Şrift:
Seymur Həsənli: "Nə qədər rəsmi danışıqların vaxtı uzanacaqsa, Qarabağ probleminin həlli də bir o qədər uzanmış olacaq."
02.08.2012 [20:12] - Gündəm, Gənclik
"Azərbaycanın öz torpaqlarını qaytarmaq məsələsinə gələndə dünyanın «sülh damarı» işə düşür."

Bir neçə gün öncə Parisə rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Fransa xarici işlər naziri Loran Fabiuslə görüşüb. XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, görüş zamanı Azərbaycan və Fransa arasındakı əlaqələrin hazırkı durumu və inkişaf perspektivləri, eləcə də beynəlxalq və regional məsələlər müzakirə olunub.
Görüş zamanı Ermənistan — Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesi ətrafında müzakirələr də aparılıb. E.Məmmədyarov Fransanın münaqişənin həlli istiqamətində səylərini gücləndirəcəyinə ümidvar olduğunu bildirib. Daha sonra nazirlər BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlərlə ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Fransada keçirdiyi görüşün nəticələri haqqında nə demək olar? Bu görüş Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı müsbət təsir göstərəcəkmi?


Bu sualla Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənliyə müraciət etdik.

Onun fikrincə nə qədər rəsmi danışıqların vaxtı uzanacaqsa, Qarabağ probleminin həlli də bir o qədər uzanmış olacaq: «Neçə illərdir məhz bu danışıqlar səbəbindən proses dondurulmuş vəziyyətdə qalıb. Amma bu illər ərzində Azərbaycan neçə min şəhid verib. Məsələnin müsbət tərəfi odur ki, bu müddət ərzində istər rəsmi, istər ictimai səviyyədə bizim bu davada haqlı olduğumuz daha geniş dünya auditoriyasına çatdırılıb. Amma fakt faktlığında qalır ki, torpaqlarımız hələ də işğal altındadır və ermənilər birbaşa deyirlər ki, Qarabağ Azərbaycana verilməyəcək. Ona görə də, Fransada və ya hər hansı bir ölkədə aparılan danışıqlar heç bir nəticə verməyəcək. Sadəcə türkə qarşı ikili standard anlayışı iki düşmən ölkəni belə birləşdirə bilir. İstədikləri ölkəni işğal edirlər — canlı qüvvə yeridirlər, hava hücumuna məruz qoyurlar, müəyyən qrupları silahlandırıb ölkədaxili qüvvələri bir-birinə qarşı qoyurlar. Amma Azərbaycanın öz torpaqlarını qaytarmaq məsələsinə gələndə dünyanın «sülh damarı» işə düşür. Ərəb ölkələri ilə bağlı qəbul olunan BMT qətnaməsi dərhal icra olunur, amma Qarabağla bağlı dörd qətnamə hələki havada qalıb və bunu tələb edən də yoxdur. Bütün bunlar onu göstərir ki, biz millət və dövlət olaraq daha da güclənib müharibəni ən qısa zamanda reallaşdırmalıyıq. Müxtəlif tədbirlərdə çıxışımda da qeyd etmişəm ki, başlanacaq əməliyyatı adını heç müharibə də adlandırmaq lazım deyil. Hər bir dövlətin öz ərazisində terrora qarşı mübarizə aparmaq hüququ vardır. Azərbaycanın ərazi bütövlüyü əksər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Bununla bərabər Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ın ən yaxın tərəfdaşıdır. Elə bu tərəfdaşlıq məqamını əsas götürüb öz torpaqlarımızı terrorçulardan təmizləməliyik. Necə ola bilər ki, okeanın o tayından bu tayına gəlib terrora qarşı mübarizə aparmaq olar, amma öz ərazində bu haqqın bərpasına başlayanda terrorçu ilə danışıq masasınada məsələni həll etmək istənilə? ATƏT kimi qurumlar Qarabağ probleminin mövcudluğunun davamlı olması üçün yaradılmış təşkilatlardır».

Oktay Hacımusalı/"Xalq Cəbhəsi" qəzeti
Bu xəbər oxucular tərəfindən 1152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed