin fəal əməkdaşları İlahə Feyziyeva, Şəlalə Məhyəddinqızı, Röya İsrafilova və başqalarına işlərində təşəbbüs və yüksək göstəricilərə görə dəyərli kitablar hədiyyə edilib.

AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed