Şrift:
Ərdəbildə divarlara Abbas Lisaniniun azadlığını tələb edən posterlər yapışdırılıb
15.02.2019 [11:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan şəhərlərində tanınmış azərbaycanlı fəal Abbas Lisaninin qanunsuz saxlanmasına qarşı etirazlar davam edir.

Məlumata görə, Ərdəbildə neçənci dəfə olaraq divarlara tanınmış fəalın qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edən posterlər yapışdırılıb.

Posterlər fevralın 13-dən 14-nə keçən gecə Ərdəbil küçələrində görünməyə başlayıb.

Abbas Lisaninin qanunsuz saxlanmasına edilən etirazlar bütün təzyiqlərə baxmayaraq davam etdirilir. İran polisi fevralın 10-da Ərdəbil şəhərində azərbaycanlı milli-mədəni fəallara qarşı əməliyyat keçirib, əməliyyat zamanı bir neçə milli fəalın ev və iş yerinə hücum edilib.

Əməliyyat zamanı Abbas Lisaninin saxlanmasına etiraz olaraq hazırlanıb Ərdəbil şəhərində yayılan posterlərlə bağlı sənəd axtarılıb.

Ötən günlərdə təhlükəsizlik orqanlarının əməkdaşları bildirilib ki, fəalın saxlanması ilə bağlı Ərdəbildə divarlara yazılan şüarlar və yapışdırılan posterlər şəhərdə böyük əks-səda doğurub, bu məsələ Ərdəbil Şəhər Təmin Şurasında da müzakirə olunub.

“Mən də Abbas Lisaniyəm” 30 saniyyəlik video kampaniyası internetdə günü-gündən genişlənir, Tehran da daxil olmaqla Güney Azərbaycan şəhərlərində posterlər paylanılır və şüarlar yazılır. Avropa ölkələrində İran səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsi, Azərbaycan Respublikasının partiyaları və Türkiyə vətəndaşlarının məsələyə münasibət bildirməsi, beynəlxalq insan hüquqları qurumlarına müraciət etmək və sosial şəbəkələrdə aparılan kampaniyalar Abbas Lisaniyə verilən dəstək işlərinin tərkib hissəsidir.

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb, o sonra Ərdəbil Zindanının karantin bölümünə intiqal edilib. Hələlik məhkəmə və təhlükəsizlik orqanları fəalın saxlanmasının səbəbi barədə heç bir açıqlama verməyib.

N.S
Bu xəbər oxucular tərəfindən 78 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed